"Hesablama Palatası bir dəfə normal açıqlama verməyib” - Ekspert

20-04-2018 17:47 / Bu xəbər 957 dəfə oxundu

Sahibkarlığa Kömək Milli Fondu güzəştli kreditləri kimlərə ayırır?

2018-ci ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən orta və kiçik sahibkarlığın inkşafına dəstək üçün 50 milyon manat civarında güzəştli kredit ayrılıb. 

Bu məlumatı aprelin 18-də Sahibkarlığa Kömək Milli Fondunun keçirdiyi mətbuat konfransında açıqlayıblar. 

İqtisadçı Natiq Cəfərli Toplum.Tv-yə deyib ki, fəaliyyətlə bağlı Hesablama Palatası, fondun özü zaman-zaman insanlara bilgi verməlidir: "İndiqatorlar bu fondun və ona ayrılan vəsaitin xərclənməsinin effektivliyini müəyyənləşdirməlidir. Bu günə qədər büdcədən ayrılan vəsaitlərlə bağlı bir dəfə də olsun nə Sahibkarlığa Kömək Milli Fondu, nə də Hesablama Palatası normal açıqlama verib. Kimlərə və necə verilməsi, effektivliyi barədə ictimaiyyətə açıqlama vermək vacibdir”.

İqtisadçı qeyd edib ki, aldığı məlumata görə, ayrılan vəsaitin böyük bir hissəsinin (80%-ə yaxını) cəmi 20-30 şirkətə yönəldilib: "Bunların da bir çoxu məmurlara bağlı şirkətlərdir. Buna görə də, Sahibkarlığa Kömək Milli Fondunun effektiv çalışması üçün sıfırdan qurulmasına, indiqatorların qoyulmasına, nəzarətin güclənməsinə, daha şəffaf iş rejiminə keçidə ehtiyac var”.

Ekspertin sözlərinə görə, bütün bunlar olmadıqca ayrılan vəsaitin xərclənməsi yönündə fikir yürütmək çətindir: "Bu sualın cavabı, hamıya aydın olacaq şəkildə hesabatlarda öz əksini tapmalı idi. Bunu etmirlərsə, deməli, işlərində ciddi nailiyyətlər əldə olunmayıb və şəffaflıq təmin edilməyib”.

Deputat Aydın Hüseynov isə bildirir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərin verilməsi sahibkarlar üçün çox böyük stimuldur: "Ümumilikdə qeyri-neft sektorunun inkişafı istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən biri də sahibkarlığın inkişafıdır. Xüsusən də orta sahibkarlığın...”

Onun sözlərinə görə, biznesi yeni quran sahibkarlar bundan daha çox yararlanır: "Kiçik sahibkarlığın inkişafına maliyyənin ayrılması böyük layihələr üçün maliyyənin ayrılmasından daha məqsədəuyğundur”.

Gülzar N. Məmmədli