Gömrük işçisi rüşvət almaqda günahlandırılır

Gömrük işçisi rüşvət almaqda günahlandırılır

08-11-2018 16:35 / Bu xəbər 2300 dəfə oxundu

Dövlət Gömrük Komitəsinin (DGK) mayoru vəzifəsindən azad edilib.

Komitənin bu gün, noyabrın 7-də yayılan məlumatına görə, vəzifəsindən azad edilən Baş Gömrük Mühafizə Xidmətinin "Şimal” gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi Ayaz Cəfərəliyev qulluq mövqeyindən sui-istifadə edib.

Onun "S3 Safety” MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış zamanı həmin şirkətin nümayəndəsindən 100 manat rüşvət aldığı iddia olunur.

Komitə bildirir ki, Ayaz Cəfərəliyev DGK sədrinin əmri ilə "Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən gömrük orqanlarından xaric edilib. Cəfərəliyev və ona rüşvət verdiyi iddia edilən şəxs barəsində toplanmış materialların Baş Prokurorluğa göndərildiyi bildirilir.

Rəsmi iddiaya Ayaz Cəfərəliyevin və ona rüşvət verdiyi deyilən şəxsin münasibəti bəlli deyil. Onların və ya vəkilllərinin bu iddialara münasibətini, hələlik, öyrənmək mümkün olmayıb.

Xatırlatma

Son aylarda bir neçə gömrük orqanları əməkdaşının rüşvətə görə, vəzifəsindən kənarlaşdırılması haqda məlumatlar verilib.

Bir həftə əvvəl isə Şimal Ərazi Baş Gömrük İdarəsi "Samur” gömrük postunun baş müfəttişi Davud Qəhrəmanovun rüşvətə görə işdən azad ediliyi və işin prokurorluğa göndərildiyi bildirilirdi.

DGK-nin məlumatında onun 500 Rusiya rublu rüşvət aldığı iddia edilirdi. 500 rubl təqribən 7 ABŞ dollarına bərabərdir. Hələlik, Davud Qəhrəmanovdan da ona qarşı ittihama münasibət öyrənmək mümkün olmayıb.

Bəzi ekspertlərin fikrincə isə əslində gömrük sahəsində qanunsuzluqlarla daha geniş mübarizəyə ehtiyac var. Onların fikrincə bu sahədə ciddi monopoliya hökum sürür. Hərçənd DGK rəsmiləri belə fikirlərlə razılaşmırlar. 

Azadlıq Radiosu