Hanı sənin böyük arzuların...

Hanı sənin böyük arzuların...

15-02-2017 11:59 / Bu xəbər 294 dəfə oxundu

Araşdırmaçı jurnalist, keçmiş siyasi məhbus Xədicə İsmayıl yazır.

"Həbsxanada iki qadın vardı. Gün ərzində yeganə mövzuları siqaret çatışmazlığından şikayət etmək idi. Söhbətləri canımı sıxanda, deyərdim, "hanı sənin böyük arzuların?”

Zatən həbsxanada kiçik arzular da böyük problemə çevrilə bilir, amma məişətin dibinə yuvarlanmaq təhlükəsi çox real idi, ona görə də məni daha ciddi mövzulardan ayıran şeylərə qarşı müqavimət göstərməyə çalışırdım.

O ortamda nisbətən daha həcmli arzuları olanlar da var idi, məsələn, evdə qalan övladlarının xoşbəxtliyi, yaxud həbsxanaya düşməsinə səbəb olan adamdan qisas almaq kimi. Amma yenə də çox kiçik idi bütün arzular. Bu iki qadın isə elə hey siqaretdən danışardı, daha doğrusu, onun olmamasından. Mən də sözlərini kəsər, deyərdim: Hanı sənin böyük arzuların?

Bu günlərdə dostlardan biri qonaq çağırmışdı və masa arxasında olanlardan biri Heydər Əliyev haqqında "o böyük siyasətçi idi” ifadəsini işlətdi. Nədənsə həbsxanadakı o qızlar düşdü yadıma.

Dostuma da dedim ki, arzusu ancaq ailəsini varlandırmaq və hakimiyyəti əlində saxlamaq olan adamı böyük adlandırmaq olmaz.

Bu adamın özündən və ailəsindən başqa heç kimlə bağlı arzuları olmayıb.

Böyük arzuları olan siyasətçi Elçibəy olub. Bəlkə, Heydər Əliyev Elçibəydən daha hiyləgər, lap elə daha ağıllı olub. Amma ondan böyük olmayıb. Məndən ötrü Heydər Əliyevlə o siqaret arzulu qadınlar arasında bir fərq yoxdur. Hə, bir də. O qadınlardan biri bir dəfə sualıma cavab olaraq dedi ki, "mənim böyük arzularımı mən balaca olanda öldürüblər”. Bilmirəm, Heydər Əliyevin də belə bir cavabı olardımı bu suala”, – Xədicə İsmayıl yazıb.

"Elçibəyə qarşı iradlar ola bilər, amma yüzilliklər kontekstində onun irəli sürdüyü ideyalar və gerçəkləşdirdiyi addımlar tarixə imza atıb. Avropa ilə inteqrasiya, rus qoşunlarının ölkədən çıxarılması, test sistemi, üç Cənubi Qafqaz ölkəsində milli valyutanın tətbiqi məhz onun BVF ilə danışıqlarda tutduğu mövqenin nəticəsi idi (bunu mənə Gürcüstanın keçmiş iqtisadiyyat naziri deyib).

Və nəhayət milli ideya – bütöv, mütərəqqi Azərbaycan. Heydər Əliyevin siyasətinin heç bir böyük ideoloji mesajı, əsası olmayıb. Neft kontraktları 24 illik siyasətin ən böyük uğuru sayılır, halbuki indi daha çox adam anlayır – neft bitdi, ümidlər və imkanlar sömürüldü, ortaya heç nə çıxmadı. Yüz il sonra neft sonrası ekoloji və iqtisadi problemlər məngənəsində qalan Azərbaycan Heydər Əliyevin və onun oğlunun hakimiyyətinin qara nəticəsi kimi tarix dərsliklərinə düşəcək. Əlbəttə, daha tez də yazıla bilər, amma yüz il sonradan baxış daha obyektiv olacaq.

Və ən əsası, Heydər Əliyevin siyasətinin nəticəsi olaraq, biz – xalq olaraq, milli ideyası, böyük arzusu olmayan topluma çevrilmişik. Həbsxanadakı qadınlar kimi – kiçik arzularımız böyük problemlərə çevriləndən bəri böyük arzularımız yaddan çıxıb.” – Xədicə İsmayıl əlavə edib.

Yazı Xədicə İsmayılın feysbuk səhifəsindən götürülüb.



Bölmələr:


loading...