“GünayBank”ın keçmiş sədr müavininə 30 milyonluq ittiham

“GünayBank”ın keçmiş sədr müavininə 30 milyonluq ittiham

13-11-2019 17:16 / Bu xəbər 171 dəfə oxundu

"Valyuta birjasına yatırıb və ziyana düşüb...”

"GünayBank”ın İdarə Heyətinin keçmiş sədr müavini Emin Zeynalovun məhkəməsi başlayıb. 

Cinayət Məcəlləsinin 178.4 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunan E.Zeynalovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır.

O, müxtəlif adamlardan ucuz dollar alıb, baha satmaqla qazanc əldə etmək vədiylə ümumilikdə 30 milyon manata yaxın pul alıb, onları aldatmaqda ittiham olunur.

Noyabrın 13-də məhkəmədə zərərçəkmişlər mülki iddialar verərək, pullarını tələb ediblər.

Məhkəmədə prokuror ittiham aktını elan edib. İttihamda yazılıb ki, E.Zeynalov "GünayBank"da sədr müavini olan zaman müxtəlif şəxslərdən külli miqdarda pul alıb. Həmin şəxslərə vəd edib ki, bankdan kənar valyuta dəyişməklə qısa zamanda qazanc əldə edəcək, onlara da qazanc verəcək. 

Bu məqsədlə Rəşad Qəribovdan 200 min dollar, bacısının əri Fərid Məmmədovdan 1 milyon dollar, Tamerlan Şeyxzamanovdan 100 min dollar, M.Məmmədəliyevdən 2,5 milyon dollar, Əmrah İldırımzadədən 300 min dollar, Rövşən Əlizadədən 200 min dollar, Eldar Abbasovdan 600 min dollar, Rüfət Kərimovdan 1.4 milyon dollar, İlkin Nuriyevdən 750 min dollar, Orxan Vəliyevdən 4 milyon dollar, Vazeh Xələfovdan 20 min dollar, Elnur Talıbovdan 45 min dollar, Elgün Bağırovdan 1 milyon 850 min dollar, Türkiyə vətəndaşı Zivari Sərdar Mustafa oğlundan 4.5 milyon dollar, Araz Süleymanovdan 1.5 milyon dollar, Rahim Məmmədovdan 500 min dollar, Sahib Səfərovdan 3.5 milyon dollar, Tural Bağırovdan 1 milyon 460 min dollar, Heydər Süleymanovdan 134 min dollar alıb.

Beləliklə, o, "GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin ediləndən sonra banka uçota alınmayan milyonlarla vəsait cəlb edib. Bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjasına yatıraraq ziyana düşdüyü məlum olub.

Bundan başqa, o, iş yoldaşı Xalidə Məmmədovanı da aldatmaqda təqsirləndirilir. İddia olunur ki, evini satıb, yeni ev almaq istəyən X.Məmmədovaya

tanışları vasitəsilə sərfəli ev alacağını vəd edib, ondan 143 min 700 dollar nağd pul alıb.

E.Zeynalov elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

Məhkəmədə zərərçəkmişlər dindirilib. E.Zeynalovun bacısının həyat yoldaşı Fərid Məmmədov ifadəsində deyib ki, 19 ildir bank sektorunda çalışır. Onun sözlərinə görə, qayını ona valyutadəyişmə yoluyla qazanc vəd edib. O da inanıb və pul verib: "Dolları ucuz alıb, baha satacaqdıq. Aradakı fərq isə bizim qazancımız olacaqdı. Bunun üçün pul lazım idi. Əvvəlcə 400 min dollar vermişdim. Sonra da 600 min dollar verdim. 1 milyon dollara görə 300 min dollar qazanc vermişdi mənə".

F.Məmmədov əvvəl "Azərbaycan Beynəlxalq Bankı"nın "Xaçmaz" və "Quba" filiallarında da işləyib. Bildirir ki, pulu da Qubada işləyəndə verib.

E.Zeynalovun vəkili Kamandar Nəsibov ondan 1 milyonu hardan əldə etməsini soruşub. O bildirib ki, xalasından almışdı. Sonra xalası pulu tələb edəndə evini və maşınını satıb, pulu ödəyib.

O, əlavə edib ki, dostu Elgünün də 1 milyon 850 min dollarını eyni məqsədlə E.Zeynalova verib. Amma sonradan pulu geri alıb: "Şübhələndiyim üçün Elgünün pulunu geri aldım. Amma bir müddət sonra qaytardım. İşlərin necə getdiyini soruşandan sonra Elgünün 850 min dollarını Eminə qaytardım. Sonra da Emin özü 1 milyonu Elgündən alıb. Mən Məkkədə olanda öyrəndim ki, Emin də yoxdur, pul da".

Məhkəmə araşdırması davam edir.

Emin Zeynalov "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z.Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra "Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb.

Mənbə: Meydan.Tv