Həbsdə olan jurnalist müraciət yaydı

Həbsdə olan jurnalist müraciət yaydı

22-01-2017 01:43 / Bu xəbər 1565 dəfə oxundu

Həbsdə olan jurnalist İkram Rafiqoğlu kutləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.

Bu barədə AzToday.az məlumat yayıb. 

Jurnalistin müraciətində deyilir:  

"Hörmətli Baş redaktorlar və jurnalistlər.

25 noyabr 2016-cı ildə Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun sifarişi ilə eyniadlı şəhər məhkəməsinin hakimi İlyas Mahmudov məni Cinayət Məcəlləsinin 147.2. maddəsilə ittiham edərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmişlər. Əvvəllər çalışdığım "Hürriyyət” qəzetində dərc olunan məqalələrə görə məndən qisas almağa çalışan Zakir Fərəcov və qohumları adı çəkilən qəzet rəhbərliyi sövdələşməyə gedərək onlarla məqsədlərini ortaya qoydular. Hazırda da "Hürriyyət” qəzetinin rəhbərliyi və Zakir Fərəcov cütlüyü mənə qarşı təxribatlarla məşğul olmaqla çirkin niyyətlərini həyata keçirməkdədirlər. Mənim və qohumlarımın adından təmsil olunduqları qəzet və "Hurriyyet.org” saytında təxribat dolu, yalançı məlumatlar yayır və guya mənim, qanunsuz əməllərilə cəmiyyətdə ad çıxarmış Fərəcovlarla barışmaq istədiyimi dilə gətirməkdədirlər.

Xatırladım ki, Sumqayıt şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun barəmdə çıxartdığı hökmdə ittiham olunan tərəf adı çəkilən qəzetdir. Məhkəmə iclasları zamanı "Hürriyyət” qəzetinin rəhbərliyi Zakir Fərəcovla gizli sövdələşərək razılığa gəlmiş və mənim ittiham olunmağıma şərait yaratmışdılar. Hətta hakim qəzetin rəhbərliyinin Zakir Fərəcovdan üzr istəməsini qabardaraq mənə də icra başçısından üzr istəyib barışmağımı təklif etdi. Məhkəmədə xüsusi ittiham qaydasında şikayətə baxarkən hakimə qanuna zidd hərəkətlərin olması barədə xəbərdarlıqlarım, qaldırmış olduğum vəsatətlər təmin olunmamaqla mənə qarşı qərəz ortaya qoyulmuş, qəzetdə dərc olunan və müəllifi olmadığım yazıya görə barəmda hökm çıxarılmışdır. Əslində məqsəd rəhbəri olduğum "Realliq.info” saytında Zakir Fərəcovun qanunsuz əməlləri barədə müəllifim olduğum yazılara görə cəzalanmağımdır. Acı olsada, "Hürriyyət” qəzetinin yaşaması üçün illərlə əlimdən gələni etmişəm, lakin qəzet rəhbərliyinin bu gün gizli qalmamış xəyanətkar əməlləri Zakir Fərəcov kimilərin maraqlarına xidmət etməklə jurnalistikaya, cəmiyyətə və şəxsiyyətə doğri olmayan yanaşma, şərəf və ləyaqətə qarşı açılmış savaşdır. Hər şeyin dəyərini maddiyyatda axtaran bir media orqanının təxribatı və həbsdə olmağımdan yararlanaraq məni ləkələmələrinə cəhd etmələri insanlığa sığışmayan əməl kimi qiymətləndirilməlidir.

Hörmətli jurnalistlər və media rəhbərləri.

Sizə müraciətimin məqsədi mənim həbsdə olmağıma baxaraq Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun sifarişlərini yerinə yetirən bəzi media orqanlarının adından yalançı məlumatlar yayılmasına etirazımı bildirməyinizi xahiş etməkdir. Mən millətin cibinə girib halal zəhmətləri hesabına əldə edilmiş vəsaitlərə sahib çıxan, onların əməyini istismar edən, özünü kürd adlandıraraq cinayətkar şəbəkə yaradan Zakir Fərəcovla heç bir halda barışmayacağam. Zakir Fərəcov kimdir-sualına cavab axtaran hər bir şəxs yaxşı bilir ki, bu məmur keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun və onun işgəncə maşını sayılan, hazırda həbsdə olan Akif Çovdarovun yaxın dostudur. Bir müddət öncə adı çəkiləm Eldar-Akif cütlüyünə milyonlar dəyərində hədiyyələr verən və onların əli ilə Abşeronda haqlı etirazçıları şantaj edərək susduran şəxs Zakir Fərəcovdur. Sumqayıt şəhərində yaşayış binalarının qarşısını, uşaq bağçalarını şəxsi məqsədləri üçün satan və həmin ərazilərdə obyektlər tikdirən icra başçısı Zakir Fərəcov Dövlətin şəhərin inkişafı üçün ayırdığı milyonlarla vəsaiti də mənimsəmişdir.

Çox təəssüflər olsun ki, Zakir Fərəcovun qanunsuz əməlləri cavabsız qalmaqdadır. Maraqlı bir fakt da odur ki, icra başçısının kürəkəni demokratik dəyərlərə önəm verən, İsveçrə kimi ölkədə Azərbaycanın səlahiyyətli səfiridir. Halbuki, İsveçrə dövləti azad sözü boğanlara qarşı sərt mövqe nümayiş etdirir, lakin Zakir Fərəcovun yaxın qohumununa ölkəsində yer verməklə dəyərlərə xələl gətirməkdədir. Azərbaycanda jurnalistlərə işgəncə verməklə onların qanunsuz yolla susdurulmasında önəmli rol oynayan, azadlıq və demokratik dəyərlərə savaş açan bir məmurun adının İsveçrə kimi dövlətdə xoş səsləndirilməsi acı həqiqətdir. 

Hörmətli media rəhbərləri və jurnalistlər.

Sumqayıt şəhər Məhkəməsi qanunları pozaraq barəmdə çıxarmış olduğu hökmlə məni Cinayət Məcəlləsinin 147.2. maddəsi ilə təqsirli bilərək həbs etmişdir. Bu maddə Cinayət Məcəlləsində böhtanla məşğul olanlara şamil edilməli olduğu halda doğru sözü deyən insanların hüquqlarını qorumağa çalışan jurnalistə tətbiq olunub. Mənim yazılarımda heç bir böhtan olmadığı halda məsuliyyətə cəlb olunmağım sifarişdən başqa bir şey deyildir. Məhkəmənin hakimi İlyas Mahmudov qanunları pozaraq "İnsan hüquqlarının və əsas azadlıqarın müdafiəsi” haqqında Konvensiyanın 6-cı və 10-cu maddələrini, o cümlədən həmin maddələrin tətbiqi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, hakim heç bir əsas olmadan kütləvi informasiya vasitələrində mənə doğru sözü deməyimə məhdudiyyətlər qoymuş, əsassız olaraq jurnalist fəaliyyətimə həbs qoymuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının və CPM-nin (Cinayət prosesual məcəlləsi) müvafiq maddələrini kobud şəkildə pozmuşdur. Belə ki, Cinayət Prosesual Məcəlləsinin 302.3.1, 293.3.1, 293.3.7-ci maddələri xüsusi ittiham qaydasında şikayət hazırlanarkən və hakim tərəfindən icraata qəbul olunarkən pozulmuşdur. Həmin məcəllənin 293.3.3-cü maddəsində qeyd olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi(şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və məhz əməlin həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Lakin haqqımda qaldırılmış və məhkəmə tərəfindən icraata götürülmüş xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan məqalə "Əli-94 ticarət mərkəzində 1.94 milyon manatlıq yeyinti” başlıqlı yazıda müəllif "Hürriyyət” qəzetinin əməkdaşı Rəşad adlı şəxsdir. Həmin məqalənin müəllifi mən deyiləmvə lakin bununla bağlı etirazlarıma baxmayaraq müəllifim olmadığım yazıya görə məni ittiham etmişdir. İlyas Mahmudov mənə açıq şəkildə bildirdi ki, xüsusi ittiham qaydasında şikayətdə nə yazılmasından asılı olmayaraq Sumqayıt icra başçısından yazdığım üçün həbs olunacağam. Bununla hakim Cinayət Prosesual Məcəlləsinin 318.1-ci maddəsini pozaraq ittihamdan kənara çıxmışdır. Bundan başqa, hakim cinayətin törədildiyi yer(əgər cinayət var idisə) "Hürriyət” qəzeti Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşir və dərc olunuur. Rəhbərim olduğum "Realliq.info” saytı Yasamal rayonu ərazisində yerləşir və özüm Masallı rayonunda qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhəri Binəqədi rayonunda yaşayıram. Hakimİlyas Mahmudov Cinayət Prosesual Məcəlləsinin 74.1-ci maddəsini kobud surətdə pozmuşdur. Həmin maddədə qeyd olunur ki, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdikasına aid olan birinci instansiya məhkəməsində baxılır. CPM-nin 75-ci maddəsinə  əsasən cinayət işinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyatı mütləq yoxlanılmalıdır, materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə məhkəmə onu aidiyyatı üzrə göndərməlidir.  Sumqayıt məhkəməsinin sədri Zeyqəm Hüseynov və hakimi İlyas Mahmudov xüsusi ittiham qaydasında şikayətlə aliment işləri arasında fərq qoya bilmir. Məhkəmə elə bil xüsusi ittiham qaydasında şikayətə deyil, aliment işinə baxır və məhkəmə aidiyyatını iddiaçının yaşadığı yerə görə müəyyən edir. Halbuki, cinayət prosesində məhkəmə aidiyyatının pozulmasına qəti olaraq yol verilmir və qanunun bir mənalı mövqeyi ondan ibarətdir ki, işə baş verdiyi ərazinin məhkəməsi baxmalıdır. Məhkəməmin sədri Zeyqəm Hüseynov və İlyas Mahmudovla birincinin otağında görüşüm zamanı onlara qanunun pozuntularını başa sala bilmədim. Hər iki şəxsin mövqeyi o idi ki, onlar üçün qanun Zakir Fərəcovun tapşırıqlarıdır. 

Hörmətli baş redaktorlar və jurnalistlər.

Hazırda Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasında saxlanılıram. Sumqayıt şəhər məhkəməsinin qanunsuz hökmündən apelyasiya şikayəti vermişəm. Apelyasiya məhkəməsinin də Sumqayıt şəhərində yerləşməsi ədalətin bərqərar olacağına olan ümidləri azaldır. Zakir Fərəcov və onun arxasında dayananlar Sumqayıt Apelyasiya məhkəməsi vasitəsilə azadlığa qovuşacağıma mane olacaqlar. Sizdə xahişim həbsdə olduğum dövrdə Zakir Fərəcova yaxın olan media orqanlarının mənə qarşı təxribat xarakterli məlumatlara inanmamağınızvə bu addımı atanlara qarşı mənim tərəfimdə yer almağınızdan ibarətdir. İnanıram ki, Zakir Fərəcovun çirkin məqsədinə çatmasına mane olacaqsınız və haqq-ədalətin bərpa olunması üçün dəstəyinizi məndən əsirgəməyəcəksiniz.
Sizə öncədən təşəkkür edirəm".

AzToday.az