Gömrük rüsumlarının artırılmasına etiraz: "Monopoliyadır"

Gömrük rüsumlarının artırılmasına etiraz:

04-12-2016 01:19 / Bu xəbər 3981 dəfə oxundu

Noyabrın 1-dən bəzi kənd təsərrüfatı məhsulları, inşaat materialları və spirtsiz içkilərin gömrük rüsumu 2 il müddətinə artırılıb. Bu da istehlakçıların alıcılıq qabiliyyətinə təsir göstərib. Nəticədə Azərbaycanda istehlak olunan malların da qiyməti artıb.

Qubad İbadoğlu: "İndiki  halda gömrür rüsumları artırılmalı deyil, əksinə aşağı salınmalıdır"

İqtisadçı ekspert Qubad İbadoğlu mövzu ilə bağlı Toplum.Tv-yə bildirib ki, bu qərar yalnız monopoliyaların inkişafına xidmət edir, daxili bazarın qorunması və ya gücləndirilməsi ilə əlaqəsi yoxdur: "Əslində, bu monopoliyalara xidmət edən qərardır, xüsusi ilə də spirtsiz içkilərin və tikinti materiallarının gömrük rüsumunun artırılması qərarını buna şamil etmək olar. Ola bilər ki, kənd təsərrüfatı məhsulları mükəmməl olmasın, amma rəqabətli bazardır.
Картинки по запросу Qubad İbadoğlu arqument.az
Hesab edirəm ki, kənd təsərrufatı və spirtsiz içkilərin idxalına bu rüsumların artırılması sırf Azərbaycanın daxilindəki monopoliyaların inkişafına xidmət edən bir qərardır. Bu yalnış yanaşmadır ki, Azərbaycan bazarına daxil olan malların tarif barierləri ilə həcmini azaltmaqla daxili bazarın inkişafına nail olmaq olar. Məncə, bu, ölkədə keyfiyyətsiz məhsul istehsalına, eyni zamanda monopoliyaların daha da güclənməsinə xidmət edəcək. Bu baxımdan həmişə demişəm, yenə də təkrar edirəm ki, açıq ticarətin tərəfdarı kimi Dünya Ticarət Təşkilatına üzv olmalıyıq və Azərbaycanda gömrük rüsumları da məhz beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. İndiki  halda bu o deməkdir ki, gömrük rüsumları artırılmalı deyil, əksinə aşağı salınmalıdır”.

Nazim Bəydəmirli: "Vətəndaşlar yenə də keyfiyyətsiz və yüksək qiymətli mallarla barışmalı olacaq”.

Keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirli gömrük rüsumlarının yenidən artırılmasını ToplumTv-yə belə şərh edib: "Əslində, gömrük rüsumlarının artırılması və yaxud idxal olunan məhsullara idxal rüsumlarının tətbiqi daxili bazarı qorumağa söykənir. İqtisadi sağlamlığı artmış ölkədə və ya mal bolluğu yaratmış ölkədə öz daxili istehsalçılarını qorumaq üçün hökümət bu və ya digər formada müxtəlif mallara rüsumlar tətbiq edə bilərlər.  Buna normal yanaşmaq lazımdır. Ancaq Azərbaycan şəraitində, mən doğru-dürüst statistika olmadığına görə dəqiq deyə bilmərəm ki, hansı məhsulun Azərbaycanda tam istehsalı mümkündür. Əslində, Azərbaycanda istehsal olunan, Azərbaycan istehsalı adı ilə qablaşdırılan məhsulların əksəriyyətinin xam malı xaricdən  idxal olunur. İnhisarçı şirkətlər isə müxtəlif formalarla və gömrük rüsumları vasitəsi ilə xaricdən gələn  daha keyfiyyətli, daha ucuz məhsulların qarşısını almağa cəhd edirlər. Biz dəfələrlə belə hadisələrin şahidi olmuşuq. Ümid edirəm ki, zamanında tətbiq olunmuş bu rüsumlar istehlakçıların hüquqlarını məhdudlaşdırmayacaq və qiymət artımına səbəb olmayacaq". 
Картинки по запросу Nazim Məmmədov
"Adətən, daxili bazarı qorumaq adı altında tətbiq olunan rüsumlar bəzi məhsulların qiymətinin bahalaşmasına gətirib çıxarır. Məsələn, biz toyuq əti, yumurta və digər quşçuluq sənayəsində istehsal olunan məhsullarla bağlı tətbiq olunan həmin rüsumlardan sonra yenidən qiymət artımının şahidi olduq. Keyfiyyət göstəriciləri isə yaxşılaşmadı. Ona görə Ümumdünya Ticarət Təşkilatının memarandumunda o göstərilir ki, ora daxil olmuş ölkələrin vahid rüsum siyasəti, yəni gömrük rüsumlarının vahid olması və məhdudlaşdırıcı amillərin olması qadağan olunub. Azərbaycan da artıq Ümumdünya Ticarət Təşkilatına daxil olmaqla bağlı apardığı danışıqların uzunmüddətliliyi etibarilə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Bizə qədər bu danışıqları ən uzun müddət aparan Rusiya olmuşdu. 15 il bu qurumlar Rusiya arasında danışıq aparılmışdı. Ancaq bunların iqtisadiyyatı ilə, iqtisadi maraqları ilə, onların istehsal həcmi ilə bizi heç də müqayisə etmək mümkün deyil. Biz 19 ili artıq arxada buraxmışıq. Bu 19 ildə hansı danışıqları aparırıq, hansı tarifləri razılaşdırırıq, bu hələ bəlli deyil. Bu onu göstərir ki, Azərbaycan istehlakçıları yenə də keyfiyyətsiz mallarla, daxildə istehsal adı ilə qablaşdırılan məhsullarla barışmalı olacaqlar. Həmin qiymətlərin yüksək olması da insanların real gəlirini azaldacaq. Bununla bağlı mən təklif edərdim ki, hökümət hər hansısa bir rüsumu tətbiq etməzdən əvvəl daha dəqiq araşdırılma aparılsın və bu nə dərəcədə vətəndaşların real gəlirlərinə təsir edəcək, nə qədər bazara təsir edəcək, onlar araşdırılsın. Yəni hansısa bir məmur arxasında durduğu biznes şəbəkəsinə görə hakimiyyət orqanlarının əli ilə bazarın məhdudlaşdırılmasına cəhd etməsin”.

Xatırladaq ki, noyabrın 1-dən bəzi kənd təsərrüfatı məhsulları, inşaat materialları və spirtsiz içkilərin gömrük rüsumu 2 il müddətinə artırılıb. Milli Məclisin komitələrində 2017-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib ki, hökumət digər gömrük rüsumlarının artırılması məsələsini nəzərdən keçirir. Bu da bəzi millət vəkilləri və ekspertlərin narazılığı ilə qarşılanıb. Hazırda mediada və sosial şəbəkələrdə bu mövzu ətrafında müzakirələr aparılır. 

Əli Zeynal