Gözəl Bayramlının şikayəti üzrə proses başa çatdı

Gözəl Bayramlının şikayəti üzrə proses başa çatdı

20-04-2018 17:23 / Bu xəbər 2165 dəfə oxundu

Aprelin 20-si Gəncə Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının şikayəti üzrə növbəti proses keçirilib.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunda tutulub. Rəsmi məlumata görə, siyasətçinin üstündən bəyan edilməmiş 12 min ABŞ dolları çıxıb. Gözəl Bayramlı isə bu pulun sərhəd-buraxılış məntəqəsində onun çantasına atıldığını söyləyir.
 
Qaçaqmalçılıqda ittiham olunan Gözəl Bayramlı 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Azadliq.org-un məlumatına görə, apellyasiya baxışı zamanı prosesə sədrlik edən hakim Teyyub Muxtarov xatırladıb ki, Gürcüstan-Azərbaycan sərhədindəki gömrük-buraxılış məntəqəsində olan kamera görüntülərini almaq üçün Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Komitəsinə sorğu göndərilmişdi. 

Hakim deyib ki, hər iki orqandan cavab gəlib. Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsindən verilən cavabda yazılıb ki, həmin görüntülər üçün Dövlət Gömrük Komitəsinə müraciət olunmalıdır. Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, görüntülər bir ay ərzində saxlanılır. Gözəl Bayramlının tutulması hadisəsindən isə bir ilə yaxın vaxt keçir.
 
Gözəl Bayramlının vəkili Elçin Sadıqov deyib ki, oxşar cavab ibtidai istintaq zamanı da alınmışdı: "Amma biz ibtidai istintaqa internetdən əldə etdiyimiz bir sənədi təqdim etmişik. Həmin sənəddə göstərilir ki, Dövlət Sərhəd Xidməti 2012-ci ildə yeni avadanlıq alıb. O avadanlıqlar görüntüləri uzun müddətə saxlamaq qabiliyyətindədir. Belə çıxır ki, Avropa Birliyinin maliyyə yardımı ilə alınmalı olan avadanlıq əslində alınmayıb, vəsait mənimsənilib”.

Daha sonra prosesdə prokuror çıxış edib. O, Qazax Rayon Məhkəməsinin Gözəl Bayramlının 3 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökmünün qüvvədə saxlanmasını istəyib.
 
Gözəl Bayramlı həbsinin siyasi sifariş olduğunu bir daha vurğulayaraq deyib: "Apellyasiya instansiyasından da heç bir ədalətli qərar gözləmirəm. Nə sifariş verilibsə, o da olacaq”.
Həmin gün hakim Teyyub Muxtarov qərarı elan edib. Qərara əsasən, Gözəl Bayramlının apellyasiya şikayəti təmin olunmayıb, Qazax Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanıb.