"Hökumət Koalisiyanın daxili işlərinə müdaxilə edir"

06-03-2017 18:00 / Bu xəbər 1937 dəfə oxundu

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası (MSŞA) Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq idarə heyətinə müraciət ünvanlayıb. 

Arqument.Az xəbər verir ki, bu barədə MSŞA üzvü Akif Qurbanov məlumat yayıb. 

İdarə Heyəti üzvlərinə ünvanlanan müraciətdə bildirlir ki, Azərbaycan vətəndaş cəmiyyətinin problemlərinin həll olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Müraciət müəlliflərinin sözlərinə görə, MSŞA QHT Koalisiyası MSŞT üzrə beynəlxalq idarə heyətinin 36-cı iclası öncəsi Koalisiya üzvlərinin mövcud problemlərini üzv təşkilatlarından alınan məlumatlar əsasında ümumiləşdirərək sistemli təhlil etmiş və qruplaşdırıb: 

"Aparılan sorğu əsasında əldə edilmiş cavablardan aydın olan problemlər aşağıdakılardır: 

1) Koalisiya üzvü olan 30-dək QHT hələ də dövlət qeydiyyatına alınmayıb;
2) 2014-ci ildən indiyədək olan müddətdə imzalanmış 12 qrant müqaviləsi və ya ona əlavələr qeydiyyata alınmadığından icra olunmur;
3) Koalisiya üzvü olan 4 nəfər indiyədək xaricə səfər edərkən və geri dönərkən sərhəd məntəqələrində yoxlamalara məruz qalırlar;
4) Koalisiyanın 2 üzv təşkilatının üzərindən vergi cəriməsi hələ də götürülməyib və 3 üzv təşkilatın bank hesabındakı vəsaiti Vergilər Nazirliyi təşkilata məlumat vermədən silib;
5) Koalisiyan 1 üzv təşkilatı indiyə qədər dəfələlə müraciət etsə də ona Ədliyyə Nazirliyi reyestrdən çıxarış verməyib;
6) Koalisiyanin 2 üzvü qanunsuz həbs həyatı yaşayır. Onlardan birinə qeyri-adekvat cəza verilib, digərinə isə sadəcə yazdığı Feysbuk statusuna görə ağır cəza kəsilib. İkisi birlikdə 16 il müddətə azadlıqdan məhrum edilib;
7) Koalisiyanın 1 üzvünə qarşı açılmış cinayət işinə hələ də xitam verilməyib, digər 1 üzvün cinayət işinə xitam verilsə də, ona pasport verilmir və ölkədən çıxışına yasaq qoyulub, 3 üzvü isə hələ də ölkəyə gələ bilmir".

"Bununla yanaşı, Dövlət Neft Fondunun timsalında hökumət Koalisiyanın daxili işlərinə müdaxilə edir. Koalisiya Şurası 2017- ci il üçün Çoxtərəfli Qrupa yeni üzvlər seçsə də, onlara hələ də fəaliyyət imkanları yaradılmayıb. Bir neçə dəfə rəsmi müraciət olunsa da, MSŞT üzrə fəaliyyət planının tələbinə baxmayaraq, MSŞT üzrə Hökümət Komissiyasının sədri Koalisiya Şurası üzvləri ilə görüşüb müzakirələr aparmayıb", - deyə müraciətdə qeyd olunub.  

MSŞA üzvləri vurğulayıblar ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının 2016-cı il maliyyə yardımı üzrə 1-ci müsabiqə çərçivəsində MSŞA QHT Koalisiyasına institusional və proqram dəstəyinin təmin edilməsi ilə bağlı 15000 AZN (9000 USD) vəsait ayrılmasına dair qərar qəbul edilsə də, sonradan həmin müqaviləyə bir tərəfli qaydada QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən xitam verilib: 

"Artıq 1 ildir ki, MSŞA Koalisiyası maliyyə təminatı olmadan çətinliklə fəaliyyət göstərir. Bundan əlavə QHT-lərə Dövlət Dəstəyi Şurası bu ilki müsabiqə mövzuları siyahısından MSŞT-nı çıxarıb. MHŞT İdarə Heyətinin 26 oktyabr 2016-cı ildə il Astanada keçirilən 35-ci toplantısında qəbul edilmiş islahedici tədbirlər planının icra vəziyyəti MSŞA QHT Koalisiyasıda təmsil olunan hüquqşünaslar tərəfindən qiymətləndirilmiş və belə nəticəyə gəlinmişdir ki, xarici donorların qrantvermə hüququnun əldə olunması və qrantların qeydiyyatı prosedurlarında texniki sadələşdirilmə edilsə də, qüvvədə olan qanunlarda hər hansı dəyişiklik edilmədiyinə görə İH-nin 3 tələbinin heç biri yerinə yetirilməyib. Belə ki, Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” və 24 yanvar 2017-ci il tarixli "Xarici donorlar tərəfindən Azərbaycan Respublikası ərazisində qrant vermək hüququnun əldə edilməsi” Qaydalarında dəyişikliklər edilməsi barədə Qərarlar qəbul olunub. Lakin ölkə Konstitusiyasına görə Prezident fərmanları və Nazirlər Kabinetinin qərarları qanunlardan aşağı hüquqi qüvvəyə malik olduğuna, qanunlarda məhdudlaşdırıcı hallar aradan qaldırılmadığına görə Qərarlardan irəli gələn düzəlişlər QHT-lərin fəaliyyəti üçün mövcud hüquqi və praktik mühiti dəyişmək gücündə deyil. Odur ki, "Qrant haqqında”, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunlarda məhdudlaşdırıcı müddəalar aradan qaldırılmayacağı halda nə huquqi mühitin və nə də praktiki fəaliyyət durumunun dəyişməsindən danışmaq mümkün deyildir. Bununla yanaşı, QHT-lərin fəaliyyətinin yoxlanmasını nəzərdə tutan Ədliyyə Nazirliyinin 28 dekabr 2015-ci il, 11 saylı Kollegiya qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi Qaydaları” də hələ qüvvədədir. Bu qaydalar inzibati orqana QHT-lərin fəaliyyətinə geniş müdaxilə imkanı verir". 

MSŞA hökumətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək, İdarə Heyətini Azərbaycanla bağlı obyektiv qərar verməyə çağırıb: "MSŞA Koalisiyası yuxarıda qeyd olunan mövcud problemləri nəzərə alaraq, MSŞT İdarə Heyətini MSŞT Standartlarına uyğun davranmağa çağırır və Azərbaycanla bağlı MSŞT Standarları, tələbləri və qaydaları əsasında qəbul ediləcək qərarın onlar üçün məqbul olacağını bildirir".
 
Əlavə 1

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası üzvlərinin

P R O B L E M L Ə R İ

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının 160- dan artıq üzvü var, onlar arasında aparılmış sorğu göstərmişdir ki, hazırda  Koalisiyaya daxil olan təşkilatların aşağıdakı problemlərlə üzləşir. Lakin nəzərə almaq lazımdır ki, heç də bütün Koalisiya üzvləri öz problemlərini açıqlamır.

Koalisiya üzvü olan QHT- lərin qeydiyyat problemi

Koalisiya üzvü olan 30-a yaxın Qeyri- Hökümət Təşkilatı Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmayıb. O cümlədən Koalisiya Şurasının üzvü olan 4 təşkilat- Demokratik Təşəbbüslər İnstitutu (sədri Akif Qurbanov), Təhsil Tədqiqatları Mərkəzi İB (sədri Əlövsət Sadıqlı), Hüquq Təşəbbüsü və Demokratik İnkişaf Mərkəzi (sədri Azər Rəsul) və Demokratik İslahatlar Ugrunda Cəmiyyət (sədri Oqtay Gülalıyev) dəfələrlə Ədliyyə Nazirliyinə müraciət etsə də onların təsis etdiyi QHT-lər hələ də  dövlət qeydiyyatına alınmayıb. 

Koalisiya üzvü olan 17 QHT-nin qeydiyyata alındığı səsləndirilsə də bizim əldə edə bildiyimiz bilgilərə görə cəmi 9 QHT-nin adlarınında və nizamnamələrində  dəyişiklik edilmək şərtilə dövlət qeydiyyatına alınmışdır. Hökumət  davranışları göstərir ki, demokratiya sahəsində fəaliyyət göstərən müstəqil  QHT-ləri qeydə almaqda maraqlı deyildir.  Məlumatları daha da dəqiqləşdirmək üçün Koalisia Şurası tərəfindən Ədliyə Nazirliyinə sorğu verilərək 2016-cı il ərzində qeydiyyatdan keçən QHT-lər haqqında məlumat verilməsi istənilsə də qanuna zidd olaraq olaraq Nazirlik sorğuya cavabdan imtina etmişdir. Çünki qeydiyyata alınan təşkilatlar fərqli adlarla rəsmiləşdirilib. Fərqli adlarda qeydiyyata alınan təşkilatlar tamamilə fərqli hüquqi subyekt olduğuna görə Koalisiya üzvü hüsab edilə bilməz. Belə vəziyyət də əslində rəsmi məlumatların niyə şəffaf şəkildə açıqlanmadığının səbəbini aydın göstərir. 

Qrantların qeydiyyatı ilə bağlı problem

 2013-cü ildən başlayaraq qanunvericiliyə edilmiş məhdualaşdırıcı əlavə və dəyişiklər səbəbindən xarici  donorların ölkədə fəaliyyətlərini  dondurmaq  və yerli QHT-rə qrant verməyi dayandırmaq məcburiyyətində qalmışlar.  Bir çox  beynəlxalq donorların yerli ofisləri bağlanmış, nümayəndələri ilə ölkəni tərk etmişdir. 

Hökumət Koalisiya üzvü olan bəzi  QHT-ın layihələrini qeydə almaqdan imtina etmiş, bağladıqları qrant müqavilələrinin icrasını dayandırmış, bəzilərinin isə bank hesablarında olan pul vəsaitlərini müxtəlif bəhanələrlə silmişdir Belə ki, Koalisiya üzvü olan Demokratik Təşəbbüslər İnstitutu İB- nin sədri Akif Qurbanov ilə  ABŞ səfirliyi arasında 2014-cü ildə bağlanmış qrant müqaviləsinin qeydiyyatı və müvafiq bildirişin verilməsi Ədliyyə nazirliyi tərəfindən icra edilmir. Dəfələrlə müraciətə imtina cavab verilsə də, ən son 2016-cı il 15 noyabrda edilmiş müraciətə hələ də  cavab verililməyib. Ədliyyə nazirliyinin qanunsuz hərəkətsizliyi  ilə bağlı artıq məhkəməyə müraciət edilib. 

İqtisadi Tədqiqatlar Mərkəzi ilə ABŞ səfirliyi arasında  31 noyabr 2016-cı il tarixində  imzalanmış "MHŞT-nin Azərbaycanda həyata keçirilməsinin təşviqi” adlı qrant müqaviləsi idiyədək qeydiyyata alınmayıb.  Qrantın məbləği 760  ABŞ dolları, icra müddəti  3 aydır.   Qrantın məqsədi MHŞT üzrə çoxtərəfli Qrupun iştirakı ilə yarım günlük konfransın keçirilməsidir. Qrant müqaviləsi qanunun tələblərinə müvafiq şəkildə azərbaycan dilinə tərcümə olunub, notariusda təsdiq olunduqdan sonra digər  tələb olunan sənədlərlə birlikdə 02 dekabr 2016-cı ildə  Ədliyyə Nazirliyinə təqdim olunsa da Ədliyyə Nazirliyindən  bu günədək cavab yoxdur. 

"Hüquq və İnkişaf" İB-nin Avropa Demokratiyaya Himayə Fondu (EED) ilə bağladığı   qrant müqaviləsinə müqavilənin qeydə alınmadığına görə donor  2014-cü ilin iyun ayında ona  xitam verilmişdir. Həmin vaxtdan indiyədək bu qrant müqaviləsi üzrə "Hüquq və İnkişaf" İB-inin hesabına köçürülmüş vəsaitin geri qaytarılması barədə AB Binəqədi Filialına dəfəflərlə müraciət edilsə də,  vəsait hələ də donora  qaytarılmayıb.

Koalisiya üzvlərinə qarşı cəzalar

Azad İqtisadiyyata Yardım İctimai Birliyindən alınan məlumatda  göstərilir ki,   təşkilata reyestrdən çıxarış verilmir və qanunsuz vergi cəriməsi kimi də 9300 manat qalır.  Həmçinin təşkilatın hesabından 11097 manat da silinib. Məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da heç bir tədbir görülmür. 

Koalisiya üzvü olan Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyindən veriən məlumata görə  təşkilatın problemləri aşağıdakılardır;
1) Bank hesabları açilsa da   əməliyyatlar aparmaq olmur. 
2) Təşkilatın rəhbərinin şəxsi hesabındakı məbləg və bu prosesslərə aidiyyati olmayan bitimiş layihəyə məxsus  1000 manata məxsus pul silinib. Bəhanə  kimi Bankin baglanmasi əsas gətirlir.
3) German Marşal Fondu tərəfində bağlanmış qrant müqaivləsinə bildiriş verilsə də, bu layihənin icrasi mümükun olmayıb. 
4) Avropa Komissiyasindan olan layihə qeydiyyata alınıb  bildiriş verilmədiyindən ləgv olunub.       
5) Təşkilatın 22 min vergi borcu  artaraq 50 minə yaxinlaşıb. Borc hələ də  artmaqda davam edir.
6) Təşkilata və onun  rəhbərinə qarşı qaldırılmış cinayət işi müvvəqqəti saxlanlib, cinayət işinə məqsədli şəkildə xitam verilməməsi onun rəhbərinə  qarşı təzyiq kimi istifadə olunur.

Regionda  fəaliyyət göstərən Koalisiya üzvü olan "Hüquqi Yardım” İctimai Birliyindən verilən məlumata görə,  təşkilatın 2014-cü ildən olan qrant müqaviləsinin qeydiyyatı və bank hesabında qalan vəsaitin qaytarılmasında problem olduğu kimi qalır. 

Sərhəd keçid məntəqələrində problemlər

Koalisiya üzvləri İlqar Hüseynli, Zaur Əkbər, Mehriban Vəzir, Həsən Hüseynli  ölkə sərhədlərini keçərkən əsassız yoxlamalara məruz qalırlar. Koalisiya üzvü  Azad Mursaliyevin  və Oqtay Gülalıyevin ölkədən çıxışı qadağandır.  

Həbs olunmuş Koalisiya üzvləri

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının keçmiş Şura üzvü Fuad Qəhrəmanlı bir ildən çoxdur ki, qanunsuz həbs həyatı yaşayır. O, 2015- ci il 8 dekabrda Facebook sosial şəbəkəsində yazdığı status və fikirlərinə görə həbs olunub. Ona qarşı irəli sürülən ittihamlar öz təsdiqini tapmadığı halda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o 10 il müddətə azadlıqdan məhrum edilib.

Digər Koalisiya üzvü Monitorinq Qrupunun  keçmiş  üzvü Asif Yusifli də 2 ildən çoxdur ki, qanunsuz həbs həyatı yaşayır. Ona verilən 6 illik cəza adekvat deyildir, əslində  qanunvericiliyə edilmiş son dəyişikliyə görə o cəzasını artıqlaması ilə çəkib.

Koalisiya Şurasının üzvü Oqtay Gülalıyev haqqında 2012- ci ilin aprel ayında Cinayət Məcəlləsinin 220.2- ci maddəsi ilə açılmış cinayət işinə 5 il sonra 2016- ci ilin oktyabr ayında xitam verilsə də dəfələrlə rəsmi müraciət etməsinə baxmayaraq ona passport verilmir, ölkədən çıxışı qadağandır. Hüquq müdafiə fəaliyyətinə görə  dəfələlə polis və prokurorluq orqanlarına çağrılarfaq ona fəallığına görə rəsmi xəbərdarlıq edilib.  

Koalisiyanın üzləşdiyi problemlər 

Dövlət Neft Fondunun timsalında hökumət Koalisiyanın daxili işlərinə müdaxilə edir. Koalisiya Şurası 2017- ci il üçün Çoxtərəfli Qrupa yeni üzvlər seçsə də onlara hələ də  fəaliyyət imlanları yaradılmayıb. Bir neçə dəfə rəsmi müraciət olunsa da, MSŞT üzrə fəaliyyət planının tələbinə baxmayaraq MSŞT üzrə Hökümət Komisiyyasının sədri Koalisiya Şurası üzvləri ilə görüşüb müzakirələr aparmayıb. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının 2016-cı il maliyyə yardımı  üzrə 1-ci müsabiqə çərçivəsində  MSŞA  QHT Koalisiyasına institusional və proqram dəstəyinin təmin edilməsi  ilə bağlı 15000 AZN (9000 USD) vəsait ayrılmasına dair qərar qəbul  edilsə də, sonradan həmin müqaviləyə bir tərəfli qaydada QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən xitam verilib. Artıq 1 ildir ki, MSŞA Koalisiyası maliyyə təminatı olmadan  çətinliklə fəaliyyət göstərir.  Bundan əlavə  QHT-lərə  Dövlət Dəstəyi Şurası bu ilki müsabiqə mövzuları siyahısından  MSŞT-yə aid mövzuları cıxarıb.

Əlavə 2

MHŞT İdarə Heyətinin 25-26 oktyabr 2016-cı il Astana toplantısında qəbul edilmiş Vətəndaş Cəmiyyətinə dair islahedici tədbirlər planının icra vəziyyəti haqqında 

HÜQUQİ ARAYIŞ

MHŞT İdarə Heyətinin qərarına görə Hökumət Vətəndaş Cəmiyyətinin (VC) cəlbi (1.3.b-d) ilə bağlı tələblərdə qənaətbəxş proqresin təmin olunması üçün növbəti addımları atmalı idi. Əsasən də, Hökumət VC-nin protokolunun 2.2 bəndinə müvafiq olaraq VC-nin MHŞT prosesinə tam şəkildə cəlb olunması üçün əlverişli hüquqi və praktik fəaliyyət mühitinin olduğunu təmin etməli idi. Xüsusən bu aşağıdakıları aradan qaldırmaqla hüquqi və tənzimləyici dəyişiklikləri ehtiva etməlidir:

1. VC-nin iki ildən bir qeydiyyatını təsdiq edən çıxarışın əldə edilməsi 

Bu tələb "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna edilən dəyişiklikdən sonra meydana gəldi. Belə ki, 17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.3-cü və 9.4-cü maddələr əlavə edilmişdir. Bu əlavələrlə qanuna  təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması qüvvəyə minmədiyi təqdirdə  hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin fəaliyyətinə qadağa və buna görə İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunma  gətirildi.  Qanunla yanaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyası tərəfindən qəbul edilmiş "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları" da mövcuddur və onun VII bölməsində təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması məsələləri tənzimlənir. Həmin qaydalardan göründüyü kimi dəyişiklik həmçinin QHT-nin rəhbər orqanlarının, o cümlədən səlahiyyətli şəxsin seçilməsi hallarına da aiddir. Əksər QHT-in nizamnaməsində isə seçkili orqanların iki ildə bir dəfə yenidən seçilməsi göstərildiyinə görə həmin QHT iki ildə bir dəfə ümumi yığıncaq (konfrans, qurultay) vasitəsi ilə bu orqanları formalaşdırmalı və bu barədə qeydiyyat orqanına (Ədliyyə Nazirliyinə) qaydalara 4 saylı əlavədəki ərizə formasını doldurmaqla və zəruri sənədləri qoşmaqla məlumat təqdim etməlidir. İki ildən bir qeydiyyatı təsdiq edən çıxarışın əldə edilməsi tələbi də məhz qeyd olunan praktiki səbəbə bağlıdır. QHT rəhbər orqanları yenidən formalaşarkən əvvəlki tərkibin dəyişməməsi (yenidən seçilməsi) halında belə, müvafiq məlumatlar təqdim edilməlidir. Çünki yenidən seçilmənin özü nazirlik tərəfindən dəyişiklik hesab olunur. 

Təsadüfi deyildi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü il üçün müsabiqəsində  əvvəlki illərdən fərqli olaraq sənəd qəbulunda dəyişiklik elədi. Həmin vaxtdan etibarən müsabiqədə Ədliyyə Nazirliyindən dövlət reyestrindən yeni çıxarışın da ərizə formasına əlavə edilməsi tələb olundu. (http://www.cssn.gov.az/news.php?id=1704&lang=az)

Həmin dövrdən bu yana nə qanunda, nə də qeyd olunan qaydalarda heç bir dəyişiklik baş verməmişdir. Belə olduğu təqdirdə QHT-lərin iki ildən bir qeydiyyatı təsdiq edən çıxarışı əldə etməsi tələbi aradan qalxmır. Buna əyani misal: QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün 2017-ci il qrant müsabiqəsi elan edir. Həmin elanda QHT üçün tələblərdən biri "Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir” (http://www.cssn.gov.az/news.php?id=2146&lang=az).  Bir sözlə tələb hüquqi və praktiki baxımından öz qüvvəsini saxlayır.

Beləliklə, İdarə heyətinin tələbi icra edilməmiş qalır.

2. VC qrantlarının Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi

Təəssüflə qeyd etmək lazımdır ki, Astana toplantısından ötən müddət ərzində vətəndaş cəmiyyətinin problemlərin həlli istiqamətində həlledici hüquqi və praktiki addımlar atılmayıb. Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” və 24 yanvar 2017-ci il tarixli "Xarici donorlar tərəfindən Azərbaycan Respublikası ərazinsində qrant vermək hüququnun əldə edilməsi” Qaydalarında dəyişikliklər edilməsi barədə Qərarlar qəbul olunub. Lakin ölkə Konstitusiyasına görə Prezident fərmanları  və Nazirlər Kabinetinin qərarları qanunlardan aşağı hüquqi qüvvəyə malik olduğuna, "Qrant haqqında qanunda” məhdudlaşdırıcı hallar aradan qaldırılmadığına görə hüquqi və praktik vəziyyətin dəyişməsindən danışmaq mümkün deyildir. Nazirlər Kabinetinin son qərarları ilə edilən dəyişikliklər təəssüf ki, MHŞT Beynəlxalq İdarə Heyətinin 26 oktyabr 2016-cı il tarixli qərarında qeyd olunan Azərbaycana dair 3 tələbin həlli istiqamətində heç bir dəyişiklik yaratmır. Yenə də qrantların və donorların qeydiyyatı proseduraları saxlanılır.  Belə ki, bəhs edilən Qərar 2013-cü ilin dekabr ayında və 2014-cü ildə müxtəlif vaxtlarda "Qrant haqqında Qanun”a 4 dəfə müdaxilə edilərək gətirilən 18 müxtəlif məhdudlaşdırıcı normanı dəyişmir. Çünki Azərbaycan Konstitusiyasının 147-ci maddəsinə əsasən NK-nin qərarları Qanunlardan və Fərmanlardan (Prezident Fərmanları isə Qanunlardan) aşağı hüquqi qüvvəyə malikdir və qanunların icrasına dair tənzimləmə xarakterlidir. Qərarlar qanunlarda olan məhdudlaşdırıcı normaları dəyişmək və ya başqa formada yüngülləşdirmək gücündə deyil.

Xüsusilə, 2013-cü ilin dekabrından başlayan və QHT-lərin normal fəaliyyət göstərməsini, istənilən mənbədən qrant cəlb etməsini məhdudlaşdıran heç bir norma son qərarla ortadan qalxmır. Belə ki:
1. Qrant qeydiyyatını nəzərdə tutan normalar qüvvədə qalır; (1.7-ci və 4-cü bəndlər)  ,(4-cü maddə) 
2. Qrant qeydiyyatı zamanı qeydiyyata alınmağa dair bildiriş verilməsi şərti qüvvədə qalır; (4-cü bənd) 2, (4-cü Maddə) 3
3. Banklarda qranta dair əməliyyat aparmaq üçün tələb olunan bildirişin təqdim edilməsi qüvvədə qalır; (1.8-ci bənd) 2, (4-cü Maddə)3
4. Qrant içərisində ayrıca sub-qrant nəzərdə tutulubsa, sub-qrantın ayrıca qeydiyyata alınması şərti qüvvədə qalır; (1.2-ci bənd) 2, (4-cü Maddə) 3
5.  Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatların qadağan olmasın və buna görə müəyyən olunan hüquqi məsuliyyət qüvvədə qalır; (1.7-ci bənd) 2 (4-cü maddə) 3
6. Qrant verilməsi və alınmasına dair donorlar, respiyentlər üçün nəzərdə tutulan ağır (15000 manatadək) inzibati cərimə sanksiyaları İnzibati Xətalar Məcəlləsinin 432-ci maddəsində olduğu kimi qalır. 

Əslində 5 iyun 2015-ci il tarixli, 216 saylı Nazirlər Kabinetinin Qərarı  ilə təsdiq edilmiş Qaydaların özü belə qanunda olan məhdudlaşdırıcı normalardan da artıq məhdudlaşdırıcı xarakterdə idi və legitim hüquqi məqsəd daşımırdı. İndi qaydalara edilən dəyişikliklər görə texniki baxımdan tələb olunan sənədlərdə azalma olsa belə, mahiyyətində ciddi problemlər qalır. Məsələn:

a) Qaydaya əlavə edilən 1.10 bənddə göstərilir: "Qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alına bilər”. Son "xidmət müqaviləsi kimi qeydiyyata alına bilər” ifadəsi qeydiyyata alan orqanın mülahizəsinə bağlıdır. Yəni qeydiyyat orqanı müəyyən etsə ki, qrant müqaviləsində "iş görmə” və ya "xidmət” var, o zaman özü onun təyinatını qrant kimi yox, xidmət kimi dəyişəcək və dərhal bu vəsaitdən sadələşdirilmiş vergi və nəzərdə tutulan işlərin görülməsi üçün ƏDV tutulacaq. Beləliklə, qrantın ciddi bir hissəsi məqsədlərə yox, büdcəyə yönələcək. Üstəlik, bütün bunlar qeydiyyat orqanının mülahizəsilə reallaşa biləcək.

b) Digər bir dəyişiklikdə bildirilir: "Qaydaya 6 nömrəli əlavə - "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması barədə bildirişin forması" ləğv edilsin”. Bu bənd elə təqdim edilir ki, guya artıq bildiriş ləğv edilir, halbuki bildiriş deyil, 6 nömrəli forma ləğv edilir. Amma bildirişi təqdimetmə şərti qanunda qalır. Praktikada müraciət edən tərəfə deyiləcək ki, biz bildiriş verməliyik, lakin bildirişin forması Nazirlər Kabinetinin qərarı ilə ləğv olub, yeni forma olmadığı üçün gözləmək məcburiyyətindəsiniz. Bu daha öncə də baş vemişdi. 2014-cü ilin iyul ayında Qrant qeydiyyatı qaydası ləğv edildi və 2015-ci ilin iyun ayınadək yeni qayda olmadı. Ədliyyə Nazirliyi bu müddətdə qaydalar ləğv olunduğundan və yenisi qəbul olunmadığından heç bir qrant müqaviləsini qeydiyyata almadı.

c) Qaydalarda müsbət hal kimi təqdim olunan dəyişikliklərdən biri də guya müddətlərə dair dəyişiklikdir. Halbuki bu dəyişikliklər qrantın icraya başlaması müddətini gecikdirməyə xidmət edir. Qeydiyyat olmadan fəaliyyətə icazə verilmədiyindən, müqavilələr hökmən qeydiyyata alınmalıdır. Uzadılan müddətlər bu baxımdan sonda bildirişin daha gec verilməsinə, beləliklə, icraya gec başlamasına səbəb olacaq. Məsələn, Ədliyyə Nazirliyinə müraciət edildikdən sonra Qaydaların 4.1-ci bəndinə əsasən 15 gün müddətində, əlavə araşdırma lazımdırsa, daha 15 gün uzadılaraq son qərar qəbul edilməlidir. İndiki dəyişikliklə Ədliyyə Nazirliyi Maliyyə Nazirliyinə məqsədəmüvafiqlik üçün sənədləri göndərdiyi gündən etibarən müddət axımı dayanacaq və Maliyyənin cavabı geri gəldikdən sonra bu müddət davam edəcək. Beləliklə, maksimum 30 günlük müddətə Maliyyə Nazirliyində keçən vaxt da əlavə ediləcək və müddət ola bilsin ki, 45 günədək uzansın.

3. Xarici donorların fərdi qrantlarının hökumət qurumlarında qeydiyyatdan keçirilməsi  və qrantın məqsədəuyğunluğuna dair rəyin əldə edilməsi
Qaydalara olan son dəyişikliklərdən sonra da problem mahiyyətcə aradan qaldırılmayıb. Belə ki: 
1. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri olan donorların ölkədə rezident olmaq (Nümayəndəliyini qeydiyyata aldırmaq) şərti və 
ölkədə qeydiyyatdan keçmək üçün hökumətlə Saziş bağlamaq şərti qüvvədə qalır; (1.2-ci bənd) ,  (2.5-ci maddə)  
2.  Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir; (2-ci bənd)6 , (2.5-ci maddə)7
3. Qrant vermək hüququnun əldə edilməsi üçün  Maliyyə Nazirliyinin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. (2-ci bənd) 6, (2.5-ci maddə)7
4. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunması barədə Maliyyə Nazirliyinin rəyi ilə xarici donorun qrant vermək hüququnu əldə etmiş hesab edilməsi qrantın qeydiyyatı hesab edilə bilməz. Qrant vermək hüququnu əldə etmiş xarici donorların bağladığı qrant müqavilələrinin (verdiyi qərarların) qeydiyyatı yalnız "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na əsasən həyata keçirilir. (4-cü bənd) 6, (2.5-ci maddə)7
5. QHT-lər tərəfindən xarici mənbədən alınan vəsaitlərlə xidmət göstərilməsi zamanı xidmət müqavilələrinin qeydiyyatdan keçirilməsinə dair tələb Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanunun  24-2 ci maddəsində (Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi) və bu məsələnin tənzimlənməsinə dair Nazirlər Kabinetinin qəbul etdiyi qaydalarda qüvvədə qalır.  

Ayrıca, QHT-lərin fəaliyyətinin yoxlanmasını nəzərdə tutan və qanunun tələblərindən qat-qat geniş məhdudiyyətlər gətirən Ədliyyə Nazirliyinin  28 dekabr 2015-ci il, 11 saylı Kollegiya qərarı ilə təsdiq edilmiş  "Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi Qaydaları” qüvvədədir. Bu qaydalar inzibati orqana  QHT-lərin fəaliyyətinə geniş müdaxilə imkanı verir.

Bütün bu sadalananlar göstərir ki, bəhs edilən qərarlarda olan düzəlişlər hüquqi və praktik mühiti dəyişmək gücündə deyil. Odur ki, qanunvericilikdəki məhdudiyyətlər aradan qaldırılmadan, QHT-lərin, vətəndaş cəmiyyətinin normal fəaliyyətinə hüquqi və praktik zəmin yaradılmadan problemlər aradan qalxmayacaq. Qrant haqqında”, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunlarda məhdudlaşdırıcı müddəalar aradan qaldırılmayacağı halda huquqi və praktik vəziyyətin dəyişməsindən danışmaq mümkün deyildir.