Hesablama Palatasının yoxlaması Mahir Quliyevi "bitirir"

Hesablama Palatasının yoxlaması Mahir Quliyevi

10-12-2016 03:12 / Bu xəbər 1829 dəfə oxundu

Biləsuvar rayonuna ayrılan milyonların qaranlıq taleyinə aydınlıq gəldi

Gündən-günə kəskinləşən iqtisadi böhran, həmçinin 1 ildən artıq müddətdə davam edən "MTN işi”nin gedişində bir çox məmurların dövlət büdcəsini necə amansızcasına taladıqları, korrupsiyanın onlar üçün əsas iş prinsipinə çevrildiyi aydın oldu. İndiki şəraitdə sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasının, korrupsiya və rüşvətin minimuma salınmasının əsas vəzifələrdən biri olduğunu nəzərə alsaq hakimiyyət dairələrinin bu kriteriyalara cavab verməyən kadrlarla yollarını ayıracağını düşünmək qanunauyğundur. 

Rubrika.az-a qısa müddət ərzində öz vəzifəsi ilə vidalaşacaq icra başçıları ilə bağlı ilginc məlumatlar daxil olub. Bildirilir ki, öz fəaliyyətində heç bir dönüş yaratmayan, həmçinin rəhbərlik etdiyi rayonlarda ciddi sosial narazılıqlar formalaşdıran icra başçıları bu dəfə əfv edilməyəcək. Bu siyahıda ilk pillədə Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev gəlir.

Biləsuvar cənub bölgəsində yerləşən olduqca həssas rayonlardan biridir. Odur ki, rayonun sosial-iqtisadi inkişafına zaman-zaman dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb. 

Rubrika.az-a verilən məlumatda bildirilir ki, həmin vəsait aidiyyatı üzrə xərclənsəydi bu gün Biləsuvar nəinki cənub regionunda, bütün ölkədə ən qabaqcıl rayonlardan biri olardı. Həmin vəsaitə rayonda yetərincə daimi iş yeri yaratmaq, istehsal müəssisələri açmaq, həmçinin bütün yaşayış məntəqələrini abadlaşdırmaq olardı. Ancaq, necə deyərlər, sən saydığını say, gör Mahir Quliyev nə sayır.

Məlumata görə Biləsuvardan gələn şikayətlərdən sonra rayonda kiçik araşdırma aparılıb və çox dəhşətli korrupsiya faktları aşkarlanıb. Həmçinin Hesablama Palatasının rayonda apardığı yoxlamalar da Biləsuvarın fəlakətin bir addımlığında olduğunu üzə çıxarıb.

Aparılan yoxlamadan sonra aydın olub ki, Biləsuvarda əslində gözdən pərdə asmaq üçün çox primitiv şəkildə kosmetik işlər görülüb. Rayonda sosial problemlər pik həddə çatıb. İşsizlik, sahibkarlıqla məşğul olan şəxslərin amansızcasına talanması ciddi narazılıqlar yaradır. Rayonun problem içində itib-batmasına rəğmən Mahir Quliyevin biznesi gündən günə çiçəklənir. Biləsuvarda ən böyük torpaq sahibi və iş adamı hesab olunan icra başçısı öz biznesini dirçəltmək üçün bütün rayonun mənafelərini qurban verib.

Rubrika.az-a verilən məlumatlara görə Biləsuvarı hörümçək toru kimi saran korrupsiya əməlləri, büdcə vəsaitlərinin talanması barədə dəqiq və təkzibolunmaz faktlar lazımi dairələrə çatdırılıb. Hətta Mahir Quliyevin sadəcə vəzifədən alınmaqla xilas olması belə sual altındadır. Onun barəsində daha sərt qərarın verilməsi də gözlənilir.