General Yadigar Sadıqlıya dəstək verdi

General Yadigar Sadıqlıya dəstək verdi

28-01-2020 16:57 / Bu xəbər 1665 dəfə oxundu

Fevralın 9-da keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmüş, lakin qeydə alınmamış general Qabil Məmmədov 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən namizəd, tanınmış müsavatçı Yadigar Sadıqlıya dəstək verib. 

Bu barədə deputatlığa namizəd özü açıqlama verib.  

Qabil Məmmədov Lənkəran sakinlərinə müraciət edərək, onlardan Sadıqlıya dəstək vermələrini istəyib. 

Müraciətdə deyilir: "Bildiyiniz kimi, göstərdiyim səylərə baxmayaraq, 5-ci kolonlara işləyən bir qrup şəbəkələşmiş ANTİ MİLLİ ÜNSÜR və XAİNLƏRİMİZ, planlı və məqsədyönlü şəkildə mənim seçkilərdəki iştirakımın qarşısını almağa nail ola bildilər. Açıqca Sizlərə bəyan etmək istəyirəm ki, onların istəkləri, son 3 çağrışın deputatı olmuş və Lənkəran üçün əlini ağdan qaraya vurmamış Rüfət Quliyevi növbəti dəfə "qutudan çıxarmaqla” təkrarən bizlərə deputat təyin etsinlər”.

General Qabil Məmmədov bəyan edib ki, lənkəranlılar buna yol verməməlidir: "Taleyimizi başqalarının ixtiyarına buraxmamalıyıq. Keçmişimizin, bu günümüzün, gələcəyimizin, tariximizin və XAN LƏNKƏRANımızın naminə - bu tip "təyinatlara” YOX deməliyik. Bir lənkəranlı olaraq öz vicdan və şərəfimizi, bəzi yaramazların bizlərə səs əvəzi olaraq təklif etdikləri "20 manatlara” satmamalıyıq. Seçki günü, qoymamalıyıq ki, öz vicdanlarını pula satmış bu binamus ÜNSÜRLƏR, Təhsil və Səhiyyə sahəsində çalışan qardaş və bacılarımızın şərəf və ləyaqətindən bir "material” kimi bu çikrin oyunlarda öz maraqları üçün istifadə etsinlər. Bu tip alçaq işlərə dəvət alacaq hər bir LƏNKƏRANLI, bu çirkin addımı atmadan öncə öz gözləri qarşısında – Əcdadlarını, təminatsız körpələrini, xəstə valideynlərini, bir tikə çörək parçası axtarışı naminə evindən-diyarından didərgin düşmüş yaxınlarını, tapdaq altında olan Qarabağı, əsirlikdə olan ana-bacılarımızı, bizlər üçün özlərini fəda etmiş şəhidlərimizi və baxımsızlıqdan fəryad edən LƏNKƏRANımızı canlandırsın, öz vicdanının səsini dinləsin”.

O daha sonra bildirib: "Bu yaranmış vəziyyətdə, mənə inananlara, məni özlərinə dost bilənlərə, mənim üçün səs verməyə hazır olmuşlara müraciət edərək, Lənkəranın - layıqli, vicdanı təmiz övladı olan YADİGAR SADIQLİ ətrafında birləşməyə, ona səs verməyə çağırıram. Seçki günü evlərdə oturmayın. Həmrəylik nümayiş etdirməklə 1 nəfər kimi məntəqələrdə səs verin. Seçkiyə getməməklə Kərim Heydərovlara imkan verməyin ki, səslərinizi oğurlasınlar, qutulara hazır büllütenlər atsınlar.

Dəyərli Dostlar, Lənkəranı sevənlər, özünün və övladlarının gələcəyinə laqeyid olmayan BACI və QARDAŞLAR! LƏNKƏRAN hər birinizin səsinə ehtiyac duyur. Gəlin 1 nəfər kimi, Xalqımızın mərd oğlu YADİGAR SADIQLInın ətrafında birləşərək ona SƏS verək!

Allah vətənimiz Azərbaycanı qorusun!”

Bu əsnada qeyd edək ki, Yadigar Sadıqlının general Qabil Məmmədov tərəfindən dəstəklənməsi seçkilərdəki rəqiblərini, xüsusən də deputat Rüfət Quliyevi narahat etməyə başlayıb. 

Sadıqlı bununla bağlı bildirib ki, deputatın trolları onun profilinə və səhifəsinə hücum çəkiblər: "Maraqlı şeylər yazmışdılar. Birisi məni "Qarabağ əlilni döyən cani, qatil (!)" adlandırırdı. Hələ heç bir şərhi silməmişdim, görürəm biri qabaqdangəlmişlik edərək yazır ki, "şərhlərimizi niyə silirsiniz, ay qorxaqlar”. 15 il deputat olasan və belə aciz fəndlərə möhtac qalasan”.