Gəncədə tibb işçiləri etiraz aksiyası keçiriblər - FOTO

Gəncədə tibb işçiləri etiraz aksiyası keçiriblər - FOTO

18-01-2017 19:13 / Bu xəbər 2228 dəfə oxundu

Aksiyaçılar dəmiryolunu bağlayıblar
 
Gəncə Dəmir Yol Xəstəxanasının işçiləri etiraz aksiyası keçiriblər. Bu barədə gozetci.az portalına Gəncə sakinləri məlumat veriblər.

Məlumata görə, yanvarın 8-də saat 16:00-da adıçəkilən xəstəxananın işçiləri Gəncə Dəmir Yolu Vağzalına gələrək dəmiryolunu bağlayıblar. Aksiyaçılar dəmiryolunu 40 dəqiqə bağlı saxlayıblar. Sonra Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları ora gələrək etirazçıları oradan kənarlaşdırıblar.

Aksiyaçıların dediyinə görə, aksiyaya səbəb xəstəxananın bağlanması ilə bağlı xəbərlərin yayılmasıdır. Belə ki, bir müddət öncə xəstəxananın baş həkimi Vidadi Seyidov şöbə müdirlərinin toplantısında "01 yanvar 2017 -ci il tarixdən işdən azadsınız. Gedin özünüzə iş axtarın " deyib.  Bundan sonra işsiz qalmaq təhlükəsi ilə üzləşən təxminən 450-500 tibb işçisi narazılıq etməyə başlayıb və etiraz əlaməti olaraq aksiya keçiriblər.

Etirazçılar bildirirlər ki, Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov qeyd olunan xəstəxananı özəlləşdirir.

Həmin xəstəxanada tibb bacısı işləyən Qazıyeva Xəyalə deyib ki, onlar nə baş verdiyini dəqiq bilmirlər: "Bir gün dedilər ki, xəstəxanaya yanvar ayından büdcədən vəsait ayrılmayıb, xəstəxana öz hesabına işləyəcək. Səhəri gün dedilər ki, 300 nəfər ixtisar olmalıdır. O biri gün isə dedilər ki, gəlin ərizə yazın, öz xahişinizlə işdən çıxın. Bu nə işdi bizim başımıza açırlar. Bir nəfər bizə dəqiq demir ki, burda çalışan 450-dən artıq işçinin taleyi nə olacaq”. (Gozetci.az)