Həm partiya, həm MSK üzvü...

Həm partiya, həm MSK üzvü...

28-11-2019 16:36 / Bu xəbər 1621 dəfə oxundu

Hüseyn Paşayev YAP-ın Siyasi Şurasının üzvü, mətbuat katibidir

Bu gün, noyabrın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib. 

Siyasi Şuranın təcili iclasında Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev YAP Siyasi Şurasının üzvü və mətbuat xidmətinin rəhbəri kimi toplantıya qatılıb.

Seçki Məcəlləsinin tələbinə görə isə MSK üzvünün partiya mənsubiyyəti olmamalıdır. 

Hazırda YAP-ın Siyasi Şurasında 85 nəfər, İdarə Heyətində 20 nəfər təmsil olunur. 

YAP-ın rəsmi saytında Siyasi Şuranın siyahısında Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayevin də adı keçir. 

Qanunvericilik MSK üzvünün pedoqoji, elmi və yaradıcı fəaliyyət istisna olmaqla ödənişli işdə çalışmasını qadağan edir. 

Paşayev isə YAP mətbuat xidmətinin rəhbəri kimi rəsmi maaş alır.

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov Arqument.Az-a deyib ki, MSK üzvünün partiya üzvü olması qanunla qadağandır.
 
"Seşki Məcəlləsinin 22-ci maddəsində deyilir ki, MSK üzvü partiya üzvü ola bilməz. Əgər bu hal aşkarlanarsa, onda MSK həmin şəxsin üzvlüyünə xitam verməlidir. Ola bilsin kimsə, MSK üzvü olmadan öncə partiya üzvü olsun, amma MSK üzvü olanda partiya üzvlüyündən çıxmalıdır. Qanunvericiliyə görə, Hüseyn Paşayevin MSK üzvü olmasına xitam verilməlidir", - Akif Qurbanov bildirib.

Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli ilə əlaqə saxlamaq mümkün olmayıb.