Həbsdəki jurnalistdən nazirə çağırış

Həbsdəki jurnalistdən nazirə çağırış

06-07-2017 17:53 / Bu xəbər 1088 dəfə oxundu

Həbsdə olan jurnalist, 7gün.az saytının baş redaktoru, siyasi məhbus Cavid Şirəliyev daxili işlər naziri Ramil Usubova müraciət edərək, onu özünün cəza çəkdiyi 9 saylı cəzaçəkmə müəssisəsinə dəvət edib. 

C.Şirəliyev polisdə məruz qaldığı işgəncə izlərini nazirə göstərmək niyyətindədir.

C.Şirəliyev 2014-cü ilin avqust ayında həbs olunub. Özünün bildirdiyinə görə, həbs olunan zaman DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ("bandotdel”) ona, "etirafedici ifadələr” almaq məqsədilə, ağır işgəncələr verilib, günlərlə döyülüb, ac-susuz saxlanılıb və ayaq dırnaqları çıxarılıb. Jurnalist vəkili vasitəsilə bu məlumatı yayandan sonra DİN Mətbuat Xidməti onu təkzib edərək, polis bölmələrində həbs olunan şəxslərə işgəncə verilmədiyini bildirmişdi.

C.Şirəliyev bu dəfə nazir Ramil Usubova bir neçə sual ünvanlayıb və onu görüşə dəvət edib.

Jurnalistin müraciəti barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev feysbukda məlumat yayıb.

C.Şirəliyev nazirə müraciətində yazır:

Cənab nazir, bəlkə, deyəsiniz:

1) Tanınmış hüquqşünas Aslan İsmayilovun "Bandotdel”də zorakılığa məruz qalması da böhtandır?

2) İlahiyyətçı Tale Bağırzadənin və dostlarının "Bandotdel”də vəhşət saçan, dilə gətiriləsi mümkün olmayan amansız işgəncələrə məruz qalması yalandırmı?

3) Gənc fəal Qiyas İbrahimlinin anası ilə birgə yaşadığı bir otaqlı evinə heroin yerləşdirib, sonradan nümayişkəranə surətdə pokovnikin önündə diz çökdürülməsi cəhdini hara yazaq?

4) "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarının mənzilində narkotik maddələr "aşkarlayanlar” bəlkə Mozambik polisləridir?

5) Kütləvi aksiyalar zamanı ahılı, uşağı, qadını yerlə sürüyən, onlara divan tutan Azərbaycan polisi deyilsə, bəs kimdir?

6) Peşə fəaliyyətini yerinə yetirən zaman polis dəyənəyi altında əzişdirilən, zorakalığa məruz qalan jurnalistlərin adlı siyahısını yenidən çap edəkmi?

7) Qusarda "Qarabulaq”-da kütləvi qəbristanlığın sahibi uzun illər Daxili İşlər Nazirliyində məsul vəzifədə çalışmış Hacı Məmmədovun olmasına bəlkə hələ də inanmırsınız? Və ya adam oğurluğu, reketçilik, soyğunçulqlaməşğul olan polis orqanlarında çalışmış, təqsirli bilinərək uzun illərə məhkum olunan yüksək rütbə sahiblərinin adlarını yenidənmi sadalayaq?

Mən bu sualların sayını çoxalda bilərəm. İnanıram ki, rəsmlər bu və buna bənzər sual dolu faktlar ətrafında düşünmək əvəzinə təkzib və ittiham xarakterli açıqlamaların sayını çoxaldacaqdır.

Eyni zamanda "Bandotdel”də ayaq barmaqlarımın dırnaqlarının çıxardılmasına, əl-qolumun bağlı şəkildə saatlarla işgəncə altında saxlanmağıma etinasız yanaşan Ramil Usubov, sizə səslənirəm:

Əgər göstərdiyim hallara şübhə ilə yanaşırsınızsa, Sizi 9 saylı Cəzaçəkmə Müəssisəsinə dəvət edirəm. Gəlin, hələ də sağalmayan qara rəngli ayaq dırnaqlarımı əyani surətdə öz gözlərinizlə görün. Onda biləcəksiniz mən yalan danışıram, yoxsa əməkdaşlarınız.

azadliq.info