"Heç bir hüquqi və mənəvi əsası yoxdur" - Bəşir Süleymanlı

24-08-2016 16:01 / Bu xəbər 994 dəfə oxundu

"Qadağan olunmuş kitablarla bağlı Azərbaycan hökümətinin açıqlaması olmayıb. Təbii ki, bunlar saxta, heç bir hüquqi və fundamental əsası olmayan ittihamlardır”.

Bunu Arqument.Az-a hüquq müdafiəçisi Bəşir Süleymanlı AXCP sədrinin köməkçisi Faiq Əmirliyə 3 ay həbs-qətimkan tədbiri seçilməsinə münasibət bildirərkən deyib.   

Onun sözlərinə görə, Faiq Əmirlinin həbsinin dini motivlə heç bir bağlılığı yoxdur: "Faiq Əmirlini tanıyırıq. Bilirik ki, onun həbsinin Gülən hərəkatı və ümumiyyətlə, dinlə heç bir bağlılığı yoxdur. Onun həbsi siyasi motivlidir. Ona görə də, hamı kimi biz də bunu saxta ittiham kimi qəbul edirik. Qadağan olunmuş kitablarla bağlı Azərbaycan hökümətinin heç bir açıqlaması olmayıb, ümumiyyətlə, qadağan olunmuş kitablar və  ədəbiyyatla bağlı heç bir siyahı dərc edilməyib. Belə bir siyahı olmadığı, heç vaxt belə bir açıqlama verilmədiyi halda, kitabla həbs etmək bəhanəsi də absurddur. Biz zamanında dəfələrlə hökümətin üst qatında olan insanların istər Qafqaz universitetdəki tədbirlərdə, istərsə də onların digər tədbirlərində iştirakını görmüşük. Əgər onlarda belə problemlər var idisə, Gülən hərəkatının mənfi tərəfləri ilə bağlı məsələni hakimiyyət niyə qaldırmayıb? Belə bir vaxtda bu kimi iddialarla kimlərisə həbs etmək də absurddur. Əgər kitablar qadağan edilirsə və təşkilat terrorçu kimi qələmə verilirsə, bunun üçün qanuni məhkəmə hökmü olmalıdır. Bundan sonra bu sahədə çalışan, bu kitablardan istifadə edən, bu cərəyana yönələn insanlarla bağlı araşdırma aparılmalıdır. Belə çıxır ki, sabah Bəşir Suleymanlı ilə əlaqəsi olan hər hansı bir insan "terrorçu ilə münasibət" ittihamı ilə həbs edilə bilər. Bu çox absurddur və bu absurdun heç bir hüquqi və mənəvi əsaslanması yoxdur".

Faiq Əmirlinin həbsinin "Azadlıq" qəzetinin bağlanmasına zəmin olaraq planlaşdırıldığını ehtimal edən hüquq müdafiəçisi bildirib ki, hüquqa əsaslanmayan bir ittiham barədə fikir yürütmək və yaxud da əsaslar tapmağa ehtiyac yoxdur: "Bu, F.Əmirliyə və yaxud AXCP-ə qarşı olan bir prosesdir. O cümlədən, ehtimal olunur ki, "Azadlıq" qəzetini də bu prosesdə bağlaya, Milli Şuranın digər üzvlərini və qurumları da bu prosesə cəlb edə bilərlər. Yəni hüquqa əsaslanmayan bir ittiham barədə fikir yürütmək və yaxud da əsaslar tapmağa ehtiyac yoxdur”. 

Qeyd edək ki, avqustun 22-si Nəsimi Rayon Məhkəməsində "Azadlıq" qəzetinin yayım işləri üzrə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası ( AXCP) sədrinin köməkçisi Faiq Əmirli barəsində 3 aylıq həbs qəti imkan tədbir seçilib. O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirləndirilir. 

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilir ki, axtarış zamanı Faiq Əmirlinin avtomobilindən idxalına müvafiq razılıq tələb edilən Fətullah Gülənə həsr olunmuş 3 kitab, onun xütbələrinin video yazısı olan 8 disk, mənzilindən isə "Azadlıq” qəzeti redaksiyasının qaimə-fakturalarının toplandığı 2 sellofan torba, elektron informasiya daşıyıcıları və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.

AXCP, Milli Şura, Müsavat və digər siyasi təşkilatlar ittihamları rədd edərək, Faiq Əmirlinin həbsini siyasi sifariş hesab edir. 

Gülnar İsmayıl
Arqument.az