“Gəncə məhbusları”nın valideynləri aksiya keçirdilər

“Gəncə məhbusları”nın valideynləri aksiya keçirdilər

15-01-2020 21:33 / Bu xəbər 1159 dəfə oxundu

Yolu bağlayan valideynlər "Saxta məhkəmələrə son!” şüarı səsləndiriblər

Gəncə hadisələrinə görə həbs olunanların yaxınları yanvarın 15-də Bakının müxtəlif ərazilərində etiraz aksiyası keçiriblər. Onlar öncə Prezident Administrasiyasına gediblər. Lakin şikayətçiləri qəbul edən olmayıb. Əksinə, polislər vasitəsilə ərazidən uzaqlaşdırılıblar.

Daha sonra Ali Məhkəmənin qarşısına toplaşaraq, sədr Ramiz Rzayevin onları qəbul etməsini istəyiblər.

Ali Məhkəmənin sədri ilə görüşə bilməyən valideynlər əllərində həbsdə olan övladlarının fotosu ilə aksiya keçiriblər. Onlar Ali Məhkəmənin qarşısındakı yolu bağlayaraq, "Gəncə məhbuslarına azadlıq!", "Saxta məhkəmələrə son!” kimi şüarlar səsləndiriblər.

Əraziyə qısa müddətdə polislər gələrək, yolu açıblar.

Gəncə məhbuslarının yaxınları yanvarın 15-də Ədliyyə Nazirliyinin qarşısına da gediblər.

"Uşaqlarımız özü də bilmir ki, ilyarımdır niyə cəza çəkirlər. Övladımın bircə cinayətini sübut eləsin, mən də bilim ki, günahkardır, cəzasını çəkir. Yoxdur heç bir sübut. Günahsız adamları tutub basıblar içəri, səsimizi eşidən də yoxdur. Biz də bu dövlətin vətəndaşlarıyıq. Bəlkə də məmurların balaları heç bizim balalarımız qədər Vətənini sevmir. Bir nəfərin - Elmar Vəliyevin üzündən bu qədər balalarımız türmələrdədir, əziyyət çəkirlər. Analar da çəkir bu əziyyətləri. Torpaqlarımızdan, vətənimizdən küsdürürlər bizi...", - məhbus analarından biri Ədliyyə Nazirliyinin qarşısında belə deyib.

Nazirliyin nümayəndəsi valideynlərin qarşısına çıxaraq, bildirib ki, bir neçə nəfəri qəbul edib, dinləməyə hazırdılar. Amma etirazçılar cəmi 3-4 adamın qəbul edilməsinə razılaşmayıblar. Bildiriblər ki, cəmi 20 nəfərdilər, hamısı qəbulda sözünü demək, dərdini danışmaq istəyir.

"Özünüz də deyirsiniz ki, övladlarınızın işi məhkəmədədir. Bəzilərində apelyasiya məhkəməsində, bəzilərində Ali Məhkəmədə. Bura məhkəmə deyil. Biz qərar vermirik. Biz də sizin şikayətlərinizi göndəririk məhkəməyə ki, onlar baxıb araşdırsınlar, nəzərə alsınlar”, - deyə Ədliyyə Nazirliyinin nümayəndəsi valideynlərə bildirib.

"Saxtadır hakimlər də, məhkəmələr də...", - valideynlərdən biri belə cavab verib.

Etirazçılar bildiriblər ki, məhkəmələrdə işin obyektiv araşdırılması üçün müdafiə tərəfinin qaldırdığı onlarla vəsatətin heç biri təmin olunmayıb: "Məhkəmə sistemini bu dərəcədə rəzil görmək istəməzdim. Nə sifariş verilirsə, onu da eləyirlər. Heç bir sübut-dəlil olmadan uşaqlarımıza o qədər ağır cəzalar veriblər”.

Gəncə məhbuslarından birinin atası deyib ki, məmurlar bu cür davranışlarıyla insanları prezidentdən incik salırlar: "Çoxumuz YAP-ın üzvüyük. Bu günə qədər adamları müxalifətə qoşulmaqdan çəkindirmişəm. Bundan sonra məcburuq ki, müxalifətə qoşulaq, haqqımızı tələb edək. Məmurlar bu cür hərəkətlərilə adamları prezidentə qarşı qaldırır. Biz kasıblıqla dolanan insanlarıq. Çoxu işləmir. Qohum-əqrəbadan borc tapıb, türmələrə yemək daşıyırıq...”

Gəncə hadisələrinə görə həbs edilənlərin valideynləri bundan öncə də müxtəlif dövlət orqanlarının qarşısında etiraz aksiyaları keçiriblər. Onlar övladlarının günahsız olduğunu, işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Daxili İşlər Nazirliyi işgəncə iddialarını təkzib edib.

2018-ci il iyulun 3-də Gəncədə sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazov güllələnib. Sui-qəsdi törətməkdə şübhəli bilinən Yunis Səfərov həbs olunub. Bir neçə gün sonra Y.Səfərovun üzərində zorakılıq əlamətləri olan fotoları yayılıb, onun polis idarəsində işgəncəyə məruz qalması barədə iddialar səslənib. Ardınca iyulun 10-da Gəncədə etiraz aksiyası keçirilib. Aksiyada iki polis polkovniki qətlə yetirilib.

Bundan sonra 80-ə yaxın adam həbs edilib. Daha bir neçə nəfər isə tutularkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib. Öldürülənlər arasında polis polkovniklərini xəncərlə qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyev də var.

Həbs olunanların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Onlara 6 ildən 20 ilə qədər həbs cəzası verilib. Sonradan apelyasiya məhkəməsi hökmləri dəyişib, cəzaları azaldıb. Həbs olunanlardan təxminən on nəfər artıq azadlığa buraxılıb.

Yunis Səfərov və onunla eyni qrupda olan daha 11 nəfərin məhkəməsi isə yeni başlayıb. Bu qrupdakı 12 nəfərdən ikisi artıq həyatda yoxdur. Anar Bağırov və Ağa Sərxani də tutularkən öldürülənlərdəndir. Amma onların adı təqsirləndirilən şəxs qismində cinayət işinin materiallarına əlavə olunub.///Meydan.tv