Hər gün bir mitinq etdik

Hər gün bir mitinq etdik

28-08-2016 11:37 / Bu xəbər 840 dəfə oxundu

Mustafa Hacıbəyli

Hakimiyyət referendumla bağlı Müsavatın yaratdığı təşviqat qrupunu qeydə almadı. Referenduma heç olmasa bir müxalifət partiyasının qatılmasını, onun efir vaxtı alıb, öz sözünü deməsini sinirə bilmədilər.

Qərarın sifarişli olduğunu sübut etmək üçün MSK katibinin rəsmi açıqlamasına istinad etmək kifayətdi: deyir ki, Müsavatın topladığı 41 128 min imzadan 3600-ü etibarsızdır; deyir ki, yerdə qalan 35 mindən artıq imza qeydiyyat üçün kifayət etmir, halbuki, hətta 3 600 imza çıxıldıqdan sonra yerdə qalan imzaların sayı  35 min yox, 37 mindən artıq olur. Yəni, nəinki imzaları yoxlamaq, açıqladıqları rəqəmlərin riyazi hesablamasına belə əhəmiyyət verməyiblər.

Yüzlərlə insanın yayın bu istisində istirahət əvəzinə qapı-qapı gəzməsi, imza topalaması hədərmi getdi? Əqidədaşlarımızın polis, DTX, icra hakimiyyəti və digər strukturlar tərəfindən bu gün də davam edən təzyiqə məruz qalması hədərmi getdi?

Məncə yox! Çünki:

1.Bu 41 mindən artıq imzanı toplayanadək, ümumi hesablamalarıma görə, azı 100 min vətəndaşla təmasda olduq, onlara hakimiyyətin bu referendumda bağlı məkrli planlarını izah etdik. Mitinq sözü ingiliscə "görüş” deməkdir. 14 gün ərzində hər gün azı 7-8  min vətəndaşla ayrı-ayrılıqda görüşüb, onlarla irtica mövzusunda söhbət etdik. Bu, hər gün azı 7-8 min nəfərlə görüş  –  hər gün bir mitinq  deməkdir. 

2.Təmasda olduğumuz insanlar gördü ki, irticanın tüğyan etdiyi bu dövrdə də, heç də hamı sınmayıb, hamı usanmayıb – real mübarizə aparanlar da var.

3.Müsavatın – Rəsulzadə yadigarının – bütün indiki təzyiqlərə,  öncəki illərin xəyanətlərinə və sapınmalarına rəğmən yenə ayaqda olduğunu, irticanın qarşısında hələ də dik durduğunu göstərə bildk.

4.Referendum öz-özlüyündə demokratik bir prosedurdur. Amma biz monarxiya üsul-idarəsinin möhkəmlənməsi məqsədilə təyin olunan bu referendumun legitimliyinə inkaredilməz bir zərbə vurduq. Cəmi 4 təşəbbüs qrupunun qatıldığı, amma onların arasında yalnız bir müxalifət partiyası olan Müsavatın prosesə buraxılmadığı referendumu artıq heç bir ciddi qurum demokratik prosedur kimi qələmə verə bilməyəcək.

5.Referendumdan beynəlxalq məhkəməyə də şikayət etmək üçün əvvəlcədən ciddi əsas əldə etdik.

Bu sadalananlar üçün tətil ayında istirahətimizə haram qatıb imza toplamağa dəyərdi.

Hakimiyyət bu referendumu kefindən keçirmir: vəziyyətin getdikcə pisləşəcəyini bilirlər. Ona görə doyub-usanmadıqları hakimiyyətlərini sığortalamaq, vaxtından əvvəl seçki keçirmək, böhranın daha ağır olacağı 2018-ci ildə seçicilərdən asılığını aradan qaldırmaq istəyirlər.

Vəziyyətləri isə çoxlarının təsəvvür etdiyindən daha pisdi. Dünən, iş günü olmasına baxmayaraq, banklar müştərilərinə valyuta sata bilmədilər. Hakimiyyətin qurduğu maliyyə sistemi çöküb artıq. Mərkəzi Bank adi bir valyuta mübadilə məntəqisənə çevrilib. Vəziyyətləri aydan-aydan, həftədən-həftəyə, gündən günə pisləşir.

O boyda SSRİ-nin çöküşü də, məhz maliyyə böhranından başlamışdı, yadımızdadır.

Cəmiyyət hələki müxalifətin mübarizəsinə aktiv qoşulmur. Amma qoşulacağı gün uzaqda deyil. O gün tozanaq qopacaq, şübhəniz olmasın.

Biz çoxuq, onlar azdırlar!

Biz haqlıyıq, onlar haqsızdırlar!

Biz qalib gələcəyik!
 
Bastainfo.com