Həbsdə olan jurnalist evindəki axtarışa etiraz edir

Həbsdə olan jurnalist evindəki axtarışa etiraz edir

12-06-2017 17:43 / Bu xəbər 1122 dəfə oxundu

"Kanal-13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun evində axtarış aparılması haqda Nəsimi Rayon Məhkəməsinin iyunun 2-də çıxardığı qərardan apellyasiya şikayəti verilmişdi. 

İyunun 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə həmin şikayətə baxılıb.

Qapalı keçirilən məhkəmə haqda AzadlıqRadiosu-na məlumat verən vəkil Cavad Cavadov bildirib ki, şikayət təmin olunmayıb, qərar qüvvəsində saxlanıb.

Bununla belə, Cavad Cavadov jurnalistin evində axtarış aparılması haqda qərarı qanunsuz və əsassız hesab edir.

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Vəkili Ə. Orucova qarşı ittihamların əsassız olduğunu bildirir. Deyir ki, onun həbsi "Kanal-13" internet televiziyasının fəaliyyəti, başqa telekanallarda çıxışına imkan verilməyən adamlara burada efir imkanı yaradılması, hökuməti tənqid edən fikirlərin səslənməsi ilə bağlıdır.