Göygölün Yeni Zod yaşayış massivində əhali susuz qalıb

Göygölün Yeni Zod yaşayış massivində əhali susuz qalıb

18-07-2017 11:30 / Bu xəbər 1790 dəfə oxundu

Göygölün Yeni Zod yaşayış massivində əhali illərdir susuzluqdan əziyyət şəkir. 

Bu haqda Müsavat başqanının müşaviri Cahangir Əmirxanlı məlumat yayıb.

"Yay aylarını nisbətən sərin yerdə keçirmək üçün 2007-ci ildən Göygöl rayonunun Yeni Zod (keçmiş Kamo) yaşayiş massivində ev almışam. Xaricdə yaşayan nəvələrimlə birlikdə yayın müəyyən hissəsini həmin yerdə istirahət etməyi nəzərdə tutsaq da, bu 13 ildə hər il burada komunal problemlərlə, xüsusən su problemi ilə üzləşirik”, – Cahangir Əmirxanlı bildirib.

"Təsəvvür edin ki,bu illər ərzində içməli suyu ya xüsusi qablarda Gəncə şəhərindən gətirməli, ya da yük avtomobilinə çən qoşmuş sürücülərdən almalı oluruq. Həmin ərazidə yerləşən keçmiş Mixaylovka, Azad və Kamo kəndlərinin (bu kəndlər indi birlikdə Yeni Zod adlanır) su ilə təmin edilməsi üçün imkan var. Sadəcə, bunu nizamlayan, qayda yaradan olmadığı üçün hərcmərclik, özbaşınalıq hökm sürür! Xüsusilə Kamo ərazisi  yay aylarında nə içməli, nə də suvarma suları ilə təmin olunur. Başqa vaxt həmin kəndə iki gündən bir su verilirsə, istirahət mövsümündə bu da olmur. Elan edirlər ki, su matoru yanıb. Bunun hər il eyni vaxtda təkrar olunması göstərir ki, məqsədli şəkildə edilir! Kənddə bu il beton arxlar da, su kranları da təzələnib. Elə bilirdik ki, daha su problemimiz olmayacaq. Əksinə, su arxları da, kranlar da su üzünə həsrətdir”, – Cahangir Əmirxanlı vurğulayıb.

"Bir məqamı da qeyd etməyi vacib hesab edirəm! Bu kənddə hər bir kəsin ən azi 20 -25 sot həyətyanı sahəsi var. Torpaq da olduqca münbitdir! Əgər bu həyətyanı sahələrin hər birini yay aylarinda ikicə dəfə suvarma suyu ilə təmin etmək mümkün olarsa, çox böyük miqdarda kənd təsərrüfatı məhsullarının istehsalına şərait yaradılmış olar! Respublikada kənd təsərrüfatının inkişafına can atıldığa haqda aparılan yalan təbliğatın fonunda bu laqeyidliyə nə ad vermək olar?!”, – Cahangir Əmirxanlı əlaqədar orqanlara sual ünvanlayıb.

///Bastainfo.com