''Hərbçi silahla doğru davranmadığı üçün həlak olub''

''Hərbçi silahla doğru davranmadığı üçün həlak olub''

06-04-2018 11:18 / Bu xəbər 2811 dəfə oxundu

Azərbaycan ordusunun hərbçisi Nurid Abdullayevin həlak olduğu bildirilir. 

O, Bakı şəhəri, Xətai rayonunun Hərbi Komissarlığından xidmətə çağırılıb.

Bu barədə Meydan TV-yə hərbçinin yaxınları məlumat veriblər. 

Onlar N.Abdullayevin aprelin 4-də Ermənistan silahlı qüvvələri ilə təmas xəttində həlak olduğunu deyirlər: "Hadisənin təfərrüatı barədə tam məlumatımız yoxdur. Təkcə onu bildiriblər ki, Nurid Abdullayev düşmənin açdığı atəş nəticəsində şəhid olub”.

Yaxınları Nurid Abdullayevin Cəlilabad rayonunda doğulduğunu söyləyiblər.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Meydan TV-yə xəbəri təsdiqləyib. Ancaq bu məsələnin onlara aidiyyatı olmadığını söyləyib: "Bəli, belə bir hadisə olub, ancaq bizə aidiyyatı yoxdur. Leytenant Tərtər istiqamətində həlak olub. Hadisəyə səbəb onun silahla doğru-düzgün davranmamasıdır. Hərbçi Abşeron rayonunda dəfn edilib. Özü Cəlilabad rayonundandır. Həmin şəxs leytenantdır. Heydər Əliyev adına məktəbi bitirib. Hərbi xidmətə həmin məktəbdən çağırıldığı üçün bizim rayonun ərazisinə düşür. Əslində Cəlilabad rayonundandır, qeydiyyatı isə Suraxanı rayonunadır. Dəfni də Abşeron rayonunda olub”.

Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

2017-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ən azı 59 hərbi qulluqçu vəfat edib. Dünyasını dəyişənlərin 19 nəfəri döyüş, 40 nəfəri isə qeyri-döyüş itkisidir. Məlumatı "Xəzər” Hərbi Tədqiqatlar İnstitutu kütləvi və elektron informasiya vasitələrinə istinadən yayıb.

Həmin dövrdə 17 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 4 hərbçi erməni gülləsindən, 5 nəfər isə avto-qəza nəticəsində xəsarət alıb. 4 nəfər xilasetmə əməliyyatları çərçivəsində, 1 nəfər intihara cəhd edib. 3 nəfərin xəsarət almasının səbəbələri isə açıqlanmayıb.