Gəncənin deputatı kimdir: Naqif Həmzəyev, yoxsa Elmir Vəliyev?

Gəncənin deputatı kimdir: Naqif Həmzəyev, yoxsa Elmir Vəliyev?

25-10-2016 13:00 / Bu xəbər 1398 dəfə oxundu

Azərbaycanda bəzi məmurlar var ki, sadəcə görüntü xatirinə vəzifədə əyləşib, daha doğrusu əyləşdiriliblər. Əvəzində isə onların işlərini digərləri yönəldirlər. Bundan əlavə olaraq həmin şəxslərə etimad da sıfıra bərabərdir. Onlara müraciət edən, sözlərinin kəsərinə inanan insanlar azdır.
 
Milli Məclisdə də bu cür sözünün kəsəri olmayan, daha doğrusu millətinin vəkili olub məmurlardan haqqı tələb edə bilməyən xeyli millət vəkili var.
 
Qlobal.az-a verilən məlumata görə, seçicilərinin haqqını yerli məmurlardan tələb edə bilməyən deputatlardan biri də Gəncə şəhərindən deputat seçilmiş Naqif Həmzəyevdir.
 
Məlumata görə, artıq xeyli müddətdir ki, qarşılaşdıqları problemlərlə bağlı Bakı şəhərinə - Milli Məclisə üz tutan gəncəlilər Naqif Həmzəyevin yox, Gəncə ŞİH-nin başçısı Elmar Vəliyevin Milli Məclis aparatında işləyən oğlu Elmir Vəliyevin qəbuluna düşməyə daha çox üstünlük verirlər. 

Mənbənin saytımıza verdiyi məlumata görə, Milli Məclisə şikayətə gələn gəncəlilərin Naqif Həmzəyevi "taym-aut"da saxlamalarına səbəb deputatın indiyədək heç bir şikayətçinin qayğısını, problemini həll edə bilməməsidir. Daha doğrusu o problemləri həll etmək iqtidarında olmamasıdır.
 
Deyilənə görə, ilk günlər Milli Məclis rəhbərliyi yaranmış vəziyyətdən narazı olsa da, sonradan məsələyə "gözyummalı" olub. Səbəb isə Gəncədən paytaxta- Milli Məclisə qədər gəlmiş insanların sosial narazılıqlarının böyüməməsi olub. Daha sonra mənbə bildirir ki, əslində Milli Məclisdə yaranmış bu vəziyyətdən hər bir tərəf razıdır; Şikayətçilər dinlənildiklərinə, problemlərinin həllinə problemi həll edə biləcək səlahiyyətli şəxsə "bir köynək" daha yaxın olan şəxsin söz verdiyinə görə razı qalırlar; Naqif Həmzəyev gününü xoş keçirtdiyinə görə razı qalır: Elmir Vəliyev daha əhəmiyyətli şəxs olduğunu insanların dərk etdiyinə görə razı qalır; rəhbərlik isə hamının mövcud situasiyadan razı qaldığı üçün razı qalır.
 
Qeyd edək ki, Naqif Həmzəyev ötən il ADR-in qurucusu Məhəmməd Əmin Rəsulzadənin təhqir etməklə gündəmə gəlmişdi. 

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

qlobal.az