Gürcüstanda seçkilərin ikinci turu başa çatıb

Gürcüstanda seçkilərin ikinci turu başa çatıb

29-11-2018 02:27 / Bu xəbər 1759 dəfə oxundu

''Exit-poll''un nəticələrinə görə hakim partiyanın namizədi irəlidədir

Gürcüstanda prezident seçkilərinin ikinci turu başa çatıb və noyabrın 28-də, axşam saatlarında "exit-poll"un nəticələri açıqlanıb.

"Euronews"in məlumatına görə, müxalifətə yaxın "Rustavi 2” televiziya kanalının sifarişi ilə "Edison Research” təşkilatının keçirdiyi "exit-poll”un nəticəsinə əsasən hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, "Vahid Milli Hərəkat"ının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

İqtidara yaxın "İmedi” televiziyasının sifarişi ilə "Gallup International” təşkilatının keçirdiyi "exit-poll”un nəticələri S.Zurabişvilini 58%, Q.Vaşadze isə 42% göstərir.

''Exit-poll''un nəticələri elan olunandan sonra sabiq prezident Mixail Saakaşvili bəyanatla çıxış edib.

Seçkilərin nəticələrini qeyri-legitim sayan M.Saakaşvili deyib ki, o, mübarizəyə başlamaqla yanaşı Gürcüstana qayıtmağı planlaşdırır:

"Mən nəyin bahasına olursa olsun Gürcüstana qayıtmağı planlaşdırıram. Mənə görə həyatım dəyərli deyil, amma planlaşdırıram ki, heç kim zorakılıqla iş görsün. Biz kütləvi tabe olmamaq hərəkatına keçirik. Sabahkı gündən biz sülh yolu ilə İvanişvilinin hakimiyyətinin başa çatması üçün mübarizəyə başlayırıq”.

Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin birinci turunda qalibi müəyyən etmək mümkün olmayıb.

Namizədlərdən heç biri, birinci turda qalib gəlmək üçün lazım olan səsi toplaya bilməyib.

Hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi bitərəf namizəd Salome Zurabişvili 38,61 faiz səs toplayıb, eks-prezident Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat”ının və daha 11 partiyanın ümumi namizədi olan Qriqol Vaşadze isə 37,72 faiz səs alıb.

Qalib gəlmək üçün, səsverənlərin 50%+1 səsi lazım idi.
 
meydan.tv