Hakimiyyət ''Turan''dan nə istəyir?

Hakimiyyət ''Turan''dan nə istəyir?

17-08-2017 16:06 / Bu xəbər 1316 dəfə oxundu

Oktay Gülalıyev 

Hakimiyyət bu media qurumunu ram etmək üçün Mehman Əliyevə sürəkli və çoxsaylı imkanlar təklif edib

Artıq neçə ildir ki, Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti sıradan çıxarılıb, azad mətbuat çökdürülüb.

Hakimiyyətdən asılı olmayan mətbuat orqanları barmaqla sayılası qədərdir ki, onlar öz fəaliyyətlərini çox çətinliklə davam etdirirlər. Həmin media orqanlarından biri "Turan” İnformasiya Agentliyidir. Adıçəkilən agentlik Azərbaycanın müstəqillik tarixi ilə həmyaşıddır. Ölkənin ən qocaman, stajlı və təcrübəli media qurumlarından biridir. Daxildə və xaricdə etibarlı tərəfdaşları və nüfuzu var. Məlumatlarını 3 dildə - Azərbaycan, ingilis və rus dilində yayır. Mətbuatın "Qızıl qaydası”- na, qarşı tərəfin mövqeyini işıqlandırmağa həmişə əməl etməyə çalışır.

Ən mühüm keyfiyyətlərindən biri odur güclü təzyiqlərin və böyük vədlərin qarşılığında indiyə qədər öz dəsti- xəttini və müstəqilliyini qoruyub saxlayıb. Təbii ki, bu keyfiyyətlər və nümunələr- oxucuya obyektiv və operativ məlumat çatdırmaq imkanları avtoritar rejimlərin mahiyyəti ilə tərs mütənasibdir. 

İmtiyazlardan imtinanın bədəli…

"Turan” İnformasiya Agentliyində ölkənin tanınmış və istedadlı jurnalistləri çalışıb və bü gün də çalışır. Öz peşə fəaliyyətini yerinə yetirərəkən polis- məmur fiziki zorakalığına məruz qalmaqdan tutmuş, qətlə yetirilən, dünyasını dəyişən jurnalistlərə (Fərhad Kərimov, Adil Bünyadov) qədər böyük bir camiə bu mətbuat orqanının sadiq əməkdaşları olub. "Turan” böyük bir məktəb yaradıb. Məktəbin yaradıcısı isə agentliyin rəhbəri Mehman Əliyevdir. Bir neçə gün öncə Vergilər Nazirliyinin timsalında hakimiyyətin "Turan” İnformasiya Agentliyinə qarşı vergidən yayınma ittihamı ilə cinayət işi açması və agentliyin ofisində heç bir de-yure və praktiki əsas olmadan axtarış aparmasıını onun xarakteri və şəxsiyyəti ilə əlaqələndirmək daha düzgün olardı. Çünki "Turan”nın indiyə qədər ayaqda olması, rejimin çoxsaylı basqılarına və imtiyazlarına boyun əyməməsinin əsas səbəbkarı odur. Daha dəqiq desək, onun müstəqil, azad və həqiqətpərəst olmasındadır. Agentliklə yaxından əməkdaşlıq edən şəxs kimi qeyd edə bilərəm ki, hakimiyyət bu media qurumunu ram etmək üçün Mehman Əliyevə sürəkli və çoxsaylı imkanlar təklif edib. Vəzifə, ev, ofis, pul və s. 

Amma təkliflər qəbul olunmayıb. Hələ Heydər Əliyevin sağlığında onun özü tərəfindən Mehman Əliyevə onun komandasında işləmək təklif olunub. O, təklifi qəbul etməyib. Eyni təklif İlham Əliyev komandası tərəfindən də irəli sürülüb. Bildiyim qədəri ilə son təklif isə yaxın zamanlarda Əliyev- Paşayevlər komandası tərəfindən bildirilib. Təklifi qəbul etməyən M.Əliyev təbii ki, bilirdi ki, bu imtinaya görə onu və təmsil etdiyi agentliyi acınacaqlı tale gözləyir. Və artıq həmin gözləntilər reallaşmaqdadır…

Haşiyə: "Turan”a qarşı vergidən yayınma ittihamının irəli sürülməsi əsassız olduğu qədər də absurddur və siyasi sifarişdir. Reklam, abunə, rəqabət mühitinin olmadığı ölkədə öz daxili imkanları hesabaına bir media qurumunun ayaqda durması fədakarlıqdır. Bu fədakarlığı alqışlamaq əvəzinə onu susdurmaq cəhdi isə həqiqətin ağzına daş basmaq, azad sözü boğmaq və qisasçılıqdır. Digər tərəfdən, ölkəni talayanların, onun malını, mülkini, neft gəlirlərini oğurlayıb ofşar zonalara daşıyanların azad media nümunəsini vergidən yayınmaqda ittiham etməsi tarixin acı ironiyasıdır. Görəsən harın övladlarına dəyəri milyonlarla ölçülən maşın alıb günahsız insanların ölümünə səbəb olan rüşvətxor məmurlar bu ölkənin vergi orqanların ömürlərində bir dəfə də olsun vergi ödəyiblərmi? Görəsən böyük və dəbdəbəli otelləri, şadlıq sarayları, istirahət mərkəzləri, ticarət obyektləri, istilikxanaları, biznes strukturları, ölkədə və xaricdə villaları olan məmurlar dövlət büdcəsinə nə qədər vergi ödəyiblər? Ödəyiblərsə həcmi nə qədərdir, ödənişin həcmi və gəlir bəyannamələrini indiyə qədər niyə təqdim etmirlər?

Bu hakimiyyət rüşvətin, korrupsiyanın içində olduğundan cəmiyyətdə çirkaba bulaşmamış, təmiz adamları görmək istəmir. Çünki korrupsiyalaşmış rejimlər təmiz və dürüst insanların üstünlük təşkil etdiyi cəmiyyətləri idarə etməkdə çətinlik çəkirlər. Onlar istəyir ki, ölkənin tanınmış, nüfuzlu insanlarını hər hansı formada öz əməllərinə şərik edib onları da çirkaba bulaşdırsınlar ki, cəmiyyəti rahat idarə etsinlər. "Turan” İnformasiya Agentliyinə cinayət işinin açılması da, başda agentliyin rəhbəri Mehman Əliyev olmaqla bu mətbuat qurumunun fədakar əməkdaşlarının indiyə qədər azad mətbuat prinsiplərinə sadiq qalmalarıdır. Çirkaba, cinayətə bulaşmamalarıdır. Təbii ki, dəyərlərini və prinsiplərini qoruyan insanların hər şeyə alqı- satqı gözü ilə baxan hakimiyyət dəlları ilə bazarlığa getməməsi onları hövsələdən çıxarıb bu cür avantürüst addımlar atmağa sövq edir.

Prezidentin ev təklifindən imtina edən 60 yaşlı kirayəşin…

Bəlkə də çoxu bilmir ki, Prezident Administrasiyasının jurnalistlərə ev paylaması kampaniyası başlayanda pulsuz mənzil verilməsi ilə bağlı ilk təkliflərdən biri Mehman Əliyevə və "Turan”- a edilib. Bəlkə də çoxu bilmir ki, bu təklifdən imtina edən, bir neçə gündən sonra 60 yaşı tamam olacaq Mehman Əliyev uzun müddətdir ki, krayədə yaşayır. Bəlkə də çoxu bilmir ki, "Turan”- a olan bu basqılar ona bir müddət öncə Prezident Aparatından təklif olunan "Gəl, bizimlə işlə!” təklifini qəbul etməməyin bədəlidir.

"Turan” qapadıla, Mehman Əliyev həbs oluna bilər…

Əslində "Turan” İnformasiya Agentliyinə qarşı qaldırılan cinayət işi Mehman Əliyevin şəxsinə qaldırılan cinayət işidir. Məqsəd bu təmiz və dürüst, hakimiyyətin çirkablarına bulaşmayan insanı ram edib, onu çirkaba salmaqdır. "Turan” qapadıla, Mehman Əliyev həbs oluna bilər. Amma bu insanı yaxından tanıyan birisi olaraq deyə bilərəm ki, onu ələ almaq, mübarizəsindən döndərmək mümkün deyil. Çünki özünün də dediyi kimi onun bir amalı və vəzifəsi var; həqiqəti demək. Həqiqəti demək üçün isə məkan və zaman nisbidir. Yəni azad insan haqq bildiyi sözü hər yerdə- azadlıqda və həbsdə, hər zaman deyə bilər. Və deyəcək.

Gəlin, həqiqəti deməkdən qorxmayan və çəkinməyən insanları müdafiə edək!