Hesabat: Azərbaycan hökuməti sosial mediadan dezinformasiya yayır

Hesabat: Azərbaycan hökuməti sosial mediadan dezinformasiya yayır

27-09-2019 16:29 / Bu xəbər 2224 dəfə oxundu

"Azərbaycan bu sahədə ortasəviyyəli qrupda yer alıb”

Oksford Universiteti "2019-cu ildə Qlobal Dezinformasiya Düzəni. Mütəşəkkil Sosial Media Manipulyasiyasının Qlobal İnventarı” adlı hesabatını açıqlayıb. Hesabatda Azərbaycan hökumətinin sosial mediadan dezinformasiya yaydığı, siyasi manipulyasiya üçün real olmayan sosial şəbəkə profillərindən (troll) istifadə etdiyi bildirilir.

Ümumilikdə 70 ölkənin bu vasitədən istifadə etdiyi vurğulanır. 2018-ci ildə onların sayı 48, 2017-ci ildə isə 28 olub.

Hesabatda deyilir ki, bu ölkələrin hər birində siyasi partiya, yaxud hökumət agentliyi sosial mediadan istifadə edərək ölkəiçi ictimai münasibəti formalaşdırmağa çalışır.

Hesabatda Azərbaycanın təbliğat üçün istifadə etdiyi platformalar sırasında "Facebook”, "Twitter”, "YouTube” sosial şəbəkələri göstərilir:

"Azərbaycan, İsrail, Rusiya, Tacikistan, Özbəkistan kimi ölkələrdə hökumət agentlikləri rəqəmsal təbliğatdan ötrü tələbələri, gəncləri işə götürürlər”.

Hesabatda ölkələrin kiber təbliğat qabiliyyəti dörd qrupa bölünür – yüksək, orta, aşağı, minimim. Azərbaycan bu sahədə ortasəviyyəli qrupda yer alıb. Bu ölkələrdə informasiya məkanına nəzarət üçün ilboyu tamştatlı işçilər çalışır. Bəzən bu komandalar xaricdə də nüfuz əməliyyatları aparır. Bu qrupda Azərbaycanla yanaşı Gürcüstan, Türkiyə də yer alıb.

Hüquqşünas Xalid Ağəliyev Oksford Universitetinin hesabatına şərh verib. Hüquqşünasın "troll hesabatı” adlandırdığı sənəddə Azərbaycanın adının yer alması onu təəccübləndirməyib:

"3 illik araşdırma bütün dünyanı əhatə edir. Və hesabatda deyilir ki, Azərbaycan hökuməti də sosial mediadan dezinformasiya, siyasi manipulyasiya məqsədilə istifadə edir. Odur ki, Azərbaycanın adı xüsusi xətlə qeyd edilib. Müəlliflər qeyd edir ki, 30 ölkədə hökumətlərin vətəndaş cəmiyyəti təşkilatları, fəal vətəndaşlarla əl-ələ manipulyasiya etdiyi müəyyən edilib. Hökumətimizin hər yerdə əli, ayağı var”.

Xalid Ağəliyev deyir ki, Azərbaycan ən çox "Facebook”, "Twitter”, "YouTube” kimi platformaları manipulyasiya üçün istifadə edir. Bu məqsədlə hökumət qurumları manipulyasiya, sevmədiyi qrupları, düşüncə-baxıları istədiyi axara yönəltmək üçün tələbələri, gəncləri işə də götürür.

Meydan TV-nin bir müddət öncə hazırladığı bir reportajda trolların etirafları yer alırdı. Onlar hökumət işlərində çalışanlar, müəllimlər, həkimlər, sürücülər idilər. Hər biri onlar üçün açılmış saxta profillə sosial şəbəkələrdə onlara verilmiş siyahıdakı media qurumlar, qruplar və səhifələrə, bəzi hallarda şəxslərinsəhifələrindəki paylaşımlarının altına hökuməti, prezidenti, onun xanımını, hakimiyyəti tərifləmək üçün təlimatlandırıldıqlarını söyləyirlər. Günə 300-400, bəzən daha çox şərh yazan bu insanlar gördükləri işə görə müəyyən məbləğdə pul vəsaiti alırlar.

Meydan TV