Gömrük generalı bu gölü necə ələ keçirdi? - FOTO/VİDEO

Gömrük generalı bu gölü necə ələ keçirdi? - FOTO/VİDEO

24-02-2016 15:11 / Bu xəbər 2623 dəfə oxundu

DGK-nın Aksiz Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilovun Göyçayda hektarlarla əraziyə sahiblənib.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bir müddət əvvəl bəzi kadr islahatlarına gedərək, bəzi məsul şəxsləri ya işdən çıxarıb, ya da onların yerlərini dəyişib. Balakən Gömrük Keçid Məntəqənin rəisinin dəyişdirilməsi, habelə Sumqayıt Gömrük İdarəsinin rəisini başqa bir posta keçirməsi bunun əyani misallarından biri sayılır.

Sumqayıt Gömrük İdarəsinin keçmiş rəisi, general-mayor Ehtiram Xəlilov bir müddət əvvəl vəzifəsindən alınaraq, başqa bir işə keçirilib. İlk olaraq belə bir təəssürat yaranmışdı ki, Xəlilovun işdən çıxarılması DGK daxilindəki qruplaşmalar arasında gedən mübarizənin nəticəsidir. Lakin sonradan onun Aksiz Gömrük İdarəsinin rəisi təyin edilməsi bu söhbətlərə son qoydu.

Amma Ehtiram Xəlilovun nəinki zəif biri olduğu, ümumiyyətlə, onun gömrük sistemində çox varlı bir şəxs kimi tanındığını bilməyən yoxdur. JAM.AZ-a verilən məlumata görə, əslən Göyçay rayonundan olan generalın böyük maddi imkanları, bahalı mülkləri mövcuddur.

Həmin məlumatlarda iddia edilir ki, idarə rəisi hələ Sumqayıtda işləyərkən Göyçayın Çərəkə kəndində bir neçə hektar ərazini alaraq, orada özünə böyük obyekt tikib. Bəzi məlumatlara görə, həmin torpaq sahəsi kənd sakinlərindən birinə məxsus olub. İlk olaraq tərəflər qiymət məsələsində anlaşa bilməyiblər. Çünki Ehtiram Xəlilovun təklif etdiyi 100 min manatlıq bir məbləği torpaq sahibi qəbul etməyib. Sonradan isə qiymət yenidən qaldırılıb, amma yenə razılaşma əldə olunmayıb. Bundan sonra isə generalın rütbəsi və vəzifəsindən sui-istifadə edərək, zorla həmin torpaq sahəsini ələ keçirdiyi deyilir.

Qaynar.info-nun dəqiqləşdirmələrindən sonra məlum olub ki, söhbət "Çərəkə Turizm Mərkəzi"ndən gedir. Çərəkə kəndi ərazisində 1975-ci ildən  fəaliyyətə başlayan  "Çərəkə gölü” istirahət zonası təbii gölün ətrafında  yerləşir və hektarlarla ərazini əhatə edir. Doğrudan da bu istirahət mərkəzi əvvəllər başqa bir sahibkara məxsus olub, amma sonra obyektin sahibi müəmmalı şəkildə həbs olunur və gömrük generalı Çərəkə gölünü və istirahət mərkəzini ələ keçirir. Hazırda da obyektə faktiki rəhbərlik edən Ehtirah Xəlilovun qudasıdır.

Ehtiram Xəlilov Çərəkə kəndindəki həmin ərazidə sonra bir xeyli tikinti işləri də aparıb. Özünə bahalı istirahət mərkəzi düzəldən gömrük generalının bu qədər maddi imkana sahib olması isə müəmma olaraq qalır. Çünki aylıq əmək haqqı ilə bu qədər geniş imkana sahib olmaq mümkün deyil.

Qaynar.info-nun generalla bağlı əldə etdiyi digər məlumatlar da maraq doğurur. Məlum olub ki, general bir vaxtlar orta məktəb müəllimi olmuş atası Səyyaf Xəlilovun adını Göyçayın mərkəzində bir küçəyə qoydurmağa da nail olub. Ən maraqlı məqamlardan biri isə onun atasının məzarı üzərində hər gecə fəxri qaravulun dayanmasıdır. Bunun səbəbləri haqqında suallarımıza isə yerli sakinlər cavab verə bilmədilər.

 
 
 
 
 
Arqument.az