"Hökumət təşviqin nə mahiyyətini, nə də normal tətbiqini bilir" - Natiq Cəfərli

14-07-2017 18:24 / Bu xəbər 2910 dəfə oxundu

"Azərbaycan hökuməti müxtəlif sahələr üzrə proqramlar çap (məhz çapla məşğuldur) edir, amma həmin sahələr inkişaf etmir. Çünki hökumət hər sahədə dövlətin əsas oyunçu olmasını, hər şeyin dövlət nəzarətində qalmasını istəyir, təşviqin nə mahiyyətini, nə də normal tədbiqini bilir". 

Arqument.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli "Facebook" səhifəsində yazıb.

O bildirib ki, rəsmi rəqəmlərlə bunu sübut etmək çox asandır: "Bu ilin ilk 6 ayı ərzində Azərbaycan dünyanın 17 ölkəsinə cəmi 11 mln. dollarlıq mineral su, şərab, şirə, digər spirtli və spirtsiz içkilər ixrac edib.  Dövlətin iqtisadiyyatda birbaşa iştirakı minimum olan, ədalətli və rəqabətli iqtisadi model quran, dövlət təşviqini ağılla həyata keçirən Gürcüstanın rəsmi rəqəmlədinə baxaq və paxıllıq edək:

- Dünyanın 44 ölkəsinə 32 mln. 0,75 litrlik şüşələrdə şərab – dəyəri 71 mln. dollar, keçən ilin ilk 6 ayı ilə müqayisədə artım 15% təşkil edib.
- Dünyanın 17 ölkəsinə 6,8 mln. 0,50 litrlik qablarda brendi – 16 mln. dollar, keçən ilin eyni dövrü ilə müqayisədə 88% artım.
- Dünyanın 24 ölkəsinə 16,7 mln. ədəd şüşə cecə arağı, konyak – dəyəri 35 mln. dollar, keçən ilin ilk 6 ayı ilə müqayisədə 52% artım.
- Mineral sularun ixracı ilk 5 ayda, keçən ilin ilk 5 ayına nisbətən 19% artaraq 48,5 mln. ton olub, dəyəri – 29 mln. dollar, aya 5,8 mln. dollar düşdüyünü nəzərə alsaq, yuxarıdakı spirtli içkilərdə hesablamalar ilk 6 ay olduğuna görə, mineral sularda da ilk 6 ay ixracat dəyəri 34-35 mln. dollar olduğu üzə çıxır".

"Gürcüstanın spirtli və spirtsiz içkilərin (meyvə şirələri və limonatdan başqa, o haqda dəqiq rəqəmlər tapa bilmədim, amma tək bir mənbədə ilk 6 ayda 14 mln. dollarlıq ixrac edildiyi qeyd edilirdi, bunu da belə qəbul edək) ixracatı bu ilin ilk 6 ayında 171 mln. dollar təşkil edib. Bizdə bu sahələrdə ixracat cəmi 11 mln. dollardır, yəni, "bir əyalətimiz boyda” olan Gürcüstan eyni məsələdə bizi 160 mln. dollar qabaqlayır. Gürcüstanda nə şərabçılığa, nə mineral sulara dövlət dəstəyi proqramı var, nə prezidentləri şərabçılığa qayğı göstərir, nə fermerləri TV-lərdə hökumətə tərif yağdırır – tam biznes təfəkkürü, rəqabət şəraitində orqanik inkişaf gedir, bizneslə, mülkiyyətlə bağlı bütün problemli məsələləri hakimi-mütləqlər deyil də, azad məhkəmələrdə ədalətli hakimlər həll edir. Bu ilin ilk 6 ayı ərzində Gürcüstan Azərbaycana 250 min dollarlıq mineral su, 87412 şüşə şərab ixrac edib, bizə şərab ixracı keçən ilin 6 ayına nisbətən 200% artıb", - Natiq Cəfərli yazıb. 

Arqument.az