''Hökumət Avropa Məhkəməsinin qərarını icra etmir''

''Hökumət Avropa Məhkəməsinin qərarını icra etmir''

17-04-2018 18:36 / Bu xəbər 2083 dəfə oxundu

Nemət Kərimli: ''İlkin Rüstəmzadəyə ödənməli olan 6 min avroluq təzminat verilmir''

"Hökumət Avropa İnsan Hüquqları Məhkəməsinin NİDA fəalı İlkin Rüstəmzadə barədə verdiyi qərarını icra etmir".

Bu barədə "Turan"a İlkin Rüstəmzadənin vəkili Nemət Kərimli məlumat verib.

Bildirirb ki, qərarın yerinə yetirilməsinin və 5 ildir həbsxanada olan ərizəçiyə kompensasiya ödənilməsinin son tarixi hələ 2017-ci ilin dekabrında başa çatıb:

"Ancaq kompensasiya ödənməyib. Bununla əlaqədar Avropa Şurası Nazirlər Komitəsinə şikayət yazdım".

İyulun 20-də AİHM Rüstəmzadənin Bakıda etiraz aksiyalarından biri zamanı inzibati həbsi ilə bağlı ilk şikayəti üzrə qərarı elan edib. 

AİHM ona 6 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib.

Müdafiə tərəfi Rüstəmzadənin cinayət təqibi ilə bağlı da şikayət verib. Hələlik AİHM-də həmin şikayətə baxılmayıb.

İlkin Rüstəmzadə 17 may 2013-cü ildə xuliqanlıq ittihamı ilə saxlanılıb - istintaq Bakının dənizkənarı bulvarında Harlem Shake rəqs fləşmobunu və onun "YouTube"da yerləşdirilməsini xuliqanlıq kimi qiymətləndirib.

2014-cü il mayın 6-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib. 

Apelyasiya Məhkəməsi 16 dekabr 2014-cü il tarixinə qədər təxirə salınıb. 

Onunla birlikdə həbs edilən 7 nəfər çoxdan azad edilib.

İ. Rüstəmzadənin həbsindən sonra valideynlərinin səhhətində problemlər yaranıb. 

Onların ixtisaslı tibbi yardıma ehtiyacı var. Amma ailənin bunu qarşılamağa maddi imkanı çatmır.