"Görüş fiaskoya uğradı" - Akif Qurbanov

08-02-2017 16:51 / Bu xəbər 1551 dəfə oxundu

Fevralın 7-də Dövlət Neft Fondunda (ARDNF) fondun prezidenti Şahmar Mövsümovun keçirdiyi görüş fiaskoya uğrayıb.

Arqument.Az xəbər verir ki, bu haqda QHT Koalisiyanın üzvü Akif Qurbanov feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, tədbir hökumətin gözləntilərini doğrultmayıb: "Hətta bizi tənqid edən tanınmış simalar belə o görüşə qatılmayıb. Çünki Hökumətin bu şəkildə açıq müdaxiləsinin, MHŞT standartlarının aşkar pozulduğunu, "ağının çıxarıldığını” onlar da normal hal hesab etməyiblər. Neft Fondu səlahiyyətlərini aşaraq görüşə dair hətta press reliz də yayıb və guya görüşə qatılanların 50 nəfərdən çox olduğu bildirilir. Halbuki şəkillərdən və aldığımız məlumatdan aydın olur ki, orada heç 50 nəfər iştirak etməyib, onun da 8-10 nəfəri Fondun işçiləri olub, Koalisiya üzvü adıyla başqa adamlar da gətirilib”.

"Bu qədər telefon zəngləri, vədlərə rəğmən 160 üzvü olan Koalisiyadan heç 1/3-ni yığa bilməyən hakimiyyət təmsilçiləri yaydıqları açıqlamada, hələ bizi koalisiya üzvlərinə təzyiq etməkdə ittiham edib. Adam sual verərlər ki, cənablar, məgər bizim əlimizdə sizin kimi təşkilatın qeydə alındırılması, layihə dəstəyi, maliyyə yardımı və ya problemlərinin həllini vəd edəcək hansı resurslarımız var ki, onlard n su-istifadə edib Koalisiya üzvlərinə də təzyiq edə bilək?! Bəli, biz vəzifə borcumuzu yerinə yetirərək üzvləri və ictimaiyyəti baş verənlərlə bağlı yetərincə məlumatlandırmağa çalışmışıq. Onlar da bizim çağırışımızı qəbul ediblərsə, demək ki, son Ümumi Yığıncaqda verdikləri etimadlarına sadiqdirlər”, – Akif Qurbanov yazıb.

Akif Qurbanov toplantıya qatılmayan vətəndaş cəmiyyəti üzvlərinə təşəkkür edib: "Bir daha dəyanət göstərən, öz müstəqilliyinə və MHŞT standartlarının tələblərinə sadiqlik nümayiş etdirən Koalisiya üzvlərinə Şura üzvü olaraq öz təşəkkürümü bildirirəm!". 

Xatırladaq ki, ötən gün Dövlət Neft Fondunun direktoru Şahmar Mövsümov Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının bir qrup üzvü ilə görüş keçirib. Görüşdə Koalisiya Şurasının 6 üzvü - Akif Qurbanov, Qubad İbadoğlu, Oqtay Gülalıyev, İlham Hüseynli, Azər Rəsul və Əlövsət Sadıxlı iştirak etməkdən imtina edib. Qubad İbadoğlunun isə toplantıya EITI-nin beynəlxalq idarə heyətinin üzvü kimi müşahidəçi qismində qatıldığı bildirilir. 

Ekspertlər düşünür ki, Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasında yaşananlar  EITI-nin Baqotada keçiriləcək toplantısında Azərbaycanla bağlı ciddi qərarın verilməsinə səbəb ola bilər. 

2016-cı ilin oktyabr ayının 25-də EITI-nin Astanada keçirilən toplantısında Azərbaycanın namizədlik statusu saxlanılıb və hökumətə problemləri həll etmək üçün 4 ay vaxt verilib. İdarə heyəti hesab edib ki, Azərbaycanın MSŞT-nin 1.3. saylı "Vətəndaş cəmiyyətinin iştirakı" standartı üzrə vəziyyəti qənaətbəxş deyil və çoxtərəfli qrupa icra müddəti növbəti iclasa qədər olan islahedici tədbirlər planı təqdim edib. 

MSŞT-nin beynəlxalq İdarə Heyətinin növbəti toplantısının isə 8-9 mart 2017-ci ildə keçirilməsi planlaşdırılıb. 

Arqument.Az