''Hesabatdan sonra ən azı Nazirlər Kabineti özünü buraxmalıdır''

''Hesabatdan sonra ən azı Nazirlər Kabineti özünü buraxmalıdır''

30-01-2019 21:34 / Bu xəbər 1312 dəfə oxundu

Siyasilər "Transparency International” təşkilatının hesabatını şərh ediblər

"Transparency International” təşkilatı Korrupsiyanı Qavrama İndeksini açıqlayıb. Hesabata görə, Azərbaycan 122-ci yerdən 152-ci yerə enib.

Təşkilat qeyd edir ki, son beş ildə Azərbaycanda korrupsiya səviyyəsində müsbət dinamika müşahidə olunsa da, ötən il ölkədəki mənfi proseslərin gizlədilməsi məqsədilə Avropa qurumlarının ələ alınması faktları aşkar edilib.

Sənədi "Turan”a şərh edən Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli deyib ki, korrupsiyanın səviyyəsinin azaldılması üçün hökumət getməlidir: "Ayrı çarə yoxdur. Çünki bunların bütün fəaliyyəti korrupsiya üzərində qurulub. Bu, idarəçilik formasına çevrilib".

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab ki, Azərbaycanda iqtisadi sistem korrupsiya üzərində qurulub.

"Həlledici, əsaslı iqtisadi islahatlar olmadan, ölkədə bərabərhüquqlu imkanlar üçün şərait yaradılmadan, azad məhkəmə sistemi olmadan korrupsiyanın qarşısını tam şəkildə almaq mümkün deyil. İndiki şəraitdə, hakimiyyətin özünün siyasətinin korrupsiya üzərində qurulduğu bir məqamda korrupsiyanın miqyasını nəinki həlledici şəkildə, heç az miqdarda da azaltmaq mümkün deyil", - A.Hacılı bildirib.

Lakin hökumətyönlü deputat Zahid Orucun fikrincə, 2015-ci ildən Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mühüm addımlar atılır:

"2015-ci ildə keçmiş MTN-də cinayətkar şəbəkə ifşa edildi. Rabitə və Nəqliyyat nazirliklərində korrupsiya əleyhinə islahatlar aparıldı. Struktur islahatları 2018-cı ildə də davam etdirildi və artıq islahatların yeni mərhələsi başlayıb”.

REAL Partiyasının icra katibi Natiq Cəfərli hesab edir ki, korrupsiyanın səviyyəsinin aşağı salınması azad və ədalətli məhkəmə sistemindən, azad və sərbəst fəaliyyət göstərən mətbuatdan, güclü vətəndaş cəmiyyətindən və siyasi iradədən asılıdır. Azad və ədalətli məhkəmə sistemi ona görə vacibdir ki, korrupsiya faktları ortaya çıxdıqdan sonra ciddi cəzalandırma mexanizmi işlək olsun. Hökumətin də siyasi iradəsi olarsa ciddi uğurlar əldə etmək olar.

İqtisadçı-ekspert Qubad İbadoğlu hesab edir ki, "Transparency International” təşkilatının son hesabatından sonra dövlətin nüfuzunu qorumaq üçün ən azı Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir. Çünki bundan böyük biabırçılıq ola bilməz. Korrupsiyaya dair hesabata görə əslində Azərbaycan 180 ölkə arasında 152-ci yerdə qərarlaşmayıb, Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə eyni balla 152-156-cı yerləri bölüşdürür.

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli xatırladıb ki, 2011-ci ildə "ərəb baharı" zamanı İlham Əliyev hökumət qurumlarında rüşvətin yığışdırılması barədə göstəriş vermişdi. Bu üç ay sürdü və məmurların narazılığına səbəb oldu.