Hakimiyyət Avropada Müsavat AKM-ə alternativ yaradır

Hakimiyyət Avropada Müsavat AKM-ə alternativ yaradır

02-03-2017 18:26 / Bu xəbər 1646 dəfə oxundu

Dünən Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) qurultayı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultaya Avropanın 27 ölkəsindən 91 nümayəndə qatılıb.

Qurultayda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edib.

Ə. Həsənov Azərbaycan prezidentinin Avropa Azərbaycanlıları Konqresi qurultayının iştirakçılarına müraciətini oxuyub.

"… Vacib resurslardan biri də xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Bu baxımdan Azərbaycan diasporu öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin oxşar təşkilatları ilə əlaqələrini gücləndirməlidir” – İlham Əliyevin müraciətində deyilir.

AAK-ın fəaliyyətinin gücləndirməsi hansı məqsədi güdür?

Qeyd edək ki, Müsavat başqanı Arif  Hacılı İqtidar- Müsavat qarşıdurmasının indi də Avropaya keçdiyini yazmışdı.

"Müsavat Avropa Koordinasiya Mərkəzinin (Musavat AKM) Almaniyanın Köln şəhərində "Siyasi məhbuslara azadlıq!” tələbilə mitinq keçirdiyi gün hakimiyyətin eyni meydanda və eyni saatda  alternativ mitinq keçirdi. Müsavat AKM-in həmin mitinqinin bir sıra təşkilatçıları və iştirakçılarının Azərbaycandakı qohumları polisə aparıldı, onlara təzyiqlər edildi. Bütün bunlar ondan xəbər verir ki, hakimiyyət mühacir müsavatçıların fəallaşmasından narahat olub”.

Bu sözləri isə Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Basta”ya açıqlamasında deyib.

"Ötən həftə mənim, bu həftə isə Müsavat başqanı Arif Hacılının və MSDM-in sədri İsa Qəmbərin Baş prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılması və burada bizə Müsavat AKM-lə bağlı sualların verilməsi də hakimiyyətin narahatçılığını təsdiq edir” – Gülağa Aslanlı əlavə edib.

 

"Müsavat AKM-in təsis konfransı Müsavat başqanı Arif Hacılının da iştirikı ilə ötən il oktyabrın 22-də keçirilib.  Yarandığı gündən etibarən prinsipial mövqe və fəallıq nümayiş etdirən Müsavat AKM Almaniyada, Fransada, Litvada və Avropanın digər ölkələrində tədbirlər, aksiyalar keçirib. Azərbaycanda baş verən ədalətsizlikləri və milli maraqlarımızın dünya ictimayyətinə çatdırılması məqsədilə təşkil edilən aksiyalar həm kütləviliyi, həm də, azərbaycanlıların Avropada keçirtdyi yeganə aksiyalar kimi Avropa mediyasının da diqqətini çəkib. Mühacir müsavatçılar sosial şəbəkələrdə də fəallıq göstərir, Azərbaycanda ictimai rəyin müxalifətin xeyrinə dəyişməsinə öz tövhələrini verirlər”, – Gülağa Aslanlı bildirib.

Gülağa Aslanlının fikrincə, hələ 1 yaşı olmayan təşkilatın bu uğurlara imza atmasından narahat olan Azərbaycan hökuməti hərəkətə keçib: "Onlar alternativ qurumlar yaratmaqla, Müsavat AKM-in fəaliyyətində müxtəlif maneələr yaratmağa çalışırlar. Amma hakimiyyətin indiyə qədər yaratdığı diaspora təşkilatlarının heç biri Avropada Müsavat AKM qədər ictimai rəyə təsir göstərə bilməyib. Görünür, bu həqiqət hakimiyyəti hərəkətə keçməyə vadar edib.

Bastainfo.com