"Heç bir hakimiyyət, hətta krallar öz xalqı ilə belə davranmır"

27-07-2016 10:18 / Bu xəbər 1150 dəfə oxundu

"Konstitusiyanın dəyişdirilməsi normal cəmiyyətlər üçün çox mühüm hadisədir. Yalnız ciddi müzakirələr, ictimai debatlardan sonra referendum qərarının qəbul edilməsi mümkündür. Bu da yalnız onilliklər ərzində bir dəfə baş verir. Azərbaycanda isə referendum keçirilməsi qərarı bir həftə ərzində, müzakirələrsiz, ictimai debatlar olmadan qəbul edildi".

Arqument.Az xəbər verir ki, bunu Müsavat başqanı Arif Hacılı feysbukda yazıb.

"Bu struktur dəyişikliyi deyil, dövlət quruluşu, idarəçilik sistemi dəyişdirilir. Prezident hakimiyyəti mütləqləşdirilir, parlament və Nazirlər Kabineti kimi hakimiyyət strukturlarının səlahiyyətləri bir qədər də məhdudlaşdırılır, mülkiyyət hüququna əl qoyulur. 2 ay ölkənin siyasi həyatı bu məsələyə kilidlənəcək, milyonlarla vəsait xərclənəcək.
Dəyişiklik təklifinin müəllifi isə bu dəyişikliləri nəinki müzakirəyə çıxartmır, hətta dəyişikliklərin hansı zərurətdən doğduğunu, hansı məqsədlə edildiyini belə açıqlamağı lazım bilmir. 
Heç bir hakimiyyət, hətta krallar öz xalqı ilə belə davranmır. Bu davranış xalqa qarşı həqarətdir. Biz belə davranışa layiq xalq deyilik. Bizimlə belə davranışa layiq olmadığımızı təsdiq etməliyik", - Arif Hacılı bildirib.

Arqument.Az