"Hərbi prokurorun müavini məndən 5 milyon istədi" - Şahin Sultanov

02-11-2017 03:06 / Bu xəbər 2381 dəfə oxundu

"Yeni müdafiə naziri gələn kimi məni cəzalandırıb, vəzifədən uzaqlaşdırdı”

"Ortaya heç bir sübut qoyulmayıb. Ekspert rəy verib ki, dövlətə heç bir ziyan dəyməyib. Amma hökmdə ziyan verilməmə nəzərə alınmayıb. Xahiş edirəm, bəraət hökmü çıxarılsın”.

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun vəkili Telman Abdiyevin sözləridir.

Noyabrın 1-də Bakı Apelyasiya Məhkəməsində Şahin Sultanov və digərlərinin şikayəti və prokurorun protesti əsasında məhkəmə iclası davam edib.

Hakim Elşad Şamayevin sədrliyilə keçirilən prosesdə Şahin Sultanov çıxış edib. O, hökmün qanunsuzluqla yazıldığını deyib:

"Mən peşəkar hərbçiyəm. 40 il qüsursuz xidmət etmişəm. Vəzifəyə təyin ediləndə kommunikasiya, rabitə yararsız vəziyyətdə idi. Təmir işlərinə başladım və qısa müddətdə yenidənqurma işləri gördüm. Müdafiə Nazirliyi tərəfindən 86 gəminin təmirinə ildə 50 min manat ayrılırdı. O da köçürülmə yolu ilə. Faizləri çıxılırdı, bəzi məsələlər xaricdən gələn yardım hesabına həll edilirdi. Gəmilərin təmir-bərpa işləri Müdafiə Nazirliyinin Gəmi-Bərpa Zavodu tərəfindən həyata keçirilirdi. Gəmilərin illik təmir planı Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanırdı. Lakin təmirə Müdafiə Nazirliyi tərəfindən pul ayrılmırdı. Biz də təmiri məcbur olub, başqa yollarla həyata keçirirdik. Yalnız fəhlələrə pul ayrılırdı. O da 3-4 ay gecikmə ilə”.

Şahin Sultanov bildirib ki, hansısa anbarda, kimsə nəsə edibsə, onu ora qatmaq şərəfsiz ittihamdır:

"Surət Hüseynovun qaldırdığı qiyamın yatırılmasında iştirak etmişəm. Prezident tərəfindən bir sıra adlar, hərbi rütbələr, medallarla təltif olunmuşam. Demək olar ki, hər il medal, orden almışam. Müdafiə naziri dəyişib, yeni nazir gələndən sonra ilk əmri mənim haqqımda oldu. Məni cəzalandırıb vəzifədən uzaqlaşdırdılar. Mənə də xoş gəlmir bu sözləri demək, amma məcburam. Protestdə yazılıb ki, Şahin Sultanov uyğunsuzluğa görə vəzifəsindən uzaqlaşdırılıb. Səbəb kimi isə əsas bazanın sökülməsini göstəriblər. Orada bayraq meydanı tikilirdi, onun günahı məndə deyil axı. Günahlandırırlar ki, yeni gəmi almamışam. Gəminin biri 200-300 milyon dollardır. Bu pulu mənə heç kim vermirdi axı. Biz layihə üzərində işləyirdik, təqdim etmişdik, pul ayrılsaydı, gəmi alacaqdım”.

Şahin Sultanov bildirib ki, müdafiə naziri Zakir Həsənovun əmri çıxan günün səhəri Hərbi Prokurorluqdan yoxlama gəlib:

"Yoxlamaya da hərbi prokurorun müavini Rasim Kazımov rəhbərlik edirdi. O, mənə "5 milyon verməlisən”, - dedi. O qədər pulumun olmadığını bildirdim. Camaatdan yığmamı istədi. Sonra da 5 milyondan 2 milyon yarıma düşdü. Heç nə verən deyiləm dedim. Bu zaman məni müdafiə nazirinin əmri ilə 45 günlük, məcburi məzuniyyətə göndərdilər. Təqaüdə getməyim haqda təqdimat hazırladılar. 8 generalla birlikdə mənim də təqdimatımı prezidentə təqdim etdilər. Nəhayət, vəzifədən kənarlaşdırılmağıma nail oldular”.

Şahin Sultanov deyir ki, vəzifədən kənarlaşdırılandan sonra heç bir gəmi alınmayıb. Əksinə, bir neçəsi metallom kimi doğranıb:

"Heç bir iş görülməyib. Layihələr dayandırılıb. Hərbi Prokurorluğun yoxlaması da tam qanunsuz keçirilib. Cinayət işini Rasim Kazımov başladıb. Guya 5 milyonluq əmlak yoxdur. İşi aparan müstəntiq Vüqar Məmmədli özü dələduzluğa görə məsuliyyətə cəlb olunub. Ona yeddi il şərti cəza verilib. İstintaq idarəsinin rəisi Mehdi Hüseynzadə ona nə deyirdi, onu da edirdi. Mənimlə birlikdə ittiham olunan Kazım Əsgərovdan 20 min pul almışdı ki, onu azadlığa buraxacaq. Buna görə onu həbs etdilər. Mənə qarşı ifadə verməyənləri də həbs etdilər. Qalanlarını azadlığa buraxdılar. Hərbi Məhkəmə Hərbi Prokurorluğun sifarişini yerinə yetirdi”.

Müşavirədən sonra qərar elan edilib. Qərara görə, şikayət və prokurorun protesti təmin edilməyib. Hökm qüvvəsində qalıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab olunub. Ş. Sultanov apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.

Digər təqsirləndirilənlər Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərova da şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırov da şərti cəzaya məhkum edilərək, həbsdən azad ediliblər.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib.