“Gəncə işi”ndə təqsirləndirilən 4 nəfər azadlığa buraxılıb

“Gəncə işi”ndə təqsirləndirilən 4 nəfər azadlığa buraxılıb

30-09-2019 17:51 / Bu xəbər 959 dəfə oxundu

Sentyabrın 30-da Sabunçu rayon Məhkəməsinin binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Gəncə işi üzrə təqsirləndirilən 8 nəfərə hökm oxuyub.

Təqsirləndirilənlərdən Bəkrəm Əliyev 15, Həbib Qurbanov 8 il azadlıqdan məhrum edilib. 

Əlavə olaraq Mirzə Hüseynov və Asif Cavadov 5 il müddətinə azadlıqdan məhrum olunub.

Digər 4 nəfər Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Yusifov və Emil Məmmədov azadlığa buraxılıb.

29 sentyabrda "Gəncə işi” üzrə təqsirləndirilən şəxslərdən Eşqin Quliyev Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində vəfat edib. 

2018-ci ildə həbs edilən Eşqin Quliyevi Gəncə Ağır Cinayətlər Məhkəməsi bu il sentyabrın 19-da 20 il müddətinə azadlıqdan məhrum edib.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqovun məlumatına görə, Quliyev Eşqin Zahid oğlu Penitensiar Xidmətin Müalicə Müəssisəsində İİV infeksiyası (4-cü mərhələ), viruslu Hepatit C, anemiya, baş-beyin ödəmi, dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqnozları ilə vəfat edib.

Bu, "Gəncə işi” üzrə həbsxanada baş verən ikinci ölüm hadisəsidir. Daha əvvəl, iyulun 11-də Aydın Qurbanov məhkəmə prosesi davam edən zaman həbsxanada vəfat edib.

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Elmar Vəliyevə sui-qəsd olub.

Bundan sonra Gəncənin mərkəzində etiraz aksiyasına cəhd edilib.

Bu gün məhkəməsi keçirilənlər həmin aksiyada iştirakda suçlanırlar. Həmin aksiyalarda iki polis əməkdaşının öldürüldüyü bildirilirdi.

Gəncə hadisələrindən sonra həbs olunan bu şəxslər kütləvi iğtişaşların təşkilində və ya iştişaşlarda iştirakda, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunurlar.

Təqsirləndirilənlər onlara qarşı irəli sürülən ittihamı qəbul etmirlər, azad olunmalarını tələb edirdilər.

toplum.tv