Gömrük Cəmil Həsənlinin kitablarını saxlayıb

Gömrük Cəmil Həsənlinin kitablarını saxlayıb

07-06-2018 17:32 / Bu xəbər 1158 dəfə oxundu

İyunun 7-də Bakı aeroportunda gömrükçülər Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənlinin ABŞ-ın Harvard Universiteti tərəfindən ingilis dilində dərc edilmiş "Stalin və soyuq müharibənin Türkiyə böhranı" kitabının 4 nüsxəsini saxlayıb. 

Bu barədə Turan-a Həsənli özü bildirib.

Monoqrafiyada 1945-1953-cü illərin siyasi prosesləri araşdırılıb, kitab dəfələrlə müxtəlif dillərdə dərc edilib və kitabların gömrükdə saxlanmasının səbəbi aydın deyil.

Həsənli qeyd edib ki, kitab ilk dəfə 2011-ci ildə dərc edilib. Oxucuların tələbi yüksək olduğuna görə 2013-cü ildə kitab yenidən dərc edilib. Bundan başqa, kitab rus dilində Moskvada və Ankarada da dərc edilib.

Kitabın nüsxələri, o cümlədən ingilis dilində nüsxələr artıq Azərbaycana göndərilib və ölkənin əsas kitabxanalarının fondlarında var.

Hazırki 4 nüsxəni naşir müəllifə sürətli poçtla göndərib. Normal vəziyyətdə kitablar onun evinə çatdırılmalı idi. Amma onları Bakı aeroportunun karqo terminalında "həbs ediblər".

Alim aeroporta gəldikdə və izahat istədikdə ona bildiriblər ki, kitabın məzmunu "tədqiq ediləək", ondan sonra onları buraxıb-buraxmayacaqlarına qərar verəcəklər.

Müəllif gömrükdə ingilis dilində 500 səhifəlik kitabı tədqiq edib rəy verə biləcək mütəxəssis tapılacağına şübhə etdiyini bildirib.

"Hesab edirəm ki, baş verənlər Azərbaycanda avtoritar, totalitar sistem qurulmasının daha bir əlamətidir. Onlar elmdən, ədəbiyyatdan, real tarixdən qorxurlar. Onlar Qərbdən daxil olan kitablara şübhə ilə yanaşırlar", deyə Həsənli bildirib.

Dövlət Gömrük Komitəsindən şərh almaq mümkün olmayıb.