"Hökumət oyuncaq bir platforma yaradıb" - Zöhrab İsmayıl

07-12-2016 18:30 / Bu xəbər 1304 dəfə oxundu

"Hökumət yalnız özünə yaxın olan qeyri-hökumət təşkilatlarından ibarət, yəni seçilmiş təşkilatlardan ibarət bir oyuncaq Açıq Hökumət Tərəfdaşlığı üzrə "Dialoq Platforması" formalaşdırır”.

Bunu Toplum.Tv-yə Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl yeni Alternativ Açıq Hökumət Forumunun yaradılması haqqında danışarkən deyib.

Z. İsmayıl bildirib ki, bu prosesdə müstəqil QHT-lərin iştirakı təmin olunmasa, ciddi uğurlar əldə olunmayacaq: "Bildiyiniz kimi bu yaxınlarda 30-a qədər QHT Açıq Hökumət Tərəfdaşlığı sahəsində fəaliyyət göstərmək üçün öz təşəbbüslərini ifadə etmişdilər. Eyni zamanda hökumətə də müraciət etmişdilər ki, bu platformanı yaratsınlar və bu təşkilatlarıda ora cəlb etsinlər. Ancaq təəssüf ki, sentyabr ayında hökumət açıq hökumət tərəfdaşlığı üzrə dialoq platforması yaratdı. Ancaq bura yalnız bir neçə müstəqil QHT dəvət elədi. Ümumən prosesi qeyri-şəffaf həyata keçirdi və bu dialoq platforması özündə hansı əsaslarla yaradılıb, necə idarə olunacaq, hansı işlərlə məşğul olacaq, eyni zamanda burada meyarlar nədən ibarətdir, hansı dövrdə toplantılar keçiriləcək, fəaliyyət planına hansı töhvə verəcək, fəaliyyət planını necə monitorinq edəcək və s. bunların heç biri aydın olmadı. Belə göründü ki, hökumət yalnız özünə yaxın olan QHT-ləri, yəni seçilmiş təşkilatlardan ibarət bir oyuncaq açıq hökumət tərəfdaşlığı platforması formalaşdırır. Yəni bu açığı çox təəssüf doğurur. Çünki bilirsiniz ki, 4 may 2016-cı ildə açıq hökumət tərəfdaşlığında Azərbaycanın statusu qeyri-aktiv edilib. Bunun da səbəblərindən biri o idi ki, vətəndaş cəmiyyəti iştirakçılığı yetərincə deyildi. Eyni zamanda milli-fəaliyyət planının özü təkmil deyildi. Burda ictimai iştirakçılıq çox aşağı idi. Amma indi belə görünür ki, hökumət bundan heç bir nəticə çıxartmadı. Buna görə də müstəqil QHT-lər düşünürlər ki, bu istiqamətdə öz fəaliyyətlərini davam etdirmək üçün açıq hökumət tərəfdaşlığı üzrə QHT forumu yaratsınlar. Bu forum çox güman ki, bu ilin 2016-cı ilin dekabr ayında yaradılacaq. Onun ilkin sənədləri yəni təsis üçün memarandumu, eyni zamanda əsasnaməsi, prinsipləri bunların hamısının layihəsi hazırlanıbdı. Hazırda bu təşəbbüsə qoşulmaq istəyən təşkilatlar arasında müzakirələr aparılır. Bu forum dekabr ayında yaradılacaq. Biz də Azad İqtisadiyyata Yardım İctimai Birliyi olaraq bu prosesdə iştirak edirik. Düşünürəm ki, başqa müstəqil QHT-lərdə bu prosesdə iştirak eləməlidir. Forum yetərincə böyük bir forum olacaq. Burada 30-a yaxın təşkilatın iştirak etməsi gözlənilir. Eyni zamanda müxtəlif istiqamətlər üzrə maraqlı olan, peşəkar olan digər təşkilatların da gələcəkdə foruma qoşulması mümkündür". 

Yaradılmış platformada təmsil olunan "Qadınlar Arasında Həmrəylik" İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova isə Toplum.Tv-yə açıqlamasında məsələni belə şərh edib: "Bu elə məsələdir ki, müzakirə edib, ortaq bir məxrəc tapmaq olar. Təsis olunanda da deyildi ki, bura qəbul açıqdır. İstənilən QHT nümayəndəsi müraciət edə bilər. Yəqin ki, müəyyən kriteriyalar olacaq, amma açıqdır. Yəni QHT nümayəndələri, QHT sədrləri, QHT-lər müraciət edib oraya üzv ola bilərlər. O ki qaldı yeni elan edilən Açıq Hökumət Forumunun yaradılmasına, mən nə deyə bilərəm ki. Yaradırlar yaratsınlar. Əlbəttə, hamı bir yerdə olsa, yaxşıdır. Çünki problemləri hamı bir yerdə çözməyə başlasa, daha effektli ola bilər. Amma eyni zamanda da kimsə yaradırsa, ona deyə bilmərik ki, yaratma. Mən arzu edərdim ki, hamımız bütün QHT və vətəndaş cəmiyyəti hamısı bir yerdə olsun. Problemləri birgə çözək, birgə uğurlara imza ataq. Mənim bildiyimə görə, ora kifayət qədər tanınmış QHT nümayəndələri, vətəndaş cəmiyyətinin tanınmış nümayəndələri dəvət olunub. İndi əgər onların nəsə problemi varsa, soruşun, desinlər”.  
Картинки по запросу Ruhəngiz Hüseynova
Qeyd edək ki, bu ilin sentyabrında Azərbaycanda hökumət vətəndaş cəmiyyəti ilə münasibətləri tənzimləmək üçün Açıq Hökumət Tərəfdaşlığı üzrə "Dialoq Platforması" yaradıb. Burada 10-dək dövlət qurumu ilə yanaşı, vətəndaş cəmiyyəti fəalları da təmsil olunmuşdu.

Dekabrın 6-da isə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu həmin quruma alternativ təşkilatın - vətəndaş cəmiyyətinin müstəqil nümayəndələrindən ibarət Açıq Hökumət Forumunun ilin sonuna kimi yaradılacağını bəyan edib. 

Onun sözlərinə görə, hazırda mövcud olan Açıq Hökumət Tərəfdaşlığı üzrə Dialoq Platformasını "açıq” adlandırmaq olmaz, burda "vətəndaş cəmiyyətinin real nümayəndələri təmsil olunmayıblar”. Qubad İbadoğlu deyir ki, sentyabrda yaradılan platformada "bu məsələ ilə məşğul olan bir çox QHT kənarda qalıb”.

Onun fikrincə, indi belə təəssürat yaranır ki, hökumət özü-özü ilə dialoq aparmaq istəyir: "Biz - müstəqil QHT nümayəndələri, gözləmə mövqeyi tutduq və hökumətə vaxt verdik ki, vəziyyəti düzgün qiymətləndirərək düzgün qərarlar qəbul etsin. Təəssüf ki, bu, olmadı”.

Bir qədər əvvəl vətəndaş cəmiyyəti fəallarının, hüquqşünas və jurnalistlərin birləşdiyi Sivil Toplum Platforması da "Dialoq Platforması”nı "hökumətyönlü” adlandırmışdı.

Vüsal Əfəndi