"Gözəl Bayramlını Şəmkirə aparırlar"

26-05-2017 10:56 / Bu xəbər 1355 dəfə oxundu

«Gözəl Bayramlı ilə bağlı yalnız məlum olan budur ki, mayın 25-də Gürcüstandan müalicədən qayıdarkən saxlanılıb. Bundan artıq hər hansı informasiya yoxdur».

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.

Ə.Kərimli deyib ki, durumu öyrənməkdən ötrü AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Məclis üzvü Vahid Məhərrəmli və daha bir xanım hadisə yerinə gedirlər.

«Bizə çatan son informasiya görə, G.Bayramlını Qazax Sınıq Körpü sərhəd-keçid məntəqəsindən Şəmkirdəki sərhəd qoşunlarının qərargahına aparıblar. Hələ ki, yoldayıq».

Bunu isə AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli bildirib.

N. Məmmədli deyib ki, bu da G.Bayramlıya qaçaqmalçılıqla bağlı ittiham irəli sürüləcəyinə oxşayır:

«Adətən belə məsələlər sərhəd qoşunlarında rəsmiləşdirilir, daha sonra isə digər dövlət qurumlarına təhvil verilir».

G.Bayramlının saxlanmasının səbəbi barədə rəsmi qurumlar, hələ ki, hər hansı açıqlama verməyiblər.

Azərbaycan Sərhəd Qoşunlarından baş verənlərin səbəbini öyrənməyə çalışsaq da, bu nəticə verməyib.

Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Bu barədə AXCP sədri Ə.Kərimli məlumat yayıb. Hadisə ilə bağlı hakimiyyətə müraciət edən AXCP sədri qadın siyasətçi şərlənərsə, bunun pis nəticələr verə biləcəyini söyləyib.