"Hardasan əlini çəkib gedənim?"

26-08-2019 14:40 / Bu xəbər 2237 dəfə oxundu

Elxan Şovulunun "Bənövşə ətirli günlərim" şeirlər kitabı haqqında

(Dost sözü)

Lənkəranın Şovu kəndində yaşayan şair Elxan Məmmədovun (Şovulunun ) bu, şeirlər kitabı Bakı "Zərdabi LTD” MMC-də 2017-ci ildə işıq üzü görüb. Elə o vaxt kitab Elxan tərəfindən mənə hədiyyə olunanda bu sevinci bir həmyerli kimi birgə qutlamışdıq. 

Əslində, bu yazı da iki il bundan öncə yazılmalıydı, belə bir fikrim olsa da, nəsə öhtəsindən gələ bilməmişdim, yazı yazmaq bir ovqat məsələsdi çünki. Bu günlərdə rəfimdə kitab təkrar qarşıma çıxanda götürüb bir də varaqladım. Elə ilk şeirdə bənövşə ətirli bir sevgi şeirinin həsrət qoxusu məni vurdu:

Hardasan əlini çəkib gedənim?
Əllərim darıxır əllərin üçün.
Gözlərim yoluna dikilib sənin,
Əllərim darıxır əllərin üçün.

Bu həsrət qoxulu misralar əlimdən tutub barmaqlarımla klaviaturadakı hərfləri döyəcləməyə başlatdı. Bir anlıq nə baş verdiyini anlamaqda çətinlik çəkdim, Sonra başa düşdüm ki, əllərim yazı yazmaqdan ötrü darıxıbmış, qeyri-ixtiyari əllərimə baxdım şeirin ikinci bəndindəki kimi. Sonra o biri misralar, o biri bəndlər məni arxasınca dartdı. 

Bənövşə ətirli sözlərin sehrindən çıxmağa çalışdım, alınmadı. Alınmamalıydı da, çünki hər bir şairin əllərinin darıxdığı bir nəfər olur, hər bir şairin bir gedib qayıtmayanı olur, hər bir şairin sol tərəfi boş olur, yetim olur...Və tuş gəldiyi bu tənhalığının içində ömür boyu yetə bilmədiyi bir ümid yeri olur hər bir şairin:

Mən sahil, xəyallar ləpə kimidir,
Son ümid sonuncu təpə kimidir,
Əllərim ağlayan körpə kimidi,
Əllərim darıxır əllərin üçün.

Gözümün yaşını silə əllərim,
Sevinə əllərim, gülə əllərim,
Gəl gör necə gəlib dilə əllərim,
Əllərim darıxır əllərin üçün.

Getdikcə obrazlı deyimlərlə zövq oxşayan, sonluğu isə gözləməklə bitən bu lirik şeirdən sonra növbəti şeirləri daha da həvəslə oxumağa başladım. Sadə, bir-birindən gözəl şeirlərin hər bir misrasında şair qəlbinin bəzən necə sürətlə, bəzənsə ümidsizliyə qapılıb, səsi necə güclə eşidilə biləcək tərzdə döyündüyünün şahidi oldum. Axı şeir məhz ürək məsələsidir. Nüvəsi ağrı olmayan şeir qəlbə necə yol tapa bilər, necə könül oxşaya bilər? Elxan Şovulunun lirik şeirlərindəki bütün notlar əzabdan, ağrıdan qidalanan hiss və həyəcan mənbəyidir:

Mənə bir az sevinc göndər,
Gözümdə yaşı örtməyə.
Bircə alqışın bəs edər,
Min-min qarğışı örtməyə.

Bu misralar onun "Örtük” adlı şeirindəndir, dediyim kimi bu misralalarda da bir şair narazılığı, bir şair gileyi vardır. Şair kimi fərqlənmək üçün məsələ nə narazılıqda, nə də bu nigarançılıqda deyil, məsələ bu narazılığı, bu nigarançılığı hansı şəkildə deyə bilməkdədi. O, əksər hallarda bu işin öhtəsindən layiqincə gəlir, obrazlı şəkildə dediyi fikirlərə dəqiq təşbeh seçimi onu başqalarından fəqləndirir. Yəni onun bənzətmələri ilə bənzətdikləri arasındakı vəhdət həmişə bir həqiqilik təşkil edir:

Yolumun hamarı yoxdur,
Qanımın damarı yoxdur,
Allahın mamırı yoxdur,
Sinəmin daşın örtməyə.

Elxan Şovulunun misraları arasındakı qırılmaz fikir əlaqələri diqqəti çəkən və xoşa gələndi. Demək olar ki, heç bir şeirində fikir qırıqlığına təsadüf olunmur. Bəzən sadə dildə dediyi fikirlər də olur, amma bu sadəliyin içindəki fikir bağı, qırılmazlığı ilə onun yaradıcılığının uğurlu tərəfi kimi yadda qalır. Bu, bir bənd isə onun başqa, "Son şeir” adlı bir şeirindəndir:

Bir şeir də sənə yazıldı bu gün,
Bir gül də gətirdim qəbrinin üstə.
Hələ bu boşluqdan bitməyir sürgün,
Düşüb oturmuşam səbrimin üstə.

Yaxud bu şeirin başqa bir bəndinə diqqət yetirək:

O vaxt aramızda körpü salmadım,
İndi bu zəhəri içə bimirəm.
Bütün körpülərin boyu bir addım,
Mən bircə addımdan keçə bilmirəm.

Bayaq qeyd etdiyim kimi bu misralar həm məna tutumu baxımından sanki bir çələng hörgüsüdü, həm də bənzətmə baxımından çox uğurludur. Sözlə davrana bilmək bacarığıdı şairlik, təbii ki, bu sadaladığım bütün keyfiyyətlər fitrətən olanda daha gözəl alınır yazmaq. Elxanın yaradıcılığında bu keyfiyyət orijinallığı özünü aydın şəkildə üzə çıxardır. 

Baxmayaraq ki, yaradıcılığının əsasını heca şeirləri təşkil edir, yanaşma fərqliliyi onu çağdaş poeziyamızdan heç də geridə qoymur. Bu da o deməkdir ki, bütün şeir növlərində əsas fikir müasirliyi, yanaşma yeniliyidi, forma deyil... Onun əksər şeirləri həyatın dibindən gəlir, daha çox yaşadıqlarını yazır, elə buna görə də çox vaxt fərqlənə bilir. Elxanın qoşmaları bir ayrı aləmdi. Xalqın qanına hopmuş bu köklü şeir növündə həyatın bugünkü çətinliklərini, insanların, dünyanın bugünkü  dözülməzliyini görün necə gözəl, şirin ifadə edir:

Dünya saqqız çeynər, anlayan anlar,
Çənə özgənindi, diş özgəsinin.
Kiminin oduna kimlər qızınar,
Quru özgənindi, yaş özgəsinin.

...

Gördüyüm gerçəklər qəlbimi sıxır,
İnsan insanlığa yad gözlə baxır.
Elə bil doğulmur, dəzgahdan çıxır,
Kirpik özgənindi, qaş özgəsinin.

...

Ay Elxan, həqiqət əldə bayraqdı,
Namərdlik, nadanlıq səndən uzaqdı.
Çömçənin peşəsi qarışdırmaqdı,
Qazan özgənindi, aş özgəsinin.

Hamının müraciət etdiyi belə ümumi mövzulara özünəməxsus ştrixlər gətirə bilmək üçün mövzu şairi toruna salmalıdı, şair mövzunu yox. O, çox gözəl başa düşür ki, şeir, özünü güclə şairə yazdırandı, şairin güclə yazdığı deyil. Az qala hamının şeir yazdığı bu dövrdə özünün yaradıcı prinsiplərinə sadiq qala bilmək hünər və səbr istəyir. 

O, çox gözəl başa düşür ki, şeir, həm də bir sevgi məsələsidi, hansı ki, bu məsələnin həlli ayrılıqdan o yana deyil. O, çox gözəl başa düşür ki, Məmməd Arazı, Bəxtiyar Vahabzadəni, Nüsrət Kəsəmənlini yola salan söz, onu da, dövrünün müasirlərini də yola salacaq bir gün. O, çox gözəl başa düşür ki, söz, hər dövrdə taleyini şair doğulan bir başqasına bağlayan həmişəyaşar dul qadın kimidi... Bunu onun bir-birindən maraqlı axtarışlarından da sezmək olur:

Bir qayadan qopub
Yola düşmüsən,
Atan, anan qayadan,
Bir az ada kimisən.
Bir az dalğalar çırpılır sənə,
Üstündə quş yuva qurmaz,
Altında balıq balalamaz.
Kim səni görsə, yolunu döndərər,
Öz yolunu döndərər,
Sən bir qayanın parçasısan.
Hörülmədinsə bir divara,
Kimsən bu okeanda,
Aysberq?!

Müəllif bu, "Aysberq” şeirini sanki dediklərimin təstiqi üçün yazıbmış. Düz deyirlər ki, nəyi necə, nə cür yazmasından, düzməsindən asılı olmayaraq bütün şairlər ruhən bacı və qardaşdılar, təbii ki, şəxsiyyətiylə yaradıcılığı üst-üstə düşənlərlərdən gedir söhbət. Bir müsahibədə dediyim kimi ədəbiyyat mənə görə nəhəng bir beldir, biz də yaradıcı gözəlliklərimizlə, eləcə də bəzi qüsurlarımızla, bəzi çatışmazlıqlarımızla o beldən gələnlərik. Bizi eyni müstəvidə birləşdirən qanımız deyil, ruhumuzdur...

Ədəbiyyat  həyadı, abırdı, mərifətdi, dünya boyda libasdı, onu öz əyninə biçə bilən üçün. Görün bu "Libas”ı Elxan şovulu həm öz əyninə, həm də yaşasdığı cəmiyyətin əyninə necə gözə biçib:

Hökmi-Xaliqdi ki, mütləq geyinə bəndə libas,
Tabe ol Əmri-Xudavəndə, geyin sən də libas!

Etmə zənn Adəmü Həvvanı dolanmış çılpaq,
Bəxş edib onlara xaliq yaranan gündə libas.

Gərçi taətdədisə bəndələrin bəndəliyi,
Onu dərk eylə ki, ondan da durub öndə libas.

Nə ədəb göstərə billəm yerişimlə bəşərə,
Mən müsəlmanə tikilmişsə əgər Çində libas?

Qoru əlbisən ilə cismini, ruhun qorunar,
Xəlq edib cismi xuda ruhunun əynində libas.

Əqlinin sirrini kəşf eylə onun əynindən,
Hər kəsin daxili dünyasıdır əslində libas.

Yox vücudunda eyib, amma həya xətrinə gey,
Bir qəzəl yaz yenə, Elxan, qala hökmündə libas.

Bəli, Elxan Şovulunun hətta əruzda özünü belə gözəl ifadə edə bilməsi onu başqalarından fərqləndirir, "əruzun vaxtı keçib” deyənlərdən, əruzda yaza bilməyənlərdən bir addım irəlidə tutur. Çünki əruz sözün yaraşığıdı. Onu ritm kimi canında, qanında, iliklərində duya bilən qələm sahibinə sözdə keçilməz labirint olmur...

Necə ki insan bilə-bilə nə vaxtsa dünyasını dəyişəcək, bununla belə qorxmadan, çəkinmədən nəhəng bir ölümün gözü qarşısında ona bəxş olunan ömrü sürür, eləcə şair də gec-tez məğlub olacağı Sözün qarşısında durmadan, çəkinmədən özünün ən layiqli məğlubiyyətinə can atır. Mən bu məşəqqətli yolda Elxan Şovuluya  hər şeyin ən gözəlini arzulayıram.
                                                                     
Tərlan Əbilov
25.08.2019