Həlak olan pilotla vida mərasimi keçirilib

Həlak olan pilotla vida mərasimi keçirilib

21-08-2019 13:31 / Bu xəbər 306 dəfə oxundu

28 gün sonra nəşi tapılan pilot Rəşad Atakişiyev son mənzilə yola salınıb

Qabil Hüseynli: "Tədbir siyasi məqsədlər üçün istifadə olunmasın”

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində avqustun 21-də polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi keçirilib.

Pilotun nəşi II Fəxri Xiyabanda dəfn edilib.

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

R.Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli APA-ya bildirib ki, ötən gün səsləndirdiyi fikirlər yanlış anlaşılıb, bugünkü tədbir dövlət tədbiri olduğu üçün buradan siyasi məqsədlər üçün istifadə olunmasın.

"Sabah isə Heydər Məscidində saat 12-də 3 və 7 mərasimi keçiriləcək. Orada hər kəs iştirak edə bilər”.

İyulun 24-də saat 22.00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29” təyyarəsi qəzaya uğrayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən təyyarə ilə qəflətən rabitə əlaqəsi kəsilib və radarlardan itib.

Azərbaycan Hərbi Prokurorluğu MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açıb.

Təyyarənin tapılması üçün Türkiyədən mütəxəssislər cəlb edilmişdi. Avqustun 19-da təyyarənin "qara qutusu” tapılıb.

Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.