"Hacı İlham Əliyev Vətənə xəyanətdə ittiham olunur”

02-03-2020 19:51 / Bu xəbər 448 dəfə oxundu

Vəkil: "Hacı İlham Əliyev Vətənə xəyanətdə ittiham olunur”

Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyevi fevralın 29-da saxladığı bildirilir.

Onun yaxınları deyib ki, Hacı İlham Əliyev ötən həftənin şənbə günü DTX-ya çağrılıb, ancaq hələ də sərbəst buraxılmayıb.

Hacı İlham Əliyevin vəkili Osman Kazımov məlumatı təsdiqləyib və bildirib ki, o Vətənə xəyanət maddəsi (274-cü maddə) ilə ittiham olunur. Vəkil qeyd edib ki, həbs qərarını almadığı üçün əhatəli heç nə deyə bilməyəcək.

Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilib. Partiya dövlət qeydiyyatından 1992-ci il sentyabrın 20-də keçib. 1995-ci ildə partiya sədri Hacı Əlikram İrana casusluqda ittiham olunaraq həbs edilib və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilib.

Daha sonra partiyanın sədri olan Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və s. ittihamlarla müxtəlif müddətə həbs olunublar. Mövsüm Səmədov 12 il həbs cəzası alıb. Həmin zamandan Mövsüm Səmədovun birinci müavini olan İlham Əliyev partiyanın sədr əvəzi vəzifəsini icra etməyə başlayıb.

Meydan.Tv