“Görmək istədiyimiz jurnalistikanı itirmişik” – MÜSAHİBƏ

“Görmək istədiyimiz jurnalistikanı itirmişik” – MÜSAHİBƏ

05-10-2017 20:05 / Bu xəbər 134 dəfə oxundu

Azərbaycan jurnalistikasının simalarından olan Elçin Şıxlının 60 yaşı tamam olub. 

Elçin Şıxlı uzun illər rəhbərlik etdiyi "Ayna”-"Zerkalo” qəzetləri ilə bir neçə peşəkar jurnalist nəsli yetişdirib. O, hazırda Azərbaycan Jurnalistlər Birliyinin sədridir. 

Toplum.Tv jurnalistlə müsahibəni təqdim edir: 

- Elçin bəy, 60 yaşınıza qədəm qoydunuz. Özünüzü bu yaşda necə hiss edirsiniz?

- Özümü 60 yaşında hiss eləmirəm. Mənə elə gəlir ki, hələ də cavanam, çox iş görmək olar. 

- Jurnalistikaya gəldiyiniz gündən bu yana nələr dəyişib?

- Böyük Jurnalistikaya  həvəslə gəlmişdim. Yeni ölkədə jurnalistika  qururduq və bunun üçün yeni imkanlar var idi. Təəssüf ki, indi görmək istədiyimiz və qurduğumuz jurnalistikanı itirmişik. Heyf ki, bu günün jurnalistikası məni qane etmir. 

- 60 yaşlı Elçin Şıxlı Azərbaycanda nəyi dəyişmək istəyər?

- Azərbaycanda bir neçə şeyi dəyişmək istəyərdim. Öncə gənclərin gələcəyini xoşbəxt görmək istədikləri Azərbaycanı istəyərdim. Bir də istəyirəm ki, 60 yaşından sonra dincəlmək istəyən insanlar çox rahat və ləyaqətli qocalıq yaşasınlar. Əgər bu ikisi olarsa, hesab eləyin ki, ölkədə hər şey yaxşı olmalıdır. 

- Özünüzə nəyi arzulayırsınız?

- Onu arzulayıram ki, küçə ilə gedəndə, ətrafa baxanda insanların üzündən təbəssüm əksik olmasın. Hara baxsam, təbəssümlü, xoşbəxt insanlar görüm. Düzdür, qeyri-realdır, amma mənim arzum budur.