Gözəl Bayramlı saxlanıldı

Gözəl Bayramlı saxlanıldı

26-05-2017 02:34 / Bu xəbər 1413 dəfə oxundu

Mayın 25-i axşam saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı saxlanılıb. 

Bu barədə AXCP sədri Əli Kərimli məlumat yayıb.

Əli Kərimılinin sözlərinə görə, Gözəl Bayramlını Gürcüstandan qayıdarkən Qazax rayonunda Sınıq Körpü sərhəd keçid məntəqəsində saxlayıblar: "İndicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl Bayramlının çantasına nəsə atıb (hələ, nə olduğu bilinmir- Ə.K) onu saxlayıblar". 

AXCP sədri hadisə ilə bağlı hakimiyyətə müraciət edib. 

O, qadın siyasətçinin şərlənməsinin pis nəticələr verə biləcəyini deyib: "Bütün qırmızı xətləri keçməyin! Unutmayın ki, bir gün bütün bunlara görə cavab vermək də var!”

Məsələyə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev də Gözəl Bayramlının saxlanılması ilə bağlı məlumat yayıb. 

Məlumatda bildirilir: 

"AXCP sədrinin müavini Gözəl Bayramlının çantasına ona aid olmayan naməlum əşya qoyularaq Qazax Gömrük Keçid Məntəqəsində 6 saatdan çoxdur ki, qanunsuz olaraq saxlanılıb. İctimaiyyətin çağrışlarına, media orqanlarının və jurnalistlərin çoxsaylı müraciətinə baxmayaraq aidiyyatı dövlət qurumları bu barədə hər hansı məlumat vermirlər. Hazırda Gömrük Məntəqəsinin qarşısına toplaşan AXCP üzvlərinə, ictimai- siyasi fəallara və yaxınlarına Gözəl Bayramlı ilə görüşməyə icazə verilmir".

"Əldə etdiyimiz qeyri- rəsmi məlumata görə Gözəl Bayramlının saxlanması o, Gürcüstandan keçdikdən sonra "yuxarıdan" gələn tapşırıq əsasında reallaşıb. Gömrük Keçid Məntəqəsinin əməkdaşları onu saxlayarkən çantasından 10 min saxta ABŞ dolları "çıxarıblar". Hazırda onu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX), eləcə də Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin əməkdaşları dindirir. Təəssüf ki, bu məlumatları dəqiqləşdirmək imkanları qeyri-mümkündür", - hüquq müdafiəşisi bildirib.

Arqument.Az