Hesabat: Azərbaycan avtoritar dövlətdir

Hesabat: Azərbaycan avtoritar dövlətdir

06-02-2018 19:02 / Bu xəbər 2670 dəfə oxundu

"The Economist Intelligence Unit” dünyada demokratiya ölçüsü aparıb

Azərbaycan "avtoritar” dövlətlər kateqoriyasına daxil edilib.

BBC-nin Azərbaycan xidmətinin məlumatına əsasən, Azərbaycan "The Economist Intelligence Unit” (EIU) qrupunun illik hesabatının kriteriyalarına görə bu qrupa aid edilib. 

Azərbaycanın qonşusu Ermənistan isə ötən il yer tutduğu "avtoritar” kateqoriyadan "hibrid rejimlər” kateqoriyasına qalxa bilib.

Hesabata görə, Şimali Amerika "qüsurlu demokratiya” kimi təsnif edilib. "Qüsurlu demokratiya” əsl demokratiyadan azacıq geridə qalan demokratiya sayılır.

EIU-nu hesabatında ölkələrə reytinq verilməsi üçün demokratiyanın 60 spesifik dəyərinə uyğunluq əsas götürülür.

Bu mənada ABŞ ötən il demokratiya sahəsində 10 mümkün baldan 7, 98-ni toplaya bilib. Analitik qrup qeyd edir ki, bu, əsas etibarilə ABŞ-da prezidentliyə Donald Trump-ın gəlməsi ilə bağlıdır.

ABŞ-da demokratiyanın tənəzzülünə səbəb kimi ictimaiyyətin dövlət təsisatlarına inamının azalması göstərilir.

Beləliklə, dünyanın ən demokratik ölkələrinin siyahısında Amerika ikinci ildir ki, tam demokratik ölkə sayılmır.

İndi ABŞ İtaliya, Cənubi Koreya, Fransa, Çili, Botsvana və Meksika kimi başqa "qüsurlu demokratiyalarla” birlikdə demokratiya indeksindəki 21-ci pilləni bölüşür.

Hesabatda qeyd olunur ki, əgər Trump cəmiyyətin qütbləşməsinin qarşısını almasa, onun ölkəsi avtoritarlığa doğru üzüaşağı yuvarlana bilər.

Bu da bildirilir ki, ABŞ-da Konqres regionlarının yenidən xəritələnməsi siyasi relyefin daha da qütbləşməsi ilə nəticələnib.

Bunun nəticəsində Konqres üzvləri öz partiyalarının praymeriz yarışlarında rəqabətdən qorxaraq, ya sağa (respublikaçılar), ya da sola (demokratlar) meyllənməyə məcburdurlar.

Hesabatda deyilir ki, Trump-ın vergi siyasəti ABŞ cəmiyyətindəki bərabərsizliyi daha da artırmış olacaq.

EIU-nun hesabatında deyilir ki, ABŞ-da demokratiyanın geriləməsi xüsusilə də qlobal resessiyaların ardınca baş verib.

Ümumiyyətlə isə, hesabatdakı 89 ölkə 2016-cı illə müqayisədə 2017-ci ildə demokratiyanın tənəzzülünə məruz qalıb.

Bu hesabatda ölkələr "tam demokratiya”, "qüsurlu demokratiya”, "hibrid rejimlər” və "avtoritarlar” kimi dörd kateqoriyaya bölünüb.

Media azadlığında isə Azərbaycan Belarus, Çin, Kuba, Ekvatorial Qvineya, Eritrea, Efiopiya, Şimali Koreya, Səudiyyə, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanla birlikdə sonuncu – 154-cü yeri tutur.