"Hakimiyyət istəyir ki, insanlar seçkidə iştirak etməsin" - MÜSAHİBƏ

14-03-2018 01:45 / Bu xəbər 2994 dəfə oxundu

Arqument.Az-ın "Bizim ekspert" rubrikasının 12-ci buraxılışında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müzakirə etmişdik. 

Qonağımız ekspert Rəhman Məmmədlidir.

- Aprelin 11-də növbədənkənar Prezident seçkisi keçiriləcək. Seçkisinin 6 ay əvvələ çəkilməsinə münasibətiniz necədir?

- 2016-cı ildə keçirilən referendumdan sonra Konstitusiyaya dəyişikliklər edildi. Həmin dəyiikliklərdə prezidentə belə bir səlahiyət verilib ki, növbədənkənar seçki keçirilə bilər. Amma Konstitusiyada hansı hallarda seçkinin növbədənkənar keçirilməsi ilə bağlı heç bir müddəa yer almayıb. Hökumət rəsmiləri də, Azərbaycan hakimiyyətinin təmsilçiləri də seçki barədə danışarkən heç bir ciddi səbəb göstərməyiblər. Bizim fikirimiz budur ki, bu seçkilərin növbədənkənar keçirilməsi hüquqi baxımdan düzgün deyil. Çünki keçirilməsinə heç bir əsas yoxdur. Digər tərəfdən hökumət rəsmilərinin açıqlamalarına fikir versək, prezident İlham Əliyevin ən yaxın adamı, köməkçisi Əli Həsənovun verdiyi açıqlamaya diqqət yetirsək, mənzərə aydın olar. O, seçkilər haqqında danışarkən bildirib ki, indiyə kimi Azərbaycanda bütün seçkilər payız aylarında keçirilib. İndi də qərar verilib ki, yaz aylarında da seçkimiz olsun. Bu da heç bir tutarlı əsas deyil. Ona görə də biz bu seçkinin vaxtından əvvəl keçirilməsini qanuna zidd hesab edirik.

- Bəs sizcə, erkən seçkiləri hakimiyyət üçün zəruri edən nə oldu?

- Düşünürük ki, bunun müxtəlif səbəbləri ola bilər. Sərəncam imzalandığı gündən bu günə kimi müxtəlif iddialar irəli sürülür, fikirlər yürüdülür. Fikirləşirik ki, birincisi, hakimiyyətdaxili böhran səbəbindən seçkilər önə çəkilib. İkincisi, dərinləşən iqtisadi böhran buna səbəb olub. Yəni getdikcə manatın dollar qarşısındakı məzənnəsinin ucuzlaşması, digər iqtisadi amillər buna təsir edib. Düşünüblər ki, bir müddət sonra daha ağır şərait olanda seçki keçirmək bundan çətin olur. Digər bir amil isə təşkilatlanmış müxalifəti oyundankənar vəziyyətə salmaq istəyidir ki, hakimiyyət bu məsələdə belə bir qərar verməklə real müxalif qüvvələri seçkidən kənarda qoyur. Bildiyiniz kimi, normal seçki oktyabrda keçirilməli idi, hətta günü də təyin olunmuşdu, 17 oktyabrda nəzərdə tutulmuşdu. Müxalif qüvvələr həmin seçkiyə hazırlaşırdılar, təşkilatlanırdılar, görüşlər keçirirdilər ki, seçkidə nə etmək, hansı məsələlər üzrə işləmək lazımdır. Amma seçkilərin aprelə keçiriməsi gözlənilməz oldu və  məsələlər avtomatik olaraq kənarda qaldı. Məsələn, imza toplamaq və təşkilatlanmaq fiziki baxımdan da mümkün deyil, çünki vaxt az idi. Bir amil də budur ki, Azərbaycan hakimiyyəti qəfil addımı ilə müxalif qüvvələri seçki prosesindən kənarda saxlaya bildi.

- Müxalifət partiyaları seçkini boykot etdilər...

- Mənim təmsil olunduğum N!DA Vətəndaş Hərəkatı da daxil olmaqla, bütün real müxalif qüvvələr seçkini boykot edib. Bunun da obyektiv səbəbləri var ki, bu haqda cəmiyyətə açıqlama vermişik. Digər partiyalar, təşkilatlar da bu barədə fikirlərini bildiriblər. Birincisi, dediyim kimi, fiziki baxımdan bu seçkiyə hazırlaşmaq, namizədliyin irəli sürülməsi, lazım olan 40 mindən çox imzanın toplanılması mümkün deyil. İkincisi, ölkədə seçki mühiti yoxdur, əlverişli seçki mühiti olmadığı üçün müxalifət boykot qərarı verib. Mətbuatın vəziyyəti də hər kəsə məlumdur. Ölkədə 150-dən çox siyasi məhbus var. Bütün bunları nəzərə aldıqda, normal seçki mühiti olmadığı üçün müxalifət boykot qərarı verib. Yəqin ki, növbəti aylarda, dönəmdə də bu mühit davam etdiyi müddətcə müxalifət qüvvələr yenə də eyni cür qərarlar verəcəklər. Amma bu passiv boykot qərarı deyil, müxalif qüvvələr aktiv boykot qərarı verib. Burada da bir neçə məsələ yer alıb; seçkilərə qədərki dönəmdə etiraz mitinqlərinin, aksiyalarının keçirilməsi, sonraki dönəmdə seçki günü müşahidənin aparılması, seçkidən sonra hüquqi və siyasi qiymətin verilməsi və s. bu aktiv boykotun tərkib hissələridir...

- Bir də əks fikirdə olanlar var. Onlar düşünür ki, seçkidə iştirak etmək daha effektiv olardı...

- Cəmiyyətdə əks fikirdə insanların olması normaldır, təbiidir. Amma biz düşünmürük ki, bu, seçkidir. Çünki bu cür seçki prosesi olmur. Bütün bu baş verən hadisələrə, proseslərə nəzər saldıqda aydın olur ki, bütün bunlar İlham Əliyevin növbəti dönəm prezidentliyini rəsmiləşdirmək üçün atılan addımlardır. Məsələn, bir neçə gün əvvəl prezidentliyə namizədlərin imza toplama kampaniyası başladılıbdır. İlham Əliyevin namizədliyi qeydə alınması üçün lazım olan 40 mindən artıq imza 2-3 gün ərzində toplanıb Mərkəzi Seçki Komissiyasına təqdim olunub. İcra hakimiyyətlərinə, icra nümayəndəlirə tapşırıq veriib ki, qısa zamanda imza işini həll etsinlər. Yəni vətəndaşların xəbəri olmadan bu proses həyata keçirilib. Bütün bunlardan aydın olur ki, tək məqsəd İlham Əliyev hakimiyyətini möhkəmləndirməkdir. Ona görə də düşünürük ki, bu seçki oyununda müxalif qüvvələr yer almamalıdır.

- Sizcə, ciddi rəqabətin olmayacağı seçki seçicilərin fəallığına necə təsir edəcək?

- Ümumiliyyətlə, hakimiyyət seçici fəallığında maraqlı deyil. Hakimiyyətin məqsədi budur ki, insanlar seçkidə iştirak etməsin. Bu zaman seçkinin saxtalaşdırılması daha rahat olur. Müəyyən bir kəsim iştirak edir,  onlar da saxtalaşdırılmada yer alırlar. Bu da hakimiyyətin əlinə oynamaqdır, sərf edir onlara. Müstəqillik dövrünə baxdıqda, əsasən də İlham Əliyevin hakimiyyəti dövründə seçici fəallığı çox aşağı olub. Əhalinin haradasa 5-10 faizi seçkidə iştirak edir, bunlar da büdcə təşkilatından maaş alan kəsimdir. Bizim bundan sonra seçki gününə qədər həmin kəsimlərə, həkimlərə, müəllimlərə müraciətimiz olacaq ki, seçkidə bu formada iştirak lazım deyil. İnsanlar seçkidə o halda iştirak edə bilər ki, səslərini qorusunlar, getsinlər istədikləri namizədə səs versinlər və yaxud da heç kimə səs verməsinlər, əgər onların istədiyi namizəd orada yer almırsa... Sadəcə, öz adlarına olan bulleteni qaralayıb seçki qutusuna ata bilərlər. Bu olmadıqda hakimiyyət çox rahat bir şəkildə seçkini saxtalaşdıra bilir.

- Bir də bu yaxınlarda müxalifət partiyaları birgə mitinq keçirmək barədə qərar verdilər. Növbədənkənar seçki faktı bu aksiyalara qatılan insanların sayını artıra bilərmi?

- Bu müxalifətin alqışlanan addımdır ki, ümumxalq mitinqlərinin keçirilməsinə qərar verib. Biz də təşkilat olaraq, mən fərd olaraq, şəxsim adına deyə bilərəm ki, bu mitinqlərdə iştirak edəcəyik. Çünki məqsəd birdir, qarşımızdaki rəqib birdir. Məqsədimiz ölkədə normal demokratik cəmiyyət, ölkə qurmaqdırsa, biz bütün bu fəal kəsimin etiraz aksiyalarında yaxından iştirak etməliyik. Düşünürəm ki, hər gün daha da ağırlaşan iqtisadi böhran insanların həyatına birbaşa təsir edir və artıq bu insanlarda aqressiya yaradır. Etiraz hissini gücləndirir. Ona görə də, yəqin ki, əvvəlki mitinqlərdən fərqli olaraq bu dəfə cəmiyyətin passiv hissəsi də mitinqlərə qatılacaq.

Alya Ağayeva
Arqument.Az