Həbs edilmiş bloger anasının dəfnində iştirak edib

Həbs edilmiş bloger anasının dəfnində iştirak edib

07-08-2018 14:56 / Bu xəbər 1955 dəfə oxundu

Bu gün Firəngiz Hüseynova - həbs cəzası çəkən məşhur bloger Mehman Hüseynovun anası dəfn edilib. 

O, dəfn mərasimində iştirak etmək üçün cəzaçəkmə müəssisəsindən 4 saatlıq buraxılıb.

Hüseynovların Qaraçuxur qəsəbəsindəki evləri qarşısındakı yas mərasiminə yüzlərlə insan - qohumlar, jurnalist ictimaiyyətinin nümayəndələri, vətəndaş fəalları və siyasi fəallar, müxalifət partiyalarının liderləri toplaşıb.

Firəngiz Hüseynova Suraxanı qəbirstanlığında torpağa verilib.

Qeyd edək ki, avqustun 6-da da M.Hüseynovu bir neçə saatlıq cəzaçəkmə müəssisəsindən buraxıblar, amma gecəni ata evində yaxınları ilə keçirməsinə icazə verməyiblər.

Bloger Mehman Hüseynov və onun qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildiriblər ki, anaları Neftçilər Xəstəxanasında qəribə şəraitdə vəfat edib.

İyulun 15-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirildikdən sonra o, reanimasiyada olub və süni nəfəs aparatlarına qoşulub.

Amma ölümündən bir gün əvvəl onu reanimasiyadan intensiv kardiologiya şöbəsinə keçiriblər. Avqustun 6-na keçən gecə o, vəfat edib.

Anasının ağır vəziyyətdə olmasına baxmayaraq, blogerin anası ilə görüşməsinə icazə verməyiblər.

Mehman Hüseynov 3 mart 2017-ci il tarixində Nəsimi rayon Polis İdarəsi rəisinin iddiası əsasında böhtan ittihamı ilə həbs edilib.

İddianın verilməsi üçün blogerin 2017-ci ilin yanvarında bu polis idarəsində işgəncələrə məruz qalması haqqında bəyanatları bəhanə olub.

Amnesty İnternational təşkilatı bloeri "vicdan məhbusu" kimi tanıyıb.