"Görək İlham Əliyev sözün arxasında dura biləcəkmi?" - Arif Hacılı

05-10-2017 12:51 / Bu xəbər 629 dəfə oxundu

"İlham Əliyev Avropa İttifaqı Şurası Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə ölkədə sərbəst toplaşma azadlığının tam təmin olunduğunu deyib. "Məhsul" stadionunda keçirilən mitinqləri nümunə göstərib. Əvvəla, Azərbaycan Konstitusiyasına görə vətəndaşların sərbəst toplaşma azadlığı yalnız bir stadionda deyil, qanunla xüsusi qadağan olunmuş ərazilər istisna olmaqla hər yerdə təmin olunmalıdır. İkincisi, bir qapıdan, nəzarət altında giriş-çıxışı olan mitinqi açıq hava tədbiri adlandırmaq olmaz. Üçüncüsü, sərbəst toplaşma azaflığının 4 növü var, mitinq onlardan yalnız biridir".  

Arqument.Az xəbər verir ki, bunu Müsavat başqanı Arif Hacılı ölkə başçısı İlham Əliyevin oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündəki çıxışına münasibət bildirərkən deyib.  

Dəfələrlə stadion dışında mitinq, yürüş, piket keçirmək üçün müraciətlərimiz qanunsuz olaraq qadağan edilib. Qanuni tədbirlərimiz icazəsiz adlandırılaraq təziqə, zorakılığa, həbslərə məruz qalmışıq.  İndi deyirsiniz sərbəst toplaşma azadlığı təmin edilir? Lap yaxşı, "Məhsul" stadionundan kənarda kütləvi aksiya keçirmək üçün müraciət edəcəyik. Görək İlham Əliyev mötəbər tədbirdə dediyi sözün arxasında dura biləcəkmi?", - deyə Müsavat başqanı qeyd edib. 

Oktyabrın 4-də  İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə müxalifətin keçirdiyi son mitinqlərdən də danışıb: "Mətbuat azadlığının tərəfimizdən məhdudlaşdırılmasından söhbət gedə bilməz və bizim belə bir niyyətimiz yoxdur. Əks təqdirdə, biz bütün bu işləri görməzdik. Daha bir azadlıq toplaşma azadlığıdır. Bu azadlıq tam təmin olunur, heç bir məhdudiyyət tətbiq edilmir və müxalifət müntəzəm surətdə mitinqlərini keçirir. Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz”.

Məsud
Arqument.Az