Gürcüstanın Baş naziri vəzifəsindən istefa verib

Gürcüstanın Baş naziri vəzifəsindən istefa verib

02-09-2019 19:07 / Bu xəbər 341 dəfə oxundu

Gürcüstanın Baş naziri Mamuka Baxtadze vəzifəsindən getdiyini və bu qərarın səbəbini sentyabrın 2-də açıqlayacağını söyləyib,- gürcü xəbər portalları məlumat yayıb.

Baxtadze "Facebook”dakı hesabında onu əvəz edəcək namizədin sentyabrın 3-də açıqlanacağını qeyd edib.

"2018-ci ildə Gürcüstanın Baş naziri vəzifəsinə namizədliyimin verilməsində əsas məqsəd ölkə üçün gələcək illərdə hədəflərimizə çatmağı təmin etmək və ölkənin inkişafının bələdçisi olacaq strateji inkişaf çərçivəsini qurmaq və həyata keçirmək olub”, - Baxtadze deyib.

"Strateji inkişaf çərçivəsi yaradılıb, tətbiq olunub və buna görə mən istefa vermək qərarına gəldim, çünkü an etibariylə vəzifəmi yerinə yetirdim”, - keçmiş nazir deyib.

Parlament çoxluğunun lideri Gia Volski mediada Giorgi Qaxarianın (Gakharia) Baş nazir, İrakli Qaribaşvilinin (Gharibashvili) daxili işlər naziri vəzifəsinə namizəd olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Bu seçimlər nəzərdən keçirilir, amma mən dəqiq məlumat verə bilmirəm. Bu haqda sabah səhər siyasi idarə heyətinin iclasında açıqlama veriləcək”, - Volski deyib.

Meydan.tv