"Hadı Rəcəblinin bəhs etdiyi 1 milyon vəsait haradadır?"

21-10-2016 23:00 / Bu xəbər 997 dəfə oxundu

"Hadı Rəcəblinin bəhs etdiyi 1 milyon manat vəsait haradadır?" 

Bunu Toplum.tv-yə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəblinin "Şəhidlərə 100 min manat verilə bilməz" fikrinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, şəhid ailələri diqqətdən kənarda qalır: "Xüsusilə də şəhid övladları 20 yaşdan sonra ona ayrılan minumum müavinətdən məhrum olur. Yəni bu yaş dövründən sonra artıq həmin şəxs şəhid övladı sayılmırmı?! Bu cür qayğıdan kənarda qalan ailələr maddi çətinliklərlə üzləşirlər. Təklif edərdim ki, Hadı Rəcəbli və Milli Məclisin digər deputatları onlara ayrılan müavinətlərin müəyyən hissəsindən imtina edib, bu vəsaiti şəhid ailələrinə yardım kimi ayırsınlar". 

Hərbi ekspert şəhid ailələrinə ayrılan müavinətin miqdarından da danışıb: "Milli Məclisin komitə sədri  Hadı Rəcəblinin sözlərinə görə şəhid ailələrinə külli miqdarda - 1 milyon manat vəsait ayrılıb. Lakin sədr bu vəsaitin necə və hara xərcləndiyi barədə məlumat verməyib. Bu cür yanaşma şəhid ailələrinə qarşı bir mənalı qəbul olunmur". 

Hüquqşünas Şəhla Hümbətova  isə bildirib ki, hazırki qanunvericilikdə nəzərdə tutulmuş konkret məbləğin ödənilməsində problem yaşanmır: "Lakin idmançılara verilən yarım milyona yaxın məbləğ ilə müqayisədə şəhid ailələrinə ayrılan müavinət gülməli görünür. Aprel döyüşlərində həyatını itirən əsgər ailələrinə göstərilən qayğı isə yas mərasimləri bitənə qədər idi. Digər şəhidlərimiz kimi onların da ailələri diqqətdənkənar qaldı. Bu cür münasibət nəticəsində şəhid ailələri ehtiyaclarını tam olaraq qarşılaya bilmir, əvəzində çox az büdcə ilə mövcud şəraitə uyğunlaşmağa çalışırlar". 

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə isə orduda xidmət edən zabitlərdə güvən hissi yaratmaq üçün onlara və ailələrinə dəstək verilməlidir: "Hərbiçilərimizdə güvən hissi yaranmalıdır ki, onlar şəhid olduqları təqdirdə ailələri maddi çətinlik çəkməyəcəklər. Bir çox ölkələrdə bunun örnəkləri var, Azərbaycanda isə bu güvənc hissinin yaranması üçün heç bir şərait mövcud deyil. Şəhid ailələrinə ayrılan vəsait Gürcüstanda 40 min dollar, ölkəmizdə isə 14 min dollardır. Səbəb olaraq isə büdcədə vəsaitin az olduğunu göstərirlər. Büdəcdəki izafi xərcləri azaltmaqla bu vəsaitin miqdarını artırmaq mümkündür. Şəhid ailələrinə diqqətin nə dərəcədə olduğunu bu müqayisədən aydın görmək mümkündür. Müharibə şəraitində olan ölkə üçün şəhid ailələrinə olan qayğı yetərincə deyil". 

Qeyd edək ki, Milli Məclisin oktyabrın 14-də keçirilən iclasında millət vəkili Aydın Mirzəzadə şəhid ailələrinə verilən vəsaitin artırılması təklifi ilə çıxış edib. Deputat bildirib ki, şəhid ailələrinə ayrılan vəsaiti 10 dəfə artırmaq lazımdır: "Şəhid ailələri dövlətin diqqətindədir. Onlara verilən vəsait artırılmalıdır. Maliyyə Nazirliyi üzərinə düşən işi yerinə yetirməlidir".

Depuatın bu fikri həmkarı, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin etirazı ilə qarşılanıb. Belə ki, Hadi Rəcəbli həmkarları Aydın Mirzəzadə və Əflatun Amaşovun "şəhidlərə verilən birdəfəlik müavinətin miqdarı 10 dəfə artırılaraq 100 min manat olsun” təkliflərini qəbuledilməz hesab edib.

 "Şəhid ailələrinə verilən birdəfəlik müavinətin 10 dəfə artırılması barədə təkliflər populizmdir. Bu əlbəttə ki, mümkün deyil. 11 min manatın 100 min manata qaldırılmasına bugünkü dövlət büdcəmiz heç bir formada imkan vermir. Bu gün hamımız deyək ki, maaşları 22 dəfə artırmaq lazımdır. Belə deyil axı. Bunun arxasında maliyyə, pul olmalıdır. 2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir. Bu cür fikirləri səsləndirərkən büdcədən xəbərdar olmaq lazımdır”, - deyə H.Rəcəbli bildirib. 

Ofelya Ramilqızı