Hadı Rəcəbli: "Deməmişəm axı bağlansın"

Hadı Rəcəbli:

29-03-2018 18:53 / Bu xəbər 3376 dəfə oxundu

Hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli AzadlıqRadiosuna müsahibəsində sosial şəbəkələr, saytlar haqda mətbuatda səsləndirdiyi fikirlər haqda danışıb:

- Hadı müəllim, sosial şəbəkələr haqda fikirlərinizlə bağlı...

- Mənim balam, bilirəm... Mən mətbuata açıq adamam. Mövzunu oxumusan? Mən demişəm ki, internet bağlansın, bütün saytlar bağlansın, Facebook bağlansın?.. Onu deyənin... Dəqiq oxuyun. Mən sizə müsahibə vermirəm.

- Onda sitatı oxuyum sizə. Sitat belədir: «Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır».

- Bəli, onu demişəm. Amma başlığı necə yazıblar? Başlığa çıxarıblar: "Azərbaycanda sosial şəbəkələri bağlamaq lazımdır". İndi səncə, hansı düzdür? Mən onu demişəm, bax, gördün orda da yazılıb. Dünyada mövcud olan hüquqi baza, qanunlarla... Amma deməmişəm, axı, bağlansın. Məni əsəbiləşdirirlər, qanımı qaraldırlar. Siyasi mübarizə normal aparılmalıdır. İndi orda görürsünüz nə dediyimi. Elə olmaz.

- Bəs necə olmalıdır?

- Yalan yazan, təhqir edən qanunlarla cəzalandırılmalıdır. Elə-belə yox. Qanunların, hüquqi normaların, beynəlxalq hüququn qaydaları ilə cəzalandırılmalıdırlar. Mən demirəm saytlar, sosial şəbəkələr bağlansın. Kim onu deyir ki, tamam bağlansın? Harada demişəm ki, hamısı bağlansın? Ayıbdır. Axı, mənim nəvəm də oxuyur o söyüşü, təhqiri. Olmaz, axı.

- Hadı müəllim, amma siz demisiniz ki, bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana görə saytlar və sosial şəbəkələr dərhal bağlanılır, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır. Yəni siz...

- Bəli, bu addımı atmaq lazımdır, beynəlxalq hüququn normalarına uyğun addım atmaq lazımdır. Bəlkə, düz demirəm? Mənim fikirlərimi təhrif edirlər.

- Hadı müəllim, hər halda sizin dediklərinizin mənası belə çıxır ki, Azərbaycanda da təhqirə, böhtana görə oxşar addım atılmalı, sosial şəbəkələr, saytlar bağlanmalıdır.

- Elə çıxmır mənası. Sən mənə söyüş söy, təhqir et, insan hüquqlarını poz, mənəviyyatsızlıq et, sonra da de ki, belə də olmalıdır? Mən siyasətçiyəm, siyasi elmlər doktoruyam, professoram, mənim müdafiəm BMT-nin ixtisaslaşmış qurumları ilə bağlıdır. Mən bunları gözəl bilirəm. Mən bunlardan dərs deyirəm.

- Sizin konkret təklifiniz nədir?

- Qanunla cəzalandırmaq lazımdır. Biri sənin haqqında təhrif versə, yaxşıdır? O biri də götürüb yaysa... Ona görə də hüquqi baza bir az da möhkəmləndirilməlidir. Beynəlxalq hüquq bizdə də tətbiq olunmalıdır. Dünyada bu var. Necə yəni sən məni təhqir et, o biri də götürüb qoysun ora? Təkzib olunur, amma düzəltmirlər, axı. Youtube-da olduğu kimi qalır.

- Dediniz ki, hüquqi baza bir az da möhkəmləndirilməlidir. Bu o deməkdirmi ki, internet, sosial şəbəkələrlə bağlı qanunvericilik sərtləşdirilə bilər?

- Elə deyil. Biz çağırış etmişik ki, bu halda beynəlxalq normalara uyğun hərəkət etmək lazımdır. Bizim öz qanunlarımız var. Amma tətbiqi ləng gedir. Orda da var ki, belə şeylər olmaz.

- Bəzən parlamentdəki həmkarlarınız təklif verirlər ki, internetə nəzarət artırılmalıdır. Xüsusən də sosial şəbəkələrlə bağlı daha çox fikir səsləndirilir. Siz bu haqda nə düşünürsünüz?

- Heç kim demir ki, internet qapansın. Mən deyə bilərəm ki, internet bağlansın? Mən də internetə girib məlumat alıram. Mən orda da demişəm ki, təhqir edən, ana-bacı söyüşü söyənlərə qarşı hüquqi normalar əsasında tədbir görülməlidir. Amma başlığa götürüb başqa şey qoyurlar. Mən boyda kişini götürüb... Bütün mətbuat yazır. Mən neyləyim? Ona görə deyirlər, təhrif, mənəviyyatsızlıq, yalan-iftira yayan saytlara qarşı qanun daxilində inzibati tədbir görülməlidir. Mənim nəvələrim var, onların altısı qızdır. Onlar da sayta girirlər oxuyurlar, olmaz belə. Mən nə günahın sahibiyəm? Orda məni söyürlər. Öz aramızdı, yaşım 70-i ötüb, nəvəm var, ailəm var. Belə mənəviyyatsızlıq olmaz. Sonra da deyirlər ki, Hadı müəllim qaçır mətbuatdan. Necə edim qaçmayım?

Azadlıq.org