“Hələ də atamın yanında özümü uşaq kimi hiss edirəm”

“Hələ də atamın yanında özümü uşaq kimi hiss edirəm”

26-12-2015 03:34 / Bu xəbər 2249 dəfə oxundu

"Mənim üçün ən ağır faciə doğulduğum Cəbrayılın işğal olunmasıdır”

 "Xalqla hakimiyyəti üz-üzə qoymaq olmaz”

Dekabrın 25-də Müsavat Divanının üzvü, partiyanın Təşkilat Şöbəsinin müdiri Razim Əmiraslanlının 50 yaşı tamam oldu. Cəbrayıl rayonunda anadan olan yubilyar indiyə qədər keçdiyi həyat yolunda  Azərbaycan siyasi səhnəsində hər zaman  yer alıb, demokratik mübarizəyə töhfəsini verən isimlərdəndir. 

R.Əmiraslanlı ilə yarım əsrlik ömür həyatı ilə bağlı söhbət etdik. 

- Razim bəy, artıq 50 ili geridə qoyursunuz. Nə hisslər keçirirsiz?

- İlk növbədə, müsahibə üçün sizlərə təşəkkür edirəm. Onu qeyd edim ki, yubileyimlə bağlı Rauf Arifoğlu başda olmaqla, "Yeni Müsavat” kollektivinin əksər əməkdaşları məni təbrik edənlər sırasındadırlar. Təbrikə görə buradan onlara dərin təşəkkürümü bildirirəm. 50 il insanın hesabat üçün ən önəmli dövrüdür. Eyni zamanda, insan ömrünün kulminasiya nöqtəsidir. 50 ildən sonra insanın yüksəliş dövrü başlayır. Uşaqlıq vaxtlarımızda valideynlərimiz yaşlı olduqlarından, 50 yaş çox uzaq və əlçatmaz görünürdü. Bu yaşa çatdıqda isə 50 yaşın çox olmadığını gördük. 20 yaşımda necə idimsə, hazırda özümü yenə o ruhda hiss edirəm. Həyatımda ciddi bir dəyişiklik hiss etmirəm. Bu yaşdan sonra da hesab edirəm ki, heç nədən çəkinmək lazım deyil. Qocalığın, yaşlanmanın özü də gözəl bir hissdir. Artıq bu dövrə qədəm qoymaqdayam. Ailəmizdə bir ənənə var. Atamın hazırda 80 yaşı var. Övladı olaraq, hər səhər evdən çıxanda atamın xeyir-duasını alıram, salamat qal deyirəm. Bu gün yaşımla bağlı təbrik etdi. Təsəvvür edin ki, 50 yaşım var, amma hələ də atamın yanında özümü uşaq kimi hiss edirəm. Çox qəribə hisslər keçirdim. Bu yaşımıza qədər böyük nailiyyətlər əldə etməsək də, amma şərəfli bir kişi ömrü yaşadığıma görə qürur duymuşam. Mənim üçün ən böyük nailiyyət şərəfli ömür yaşamağımdır. Ailədən bu tərbiyəni almışam. Atam zəhmətkeş bir insan olub. Övladlarının təhsil alması üçün bütün əziyyətləri çəkib. Onun əsası sözü "namusunuz olsun”dur. Çalışmışam ki, hər zaman ləyaqətlə yaşayım. Valideynlərimin, ailəmin, yaxınlarımın başını uca etmək ən böyük məqsədim olub. Mənə güvənən insanların daim etimadını doğrultmağa çalışmışam. Bundan sonra da mübarizəmiz davam edəcək.



- Arxada qalan 50 ilə boylananda sevincli, yoxsa kədərli günləriniz çoxdur? 

- 50 illik ömrümdə ciddi hadisələr baş verib. Gənclik illərimdə kifayət qədər fəal olmuşam. Milli hərəkat dövründən proseslərin içindəyəm. BDU-nun hüquq fakültəsini bitirmişəm. Az da olsa, nailiyyətlərim var. Təbii ki, bu illər ərzində ciddi itkilərimiz olub. Amma mənim üçün ən ağır faciə doğulduğum Cəbrayılın işğal olunmasıdır. Bu işğal həyatıma dəhşətli üzlər buraxıb. Torpağıma çox bağlı bir insanam. Biz öz doğma vətənimizdə ana torpağımıza həsrət qalan insanlarıq. Bütövlükdə Qarabağın işğalı ən ağrılı faciəmdir. Amma ömrümüzü də hədər verməmişik. Bu illər ərzində ölkəmizin müstəqil olması, yerdə qalan vətən torpaqlarının işğal altına düşməməsi , demokratiyanın bərqərar olması üçün daim mübarizə aparmışıq. Əvvəllər sıravi hərəkatçı, daha sonra Müsavat Partiyasının üzvü olmuşam. Son illərdə isə, Müsavatda rəhbərlikdə təmsil olunuram. Ciddi nəticəyə nail olmasaq da, gələcək baxımından ümidliyəm. İnanıram ki, apardığımız mübarizənin bir nəticəsi olacaq. 


Müsavat funksioneri Razim Əmiraslanlının 50 yaşı tamam oldu; yubilyardan yarım əsrlik ömrü barədə maraqlı açıqlamalar:"Kolumb Amerikanı 50 yaşından sonra kəşf edib” 



- Razim bəy, gənclərin siyasətdə önə keçmələri üçün çağırışlar olunur. 50 yaşlı Razim Əmiraslanlı bu fikirlərə nə deyir?

- Belə fikirlər səslənir ki, yaşlı təbəqə siyasətdən getsin, yerini gənclərə versin. Amma yaşın fərqindən asılı olmayaraq, düşünürəm ki, insan özü həyatda nəyəsə nail olmalıdır. Kimsə kiminsə yerinə nəticə qazana bilməz. Dünyada elə şəxslər var ki, 50 yaşlarından sonra ciddi uğur qazanıblar. Hacı Zeynalabdin Tağıyev 50 yaşından sonra milyonçu olub. Kolumb Amerikanı 50 yaşından sonra kəşf edib. Belə misalları çox çəkə bilərik. "İnsan yalnız 20-30 yaşlarında nəyisə qazana bilər”, düşüncəsi kökündən yanlışdır. İnsanlar var ki, ömürlərinin sonlarına qədər sahələrinə uyğun fəaliyyət göstərirlər, hər zaman da nailiyyətləri olur. Bu yaşda insanda hansısa bir yorğunluq əlaməti sezilə bilər. Amma enerji insanın özündən asılıdır. Ruhdan düşməyə dəyməz. 

- Keçən həyatınızda ən faciəli anın Cəbrayılın işğalı olduğunu dediniz. Nə zamansa o torpaqlara qayıdacağınıza inanırsınız?

- Hər ilin 23 avqustunu çox kədərlə qarşılayırıq. On minlərlə məcburi köçkünümüz var. Biz cəbrayıllılar çox bölgədə məskunlaşmışıq. Özümü iradəli şəxs saymışam. Qorxu hissləri mənə yaddır. Amma yaş keçdikcə, artıq vətən həsrəti içimi dağıdır. Cənubi Azərbaycandan Cəbrayıl görünən yerə həsrətlə baxdığım günlər olub. Vaxt var idi ki, Xudafərin körpüsündən o yerlərə baxırdıq. Nə zamansa oraya, Arazın o tayındakı vətən parçasına getməyi xəyal edirdik. Amma indi o yerlərdən Cəbrayıla həsrətlə baxırıq. İnanıram ki, o torpaqlara mütləq qayıdacağıq. Toy məclislərimizin sanki dadı da qaçıb. Bu torpaqdan dəyərli şəxslər çıxıb. Sabir Əhmədli var, dəyərli yazıçımızdır. O, həmişə deyirdi ki, ürəyim Cəbrayıldan ötrü nanə yarpağı kimi əsir. Yeni evlənənlər, nişanlı olanlar yenə də o torpaqlarda xeyir-dua alacaqlar. Tanrıdan arzu edirəm ki, tezliklə vətən həsrətimiz sona yetsin. Çox ağırdır. İnsanlar doğulduqları torpağı görmədən bu dünyadan gedirlər. 

- İndiyə qədər qeyd etdiniz doğum günlərindən ən çox yadda qalan hansı olub? 

- Heç vaxt ad günlərimi xüsusi qeyd etməmişəm. Önəm də verməmişəm. Yaş üstünə yaş gəlməsinə sıradan bir doğum günü kimi baxmışam. Bu günü çox zaman ailə çərçivəsində qeyd etmişik. 50 illik yubileyim də adi günlərdən biridir. 

- 50 yaşınızda nə düşünürsünüz, Razim Əmiraslanlı unudulur, yoxsa daha çox yaddaşlara köçür? 

-  Hər zaman səmimi yaşamağın və səmimi olmağın tərəfdarıyam. Çalışmışam ki, həyatda ancaq dost qazanım. O dostların heç vaxt etimadlarını itirməmişəm. Açığı, gələn təbriklərdən çox təsirləndim. Təsəvvür edin ki, yüzlərlə təbrik gəldi. Önəmli simalardan da təbriklər aldım. Keçmiş başqanım, siyasi liderim İsa Qəmbərdən, Müsavat başqanı Arif Hacılıdan, partiya rəhbərlərindən təbriklər gəlib. Bu çoxsaylı təbriklərdən sonra hiss edirsən ki, yaşamağa dəyər. Sənə etimad edirlərsə, inanırlarsa, yaşamaq gözəldir. Göstərilən diqqətə görə, təbrik edənlərin hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Həyat hələ qabaqdadır. Ən müdrik yaş 50 və ondan sonradır. Çünki insan daha çox davranışlarını ölçüb-biçir, hərəkətlərinə daha çox fikir verir. Belə də olmalıdır. 

- Azərbaycan siyasətində hazırda bir durğunluq var. Öndə gedən ana partiyalardan birinin rəhbərliyində təmsil olunan şəxs kimi bunlar sizdə ruh düşkünlüyü yaradırmı? 

- Hamımız siyasətdə olan vəziyyəti görürük. Amma bu ümumi bir cəmiyyətin bəlasıdır.  Tək Müsavatda deyil, bütün müxalif camiədə durğunluq  var. Bunun günahı tək müxalifət deyil. Hakimiyyətin siyasətinin məntiqi nəticəsidir. Cəmiyyətin fəallığı aşağı səviyyədədir. Düşünürəm ki, xalqla hakimiyyəti tək-təkə, üz-üzə qoymaq olmaz. Müxalifət fəaliyyətini gücləndirməli, siyasi səhnədə öz yerini almalıdır. Xalqla açıq təmasa getmək lazımdır. Öndə gedən partiyalardan Müsavatın üzərinə böyük vəzifələr düşür. Missiyamız xalqın fəallığını artırmaqdır. Yaşımdan asılı olmayaraq, yenə də mübariz əhval-ruhiyyədəyəm. Mübarizənin ömrüm boyu daim önündə olacam. Hələ ki yorulmamışıq, enerjimiz qalır. Bizi qınayırlar ki, siz gedin, biz gələk (gülür). Ölkəmizdə normal bir vətəndaş cəmiyyəti qurulana qədər fəaliyyət göstərmək məcburiyyəti özümdə hiss edirəm. 

- Yubileyinizlə bağlı Müsavatda tədbir nəzərdə tutulubmu? 

- Müəyyən təkliflər olub. Amma açığı, bunun xüsusi təmtəraqla qeyd olunmasının əleyhinəyəm. Düşünürəm ki, yalnız təbriklər bəs edər.  



- Müsavatın son qurultayından sonra təşkilat daxilində narazı təbəqələr yarandı. Həmin narazılardan da sizin ünvanınıza təbriklər gəldimi? 

- Partiyada və ümumiyyətlə bütün insanlarla sivil, mədəni münasibətlərin tərəfdarı olmuşam. Fikir ayrılığımız olsa da, daim müsavatçılarla normal münasibətlərim olub. Açıq deyək ki, bir-birimizdən başqa kimsəmiz yoxdur. Çətin bir dövrdə yaşayırıq. Çox təəssüf ki, sonuncu qurultaydan sonra bir sıra şəxslər partiyadan getdilər, bir neçəsi xaric olundu. Qurultayımız cəmiyyətə, siyasətə yeni töhfələr verdi. İkinci bir bu şəkildə demokratik seçki keçirəcək partiya tanımıram. Bu narazılıqlara baxmayaraq, mənə onlardan da təbrikləri oldu. Xüsusilə, gənclərdən çox təbrik gəldi. 

- Razim bəy, müsahibənin sonuna yaxınlaşdıq. Ürəyinizdən keçən sözləriniz qaldımı?

- Bir daha məni təbrik edənlərə təşəkkür edirəm. Xüsusilə, yaddan çıxarmayan mətbuat işçilərinə və partiyadaşlarıma minnətdarlıq bildirirəm. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il gəlir. İstərdim ki, bu günlərdə bir-birindən küsənlər bir araya gəlsinlər, barışsınlar. Hədəfimiz daha böyükdür. Xırda intriqalardan əl çəkmək lazımdır. Bu gündə gerçəkdən həmrəy olaq. Bayram münasibətilə sizi, qəzetinizin əməkdaşlarını təbrik edirəm. Sizlərə uğurlar arzulayıram. Çox təşəkkür edirəm ki, vaxtınızı ayırıb, mənə də diqqət göstərdiniz. 

Cavanşir ABBASLI, 
musavat.com