Gömrük postunun rəisi və müavini həbs edilib

Gömrük postunun rəisi və müavini həbs edilib

13-01-2019 12:06 / Bu xəbər 1538 dəfə oxundu

Komitə işçiləri daşınma şirkətləri ilə əlbir olmaqda günahlandırılır

Poçt göndərişləri Gömrük Postunun əməkdaşları ilə bağlı cinayət işi açılıb, həbs olunanlar var.

Dövlət Gömrük Komitəsi ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin birgə məlumatında deyilir ki, "Camex" daşıma şirkətinin yerləşdiyi ünvanda həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində 8 ədəd beynəlxalq poçt bağlamasına baxış keçirilib. 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunda qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış həmin bağlamalarda müxtəlif şəxslərin adlarına cəmi 23 min manat dəyərində elektron qurğular aşkarlanaraq götürülüb.

Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri tərəfindən xidmət üzrə ümumi himayədarlıq müqabilində müxtəlif şirkətlərin rəhbərlərindən rüşvət alınması, eləcə də səhlənkarlıq faktlarına görə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işi aidiyyəti üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Məlumata görə, Baş İdarədə aparılan istintaqla Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunun rəisi vəzifəsində işləmiş İsmayıl Abdullayevin postun rəis müavini Rəşad Rzayevlə qabaqcadan əlbir olub xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni "Camex" və "Mover" Məhdud Məsuliyyətli cəmiyyətlərinin ölkəyə gətirdiyi və gömrük baxışında olan ayrı-ayrı şəxslərə məxsus malların rəhbəri olduğu gömrük postunda baxışının tam şəkildə həyata keçirilmədən qısa müddətə yekunlaşdırılmaqla malların şirkətlərin əməkdaşlarına və mal sahiblərinə təqdim edilməsinə görə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda "Camex" MMC-nin icraçı direktoru Qurban Mərdanovdan aylıq 6 min manat olmaqla cəmi 18 min manat, habelə "Mover" MMC-nin icraçı direktoru Arif Şəmistanlıdan aylıq 6 min manat olmaqla, cəmi 12 min manat məbləğində pulu özü və qabaqcadan əlbir olduğu Rəşad Rzayev üçün sonuncu vasitəsilə rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. İ.Abdullayevə və R.Rzayevə Cinayət Məcəlləsinin 311.3.1-ci, 311.3.2-ci, 311.3.3-cü maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.