Hazırlıq və bazarlıq

Hazırlıq və bazarlıq

10-06-2017 14:03 / Bu xəbər 1692 dəfə oxundu

Nabatəli Qulamoğlu

(Korrupsiyadan ötrü əlləri qaşınanlar üçün)

Milli Məclisdə  Elm və Təhsil Komitəsi  fəaliyyət göstərir. Komitənin  sədri də İsa Həbibbəylidir.  İnsafən, komitə çalışır, əndrəbadi yeniliklərlə  öz varlığını nümayiş etdirmək istəyir. O daha bir yeniliyə imza atıb, amma  qaş düzəltmək əvəzinə, gözü də çıxarmışdır. 

Sədrin APA-ya verdiyi müsahibəyə istinad etsək, Komitə  "Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na  dəyişiklik etməyə hazırlaşır.  Söhbət 22- ci maddədədən gedir. 

Məlumat üçün bildirim ki, 22-ci maddə  ali təhsilə aiddir.  Dəyişiklik baş tutarsa, ali məktəblərin nəzdində hazırlıq kursları fəaliyyət göstərəcək. Həmin kursu bitirənlər avtomatik olaraq ali təhsil müəssisəsinin tələbəsi adını qazanacaqlar. 

Düzü,  İsa müəllimin maddənin dəyişdirilməsi barədə  fikri mənə çatmır, çünki 22-ci maddədə onların planlarını poza biləcək heç nə yoxdur. Yox, söhbət həmin maddəyə əlavədən gedirsə, bu, başqa məsələ. Amma problem  heç də bununla bitmir. Görəsən, komitə sədri  və həmin komitədə  fəaliyyət göstərən digər şəxslər Qanunun 26.1 maddəsini oxuyublarmı? Orada birmənalı olaraq yazılmışdır:

"Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, MÜSAHİBƏ (kursiv bizimdir)  yolu ilə həyata keçirilir".

Maddənin son cümləsini şərh etməyə ehtiyac görmürəm.  Yəni, hörmətli deputatlar, qanun müsabiqədənkənar qəbulu yalnız istisna hallarda ( beynəlxalq olimpiadaların qalibləri) mümkün sayır. Bu istisna isə pozitivdir, çünki beynəlxalq olimpiadann qalibi olmuş şəxs tələbə adını qazanmağa layiqdir.

Sizi başa düşürəm, tapşırıq hökumətdən gəlib, son zamanlar yumurtadan yun qırxmağı özünə peşə eləmiş hökumətdən. Allah xatirinə,  etməyin, büdcəni belə ağlasığmaz tədbirlərlə doldurmaq millətin belini qırır. 

İsa Həbibbəyli fikrini onunla əsaslandırır ki, müsabiqə nəticəsində qəbuldan kənar qalmış şəxslər  təhsil almaq üçün digər ölkələrə üz tuturlar, bu isə kifayət qədər maliyyə vəsaitinin respublikamızdan çıxarılması deməkdir. Əvvəla, biz belə tendensiyanın mövcudluğunu və hökumətin bundan ötrü  kompleks  tədbirlər hazırlamağa borclu olduğunu hələ  8-9 il bundan öncə yazmışdıq. Yazılanlara onda məhəl qoyulsaydı, bu qədər maliyyə ölkəmizi tərk etməzdi. İkincisi, dünyanın hər yerində ödənişli təhsil var və bu heç də o demək deyil ki, savadsız diplom sahibi gəlib haradasa məsul bir vəzifə tutacaq. Belə şeylər olsa-olsa, Azərbaycan kimi ölkələrdə baş verə bilər. Sivil ölkələrin normal əmək bazarı mövcuddur, bu da kadr problemini tənzimləyir.  

İsa müəllimin narahatçılığına hazırda əsas yoxdur, çünki bir neçə ildir ki, Təhsil Nazirliyi  xaricdə təhsil almış saysız-hesabsız  məzunun diplomunu,  qanunun üstündən adlayaraq,  tanımır. Bu da artıq təsirini göstərib və xaricə təhsil alamğa gedən tələbələrin sayı minimuma enmişdir.

Biz istəsək də, istəməsək də, tələbə qəbulunda test üsulu təhsildə mini- bazar yaradıb: minlərlə repetitor , yüzlərlə hazırlıq kursları fəaliyyət göstərir. Onların işi təqdirəlayiqdir, çünki təhsilalan bəyəndiyi təhsilverəni seçir. Təhsilverənlər illərlə göstərdiyi xidmətin sayəsində özlərinə nüfuz qazanmışlar. Onların çorəyi məhz abituriyentin   ali məktəbə qəbul olmasından çıxır. Elə buna görə  də dəridən- qabıqdan çıxırlar ki, savadlı şagirdlər hazırlasınlar. 

İndi, ay deputatlar,  işdi- şayətdir, sizdən soruşub deməzlər ki, kim sizlərə hüquq verib ki, ali məktəblərin nəzdində hazırlq kurslarının  məzunlarını özəl hazırlıq kurslarının məzunlarından üstün tutasınız? Burada sizə  daha bir maddəni xatırladıram: "Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Azərbaycan Respublikasının Konstitusiyası, maddə 29. II)". 

Məsələnin hüquqi tərəfini  bir kənara qoyaq. Milli Məclis kollegial orqandır. Burada yaradılan  Təhsil Komitəsinin qəbul etdiyi qərarlar da komitə üzvləri olan deputatlar tərəfindən qəbul edilir. Maraqlıdır, bu qədər komitə üzvündən, əcəba, niyə biri qəbul ediləcək qərarın nəticələri barədə düşünmür. Ali məktəbə müsabiqədənkənar qəbul olmaq nə deməkdir ? Bu, digər abituriyentlərin hüquqlarını pozmaq deyilmi? Cavab verməyin, dişsiz arqumentlərinizə bələdəm, deyəcəksiniz ki, həmin abituriyentlər qəbul zamanı müəyyən bal toplamışlar. Oxşar dəlillər yenə tapa bilərsiniz, məsələn, onlar oxuduğu müəssisədə imtahan verdikdən sonra ali məktəblərə qəbul ediləcəklər. Biliyin bu yolla yoxlanmasına çoxdan bələdik. Əgər ali məktəblərdə normal imtahan keçirilirsə, onda niyə əmək bazarımız bomboşdur, kadr çatışmazlığı kritik həddədir. Dövlət İmtahan Mərkəzi, bir sıra nöqsanlarına baxmayaraq, cəmiyyət qarşısında özünü təsbit etmiş yeganə qurumdur. Ali məktəblərə  DİM-dən kənar istənilən qəbul (olimiada iştirakçılarından başqa) qanunsuz sayılır və bundan sonra da belə olmalıdır.

Sirr deyil ki, Təhsil Nazirliyi,  imkanı daxilində, təhsildə korrupsiyaya qarşı sərt tədbirlərini davam etdirir. Bunları biz zaman- zaman sadalamışıq. Nazirlik son tədbirlərinin birində olimpiada iştiralçılarına medallar təqdim etdi. Medalçılar arasında əyalət məktəblərinin şagirdlərini görəndə heyrət məni bürüdü. Qaliblərin sayı qısa bir müddət ərzində dəfələrlə artmışdı. Bütün bunların yeganə detonatoru olimpiada iştirakçılarının biliyinin  obyektiv qiymətləndirilməsidir.

 Belə bir zamanda İsa müəllimin və onun komandasının fəaliyyəti təəssüf doğurur. Bu fəaliyyət Təhsil Nazirliyinin pozitiv işləri ilə daban- dabana ziddir.

Bilmirəm, Elm və Təhsil Komitəsi atdığı addımın fərqindədirmi ? Bilərəkdən edirsə, deməli, bu, « testofob » mahnısının davamıdır, yəni bir çoxlarının korrupsiyaya bulaşmış əlləri qaşınır.   Belə getsə, hazırlıq əməlli- başlı bazarlığa çevriləcək.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. 

Arqument.Az